Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7718/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1467/2021 saylı 18.05.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikahın etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 100000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 28 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub. Bir ay keçməmiş cavabdeh valideyinlərinin təkidi ilə evləndiyini və nikahı pozdurmaq istədiyini bildirmişdir. Bundan sonra məhkəməyə nikahın pozulması ilə bağlı iddia ərizəsi təqdim etdi. Məhkəmənin qətnaməsi ilə nikah pozuldu, lakin onlar həmin qətnamədən apellyasiya şikayəti təqdim etmişlər və hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və vəsatətləri əsasında işin icraatı dayandırılıb. İddiaçı hesab edir ki,onunla cavabdeh arasında bağlanan nikah etibarsız hesab edilməlidir və cavabdeh iddiaçının şərəfinə vurduğu ağır ləkəni kompensasiya etməlidir. Cavabdeh açıq aşkar bildirib ki, onun iddiaçı ilə ailə qurmaq fikri, istəyi olmayıb, o, buna anası və bacısının təkidi ilə razılaşıb. İddiaçının isə bunlardan xəbəri olmayıb. Qeyd olunanları nəzərə alaraq iddianın təimn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Nizami rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikah pozulmuşdur Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən bir ay sonra onların iştirakı ilə bağlanır. Göründüü kimi, tərəflər arasında nikahın bağlanması zamanı nikahın bağlanmasına mane olan halların olması müəyyən olunmamışdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən könüllü razılığın olmaması dedikdə, məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanmış nikah etibarsız hesab edilə bilər. Qeyd olunan maddi hüquq normaları ilə nikahın etibarsızlığına səbəb ola bilən hallar konkret göstərilmişdir.Nikahın etibarsızlığına səbəb ola bilən başqa hallar nə Azərbaycan Respublikası Ailə Məcəlləsi,nə də digər qanunlarla müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb üzrə nikahın etibarsız hesab olunması üçün əsaslar mövcud olmadığından, İddiaçı iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə vurulmuş mənəvi zərərə görə cavabdehdən 100000 manat pulun tutulması tələbi nikahın etibarsız hesab edilməsi ilə əlaqələndirildiyindən və ilkin tələb təmin olunmadığından mənəvi zərərin tutulması hissəsində də tələbi təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7718/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7718/2021
07.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver