Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1527/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən 2019-cu ilin avqust ayının 16-dək ünvan 1 ünvanda (Kainatla üzbəüz) mağaza kirayə götürmüş və tikinti materialların satışı ilə məşğul olmuşdur. Mağaza işləməyə başlayandan 3 ay sonra qardaşı -Cavabdeh onunla şərik işləməyə başlamışdır. Uzun müddət bir yerdə işləyəndən sonra Cavabdeh onu həmin mağazadan uzaqlaşdırmaq və tək işləmək istəyinə düşmüş və demək olar ki, niyyətinə çata bilmişdir. Belə ki, Cavabdeh dediyinə görə guya mağazada pul çatışmamazlığı var və o, hesabat dəftərinin diqqətlə yoxlanılmasını Cavabdeh tövsiyyə etdi. Qohumlarının etirazına baxmayaraq Cavabdeh hesabat dəftərini “AUDİT” tərəfindən yoxlanılmasını tələb etdi. “AUDİT” yoxlamasından sonra hər şeyin qaydasında olduğunu gördükdə Cavabdeh ona “mən audit zad tanımıram, mən belə istəyirəm, get şikayət et” deyərək, öz məkirli niyyətini həyata keçrmək istəyini davam etdirir. 2019-cu il avqust ayında mağazanın açarını dəyişib və ona “mağazaya yaxınlaşsan səni öldürərəm” deyir. Həmin vaxt mağazada 10000 (on min) manat nağd, nisyə dəftərində isə 16000 (on alti min) manat pul var idi. O hal-hazırda işsiz qalmışdır. İşlədiyi vaxtda hər ay o 2000-3000 manat qazancı olurdu. Həmin qazancdan da məhrum olunmuşdur. Belə olan halda onunla işləmək mümkün deyildir. Ona görə də o şərik işlədiyi üçün hal-hazırda mağazada olan tikinti materillarının məbləğinin 50 faizini, işsiz qaldığı üçün hər ay 2000 manat və ona vurulmuş mənəvi ziyan üçün 20000 manat Cavabdeh tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Möhtəbər - subutları məhkəmə baxışında təqdim edəcəkdir. Dəfələrlə Cavabdeh həmin məbləğin verilməsi ilə əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh şərik işlədiyi üçün hal-hazırda ünvan 1 ünvanda (Kainatla üzbəüz) mağazada olan tikinti materilların məbləğinin 50 faizinin, işsiz qaldığı üçün hər ay 2000 (iki min) manat, ona vurulmuş mənəvi ziyan üçün 20000 (iyirmi min) manat və 30 manat ödənilmiş dövlət rusumun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 2000-ci ildə Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş və 6 ay işsiz qaldıqdan sonra (Kainatla üzbəüz) icarəyə mağaza taparaq qardaşı Azərə zəng vurub mağaza tapdığını bildirmiş və onu Bakıya birlikdə işləməyə çağırmışdır. Azər də öz növbəsində imtina etməyib Bakıya gəlmişdir. Onlar əvvəl 3 nəfər şərik olublar o, qardaşı Azər və Almaz adlı şəxsdir. Azərlə o, hər birinə təxmini 4000 ABŞ dolları, Almaz isə 1500-2000 ABŞ dolları maya qoymuşlar və tikinti materialları mağazası işlətməyə başlamışlar. Bir müddət sonra Almaz ona düşən payı götürüb ayrılmış qardaşı ilə o, şərik qalmışlar. Onlar qardaş olduqları üçün heç vaxt yoxlama aparmamışlar sadəcə kassadan kim nə qədər pul götürürürdü dəftərə yazıblar. Bir müddət sonra Azər planlı surətdə onu mağazadan uzaqlaşdırmaq üçün onu şərləyərək kassada pul əskik gəlir demişdir. Daha sonra qohumların yanında guya ev almış, mağazanın açarı oğlu Kənanda da olduğundan onun külli miqdarda borcu olması kimi bir şayə yaymış və bu səbəblərə görə kassada çatışmamazlıq olduğunu bildirmişdir. Halbuki qeyd olunanlar iftiradı qardaş bacıları da məsələdən xəbər tutanda aydınlaşdırdılar ki, Azərin dedikləri hamısı yalandır. Pul çatışmamazlığına aydınlıq gətirmək üçün audit yoxlaması keçirilməsini təklif etdi və dəftərdə olmayan xərcləri müəyyənləşdirdi. Lakin, Azər həmin hesablama ilə razılaşmamış və mağazanın açarını dəyişdirərək onu oradan uzaqlaşdırmışdır. Mağazanın icarə müqaviləsi bir neçə şəxslə onula, oğlu ilə, bacısı ilə bağlanmışdır. Sonuncu müqavilə Azərlə bağlanıb. 2019-cu ilə qədər mağazada işləyən dövrdə kassada 10000 manat, nisyədə 16000 manat, özünün mağazadan götürdüyü mal üçün 4000 manat borcu vardı. Onlar ayda 2000-3000 manat hər birinə qazanc əldə edirdilər. O ətrafda bütün mağazalar belə qaydada yəni dəftərdə qeyd aparılmaqla işləyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını, mağazada olan tikinti materiallarının 50 faizinin, işsiz qaldığı üçün hər ay 2000 (iki min) manat, ona vurulmuş mənəvi ziyan üçün 20000 (iyirmi min) manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının və nümayəndənin dedikləri yalandır. Qardaşı ilə birlikdə qərara gəldilər ki, birlikdə işləsinlər. Qardaşı gəlib Bakıda mağaza tapdıqdan sonra o, da Bakıya gəlib və mağaza ilə bağlı bütün sənədləşdirmələr onun adına rəsmiləşdirildi. O, 10.000 manat, qardaşı Rövşən isə təxmini 3.000-4.000 manat, Almaz isə 1.500-2.000 manat pul qoydu. Bundan sonra Rövşən həyat yoldaşı ilə onlara gəldi, onun işə çox pul qoymağının qardaşı Azərə görə yox, Almaza görə olduğunu dedilər. Almaz daha sonra onların yanından ayrıldı. Almaz onlarla birlikdə işlədiyi müddətdə hesablaşma aparsa da Almaz getdikdən sonra ikisi – qardaşı ilə o, qaldığına görə hesablaşma aparmağa ehtiyac duymadı. O rayonda olarkən Rövşənin oğlu Kənanın 200.000 manat borcu olduğunu öyrəndi. Rövşənin oğlu Kənanın borcu barədə xəbər tutduqdan sonra ondan şübhələndi. Araşdırma apardı, kassada pulların düz gəlmədiyini gördü. Rövşəndən bunun səbəbini soruşduqda isə ona səhv etdiyini dedi. Rövşən 2 həftə ərzində hesabın düz gəldiyini sübut etməyə çalışsa da, buna nail ola bilmədi. Bu səbəbdən qeyri-rəsmi olaraq audit yoxlaması keçirdi. Rövşən mağazaya 1 il yarım olar ki, gəlmirdi. O, bu keçən müddət ərzində firmaların borclarını ödəmiş və mağazanı işlədərək mağazaya xeyli gəlir gətirmişdir. Halhazırda o mağazanı tək işlədir. İndiki dövrdə mağazada nə qədər mal var bilmir. Mağazanın açarı Kənanda da olduğuna görə mağazanın açarını dəyişmişdir Rövşən mağazadan ayrılarkən yəni, 2019-cu il tarixdə mağazada 40.000 manatlıq tikinti materialları var idi. Həmin vaxt mağazanın firmalara 37.000 manat borcu və mağazanın təxmini 3.000 manata yaxın gəliri var idi. 2019-cu ilin yanvar ayından avqust ayına qədər Rövşən və o - hər biri mağazadan 7.400 manat, ümumilikdə 14.800 manat gəlir əldə etmişdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, həm iddiaçı, həm cavabdeh onun qardaşlarıdır. Yalnız doğrunu söyləyəcəyinə and içir. Mağazanı Rövşən açmışdır. Sonra qardaşı Cavabdeh şərik olmalarını təklif edib. Mağazanı necə işlədiblər xəbəri yoxdu. Qardaşları birlikdə mağaza işlədəndə o, Rusiyada yaşayardı. Onların mübahisələri barədə məlumatı olmamışdır. Bakıya gələndə qardaşları arasında yaranmış mübahisənin nə olduğunu müzakirət ediblər. Mübahisənin heç bir mənası yoxdur. Onların gəlirlərini hesablanıbdır. İşlədikləri 4 il 7 ay ərzində 145.000 manat pul qazanmışlar. Bütün xərcləri çıxandan sonra məlum oldu ki, hərəsi hər ay təxmini 2000-2500 manat pul qazanıblar. Mən Rövşənin haqlı olduğunu düşünürəm. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbində qeyd etdiyi halları, yəni ünvan 1 ünvanda (Kainatla üzbəüz) mağazada olan tikinti materilların məbləğinin 50 faizinin orada qaldığını, hansı məbləğdə gəlir əldə etdiyini sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Belə ki, sübut kimi təqdim olunmuş əl yazmalardan tərəflərin hər birinin nə qədər pul qoymaları, mağazada olan malın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün olmadığından həmin əl yazmaların heç bir hüquqi əsası yoxdur və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi bu dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, maddi və mənəvi zərərin tələb olunması hissəsində də iddia əsassızdır. Belə ki, iddiaçı ona maddi və mənəvi zərərin dəyməsini təsdiq edən hər-hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh maddi ziyana görə 2000 manat və mənəvi ziyana görə 20000 manatın tutulması ilə bağlı hissələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1527/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1527/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver