Məhkəmə qərarları › İş №2(007)-1515/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1515/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1515/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçıCavabdeh qarşı (Açar sözlər: “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 sentyabr 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurarkən ünvan 2 ünvanına gəlin getmişdir. Gəlin gedərkən apardığı cehiz əşyalarını da həmin ünvana aparmışdır. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı 2 uşaqları doğulmuşdur. Uşaqları da yuxarıda adı göstərilən ünvanda doğulmuş və həmin ünvanda qeydiyyatdadırlar. O, özü isə həmin ünvanda yaşasa da əvvəllər cavabdehə məxsus başqa ünvanda qeydiyyatda idi. Təxminən bir il olar ki, ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Cavabdehlə münasibətləri korlandığı üçün 2024-cü ilin axırlarında şiddət göstərərək onuevdən çıxarmışdır. Uşaqları ilə hazırda kirayədə yaşayır. Nikahın pozulmasına dair iddia isə Nizami Rayon Məhkəməsində baxılıb və xx.xx.2025-ci tarixli qətnamə ilə pozulmuşdur.

Cavabdehin etirazı:

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iş üzrə İddiaçı Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbiilə iddia qaldırmışdır.İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, “mənim hazırda mülkiyyətimdə olan və Bakı şəhəri ünvan 3 ünvanında yerləşən mənzilə gəlin gəlmiş və bir müddət sonra oraya qeydiyyata düşmüşdür.Aramızda olan nikah münasibətləri pozulmuş və guya onu mənzildən çıxarmışıq.Bu əsasla da mübahisəli mənzilə uşaqları ilə birlikdə mənzilə köçürülməli,istifadə qaydaları müəyyən edilməlidir.”İddia ərizəsini qəbul etmir və əsassız olduğundan rədd olunmasını istəyir. İddia ərizəsində göstərilənlər işin faktiki hallarını əks etdirmir, sübutların təhrifinə yol verilmişdir.İddia ərizəsinin məzmunu ilə razılaşmır və Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsini rəhbər tutaraq ona dair öz etirazlarını bildirir.İlk növbədə bildirməlidir ki, iddia üzrə iddiaçı ilə xx.xx.2016-cı ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Bu barədə 5 Saylı Bakı “ASAN Xidmət” X8 19 sentyabr 2016-cı il tarixli, 5017 №-li akt qeydi ilə nikah bağlanmış və nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Onunla birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 anadan olmuşlar.Toyları 2016-cı ildə olmuşdur və həmin vaxt İddiaçı köçüb yaşadığı mənzil atası Bəxtiyar Babayevin adına idi. Belə olan halda tərəflər arasında mənzildən istifadəyə dair notarial təsdiqli müqavilənin olması vacib hesab olunmalıdır.Münasibətlər baş tutan dövrdə qüvvədə olan Mülki Qanunvericiliyin tələblərinə əsasən isə cavabdehlə heç bir razılaşma və müqavilə olmamışdır.Atası həmin mənzili bağışlanma müqaviləsi ilə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi Notariat Ofisində 01 may 2024-ci il tarixdə ona bağışlamışdır. Həmin vaxt isə artıq cavabdeh mənzili könüllü tərk edib getmişdi.Yaşadıqları ilk illərdə anlayışla keçinə bilsələr də, sonradan münasibətləripozulmuş və boşanmışlar.Bildirməlidir ki, iddiaçı 2024-cü ilin fevralında özü mənzili tərk etmiş və uşaqları götürüb Bərdə rayonuna valideynlərinin yanına köçmüşdür.Boşanma barədə də iddianı ilk o, vermişdir.Nizami Rayon Məhkəməsində işə baxılan dövrdə kiminsə öyrətməsi ilə işi geri götürmüşdür.Onun bu hərəkətlərindən və ayrılaraq getməsindən incik düşdüyündən sonradan nikahın pozulması haqqında iddianı o, vermişdir. xx.xx.2025-ci ildə məhkəmə qətnaməsilə nikahları pozulmuşdur.Bundan başqa onu qeydiyyata saldırmışdılar.Hazırda qeydiyyatdan da çıxmaq istəmir.Bildirməlidir ki, iddiaçı-cavabdeh İddiaçı sözü gedən mənzilə heç bir hüquqları yoxdur və oraya köçürülə bilməz.Həmin şəxs onlarla ailə münasibətlərinə son vermişdir və nikahları pozulduğundan artıq hər hansı hüquqi bağlılıqdan söhbət gedə bilməz.Qanunvericiliyin mənasına görə yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir.Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir.Başqa hallarda isə Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır.Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır.Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.Mövcud işdə iddiaçı tərəf qəti dürüst mövqedə deyildir və özünün könüllü olaraq tərk etdiyi mənzilə qayıtmaq istəyir.Məqsədi onların yaşamını pozmaq, dözülməz şərait yaratmaqdır.İddiaçı boşanmaq kimi münasibətlərə son vermək barədə mövqeyini ilk irəli sürdüyü halı digər üçüncü şəxsin təsiri ilə hadisələri təhrif etməkdədir.Hazırki işdə isə qarşı tərəf vicdansız davranmaqla olmayan dəlillər gətirir.Mövcud mübahisəli işdə də iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur.İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və məhkəməyə iddia verilməklə cavabdehin və digər üçüncü şəxslərin mənafeyi və mövqeyi nəzərə alınmayaraq məhkəməni aldatmağa cəhd olunmuşdur.Sözü gedən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil və ünvan 54.8 kv.metr, yaşayış sahəsi 62.4 kv.metr, yardımçı sahəsi 62.4 kv.metr olan 2 otaqlı fərdi yaşayış eviBabayev X2 Rahilə Surxay qızı ilə birgə nikah dövründə əldə olunmuş əmlaklardır və hər iki valideynin danışıb razılaşması əsasında bağışlama maqaviləsi ilə onun adına keçirilmişdir.Beləliklə də valideyinləri öz əmlaklarının sonrakı taleyini indidən həll edərək əmlakı ona vermişlər.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, mənzil 2003-cü ildə qayınatasının adına olub. 2016-cı ildə həmin mənzilə gəlin köçüb. Ev qayınatasının adına olanda cavabdehdən boşanmışdır. Mənzili qayınatası 2024-cü ildə oğluna bağışlayıb. Faktiki 1 il olar ki, həmin mənzildə yaşamır.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmişCavabdehiddia tələbini qəbul etməmiş, yazılı etirazda ətraflı fikir bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı mənzilə qeydiyyata düşəndən 3 ay yaşayıb. 1 il 3 aqydır ki, mənzildə yaşamır. Ev ərinin adına idi oğlu nikaha daxil olanda, indi isə əri mənzili oğluna bağışlayıb.

İş materialları:

7. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 28 yanvar 2025-ci il tarixli, MŞB/8/2025-00102 nömrəli arayışdan görünür ki, hər iki tərəf 28 yanvar 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.

8. AZ-İİ seriyalı 151938 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında 19 sentyabr 2016-cı il il tarixdə 5 saylı Bakı “ASAN xidmət” X3 nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5017 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Babayeva” soyadını qəbul etmişdir.

9. AZ-İV seriyalı 087920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 dekabr 2017-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

10. AZ-İV seriyalı 454207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 mart 2020-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

11. AA seriyalı, 350818 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayon köçkünüdür.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X5 və X6 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzilində qeydiyyatdadırlar.

13. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30-05301-093039 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

14. 01 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzilini Cavabdeh bağışlamışdır.

15. AZ-İ seriyalı, 520752 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 23 aprel 2025-ci ildə, 121 nömrəli akt qeydi ilə xitam verilmişdir.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 19 fevral 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeyd olunmuşdur.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 19 sentyabr 2016cı il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı 23 aprel 2025-ci ildə pozulmuşdur. İddiaçı və övladları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzilində rəsmi qeydiyyatdadırlar. İddiaçı 1 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Tərəflər nikaha daxil olan zaman mənzil cavabdehin atası X1 mülkiyyətində olmuşdur. Daha sonra bağışlanma müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçı onun və uşaqlarının ünvan 2 ünvanına köçürülməsini və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinin tələbinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarı:

Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadı:

Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

25. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:

Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

27. Avropa Konvensiyasının 1 saylı protokolunun:

1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır.

29. Göründüyü kimi İddiaçı ilə Cavabdeh 19 sentyabr 2016-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzilinə gəlin köçmüşdür. Həmin vaxt mənzil iddiaçının qayınatası X1 mülkiyyətində olmuşdur. Daha sonra 01 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil xx.xx.2024-cü il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Tərəflərin nikahı 23 aprel 2025-ci ildə pozulmuşdur. Həmçinin məhkəmə iclasında tərəflər etiraf etmişlər ki, İddiaçı 1 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Göründüyü kimi mənzil cavabdehin mülkiyyətinə keçəndən sonra da iddiaçı həmin mənzildə yaşamamışdır.

30. İddiaçı xx.xx.2024-cü il tarixədək mənzilin əvvəlki mülkiyyətçisinin (qayınatanın) notarial qaydada təsdiq olunmuş razılığı olmadığından istifadə hüququ yaranmış olmur.

31. Mənzil cavabdehin mülkiyyətinə keçəndən sonra iddiaçı həmin mənzildə yaşamamışdır. Hazırda tərəflərin nikahı pozulub. Mənzil Məcəllısinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

32. Odur ki, iddia tələbi əsassız olduğundan iddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518 məhəllə, 37 B saylı evin, 50A saylı mənzilinə köçürülə bilməz. Həmçinin iddiaçının mənzilə istifadə hüququ olmadığından mənzildən istifadə qaydaları da müəyyən edilə bilməz.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

35. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərclərinə aid olan 100 manat dövlət rüsumunun ödənilməmiş 40 manatı dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumunun ödənilməmiş 40 manatı dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlikedən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar