Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1622/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı əmək haqqı tələbinə dair ir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 “STAR СР" MMC-də xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər "beton-boru istehsalı üzrə” fəhlə, İddiaçı1 isə oktyabr 2013-cü ildən dekabr 2021-ci ilə qədər “beton-boru istehsalı üzrə” operator peşəsində işləmişlər. 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayına qədər olan 8 ay müddətində iş vaxtı işlədikləri halda əmək haqqı 50% məbləğində ödənilib. İddiaçı1 ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinə görə hər ay 800 manat əmək haqqı öədnilməli idi. Dekabr 2020-ci ildən iyul 2021-ci ilə qədər "xxxx" MMC ona hər ay 400 (dörd yüz) manat əmək haqqı ödəyib. Beləliklə dekabr 2020-ci ildən iyul 2021-ci ilə qədər 8 ay ərzində "xxxx" MMC ona 4000 manat az əmək haqqı ödəyib. İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə əasən 500 manat ödənilməli olduğu halda isə 250 manat əməək haqqı ödənilmişdir. 2020ci ilin dekabr ayından 2021-ci ilə qədər olan 8 ay müddətində onlar işdə olmaqla 8 saat işləmişlər. Cavabdeh isə bildirir ki, müəssisədə boşdayanma olub və buna görə də əmək haqqını 50% ödəməlidir. Məsələ ilə əlaqədar onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Sumqayıt Regional İdarəsinə müraciət etmişlər.Müraciətləri əsasında "xxxx" MMC-nin direktoru barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə uyğun oalraq Protokol tərtib edilib. Hesab edirlər ki, yuxarıda qeyd edilən müddətdə onların əmək haqqı 100% həcmində ödənilməlidir. Həmin müddət boşdayanma halı müəssisədə baş verməyib.Qeyd olunanlara əsasən Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə İddiaçı1 xeyrinə 4000 manat, İddiaçı2 xeyrinə isə 2000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, "xxxx" MMC-nin rəhbərliyi Cəmiyyətdə operator peşəsində işləmiş İddiaçı1 və fəhlə işləmiş İddiaçı2 əmək haqqı tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri, Nizami rayon Məhkəməsində 2(007)- 1622/2022 saylı 19 aprel 2022-ci il tarixdə başlanılmış inzibati işlə əlaqədar müvafiq araşdırmalar aparmışdır.Müəssisənin keçmiş direktoru Orxan Əliyevin fəaliyyəti dövründə zavodun avadanlıqları sıradan çıxdığı üçün "xxxx" MMC-də 01 dekabr 2020-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək istehsal prosesi tam dayanıb və o, xx.xx.2021-ci il tarixdə vəzifəsindən təsisçinin qərarı ilə azad olunub. Buna görə də işçilərə əmək haqqı 50% miqdarında ödənilib və işçilərin iş saatı saat 09-00-dan saat 13-00-dək müəyyən olunub. “Star СР" MMC-yə yeni təyin olunan direktorun təşəbbüsü ilə "xxxx" MMC ilə "xxxx" MMC arasında 26 iyul 2021-ci il tarixdə bağlanılan 01/ST/2021 nömrəli icarə müqaviləsinə əsasən beton boru-daş zavodu və beton istehsalı qovşağının işçiləri "xxxx" MMC-yə işə qəbul olunublar. Həmçinin işçilərə hesablanan son haqq-hesablar və kompensasiyalar onların əmək haqqı kartlarına köçürülüb. İddiaçı1 2021-ci ilin avqust ayının 02-dən avqust ayının 31-dək 29 təqvim günü müddətində əmək məzuniyyətində olub. İddiaçı1 və İddiaçı2 işlədikləri müddətdə çoxlu sayda icazə alıblar və çoxlu sayda üzürsüz səbəbdən iş buraxıblar, lakin buna baxmayaraq onların əmək haqları müəssisə tərəfindən ödənilib."xxxx" MMC-nin rəhbərliyi onların iddia ərizələrində qeyd etdiyi məbləğin qanunauyğun olmadığını əsas gətirərək, boş dayanmağa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı və 169-cu maddələrini rəhbər tutaraq, əmək haqlarının qalan 16%- nin onlara ödənilməsini nəzərdən keçirəcəkdir.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia təmin olunmasın. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri ndinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı1 "xxxx" MMC-nin direktoru Məhərrəm Babayevə ünvanladığı 01 sentyabr 2021ci il tarixli ərizəsinin surətindən görünür ki,o,operator peşəsindən azad olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Məhərrəm Babayev tərəfindən imzalanmış 01 sentyabr 2021-ci il tarixli 100/K saylı əmrdən görünür ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 maddəsinin “a”bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı2 "xxxx" MMC-nin direktoru Məhərrəm Babayevə ünvanladığı 10 avqust 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki,o,fəhlə peşəsindən azad olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Məhərrəm Babayev tərəfindən imzalanmış 10 avqust 2021ci il tarixli 90/K saylı əmrdən görünür ki, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 maddəsinin “a”bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. "xxxx" MMC-nin direktoru Məhərrəm Babayev ilə "xxxx"MMC-nin arasında bağlanmış 26 iyul 2021-cim il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, “İcarəyəverən”- "xxxx" MMC müəssisənin ünvan 1 ünvanında yerləşən beton istehsalı qovşağını,1 ədəd yer daşı(tamet) və beton boru sexi tutan ərazini(bundan sonra icarə obyekti)“İcarədar”ın- "xxxx"MMC-nin istifadəsinə vermişdir. Həmin müqaviləyə əlavə 1 protokolundan görünür ki,aylıq icarə haqqı 25000 manat müəyyən olunmuşdur. "xxxx" MMC-nin təsisçisi A.Əlizadənin imzaladığı xx.xx.2020-ci il tarixli 04 saylı qərarı ilə 01 dekabr 2020-ci il tarixdən boşdayanma elan olmunmuşdur. "xxxx" MMC-nin istehsalat şəbəsinin rəisi Məhərrəm Babayev,kadrlar şöbəsinin rəisi Nümayəndə,labaratoriya müdiri Rövşən Əmirov,mühasib Valeh Məmmədov,anbardar Azər Əliyev,baş operator Rəhim Camalov və mexanik Arif İsmayılov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın məzmunundan görünür ki,maliyyə çətinlikləri və digər səbəblər üzündən həmin tarixdən müəssisə dayanmağa məcbur olmuşdur.Ona görə də işə davamiyyət saat 09-00-dan 14-00-dək müəyyən olunmuş və ancaq təmizlik işləri görmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən:
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. İşin hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" MMC müəssisəsində maliyyə çatışmazlığı və digər səbəblərə görə boşdayanma elan olunmuş və bu barədə işçilər məlumatlandırılmışlar. İddiaçı2 10 avqust 2021-ci il tarixdə,İddiaçı1 isə 01 sentyabr 2021-ci il tarixdə öz ərizələrinə əsasən işdən azad edilmişlər. Onlar 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayının sonuna qədər(8 ay) olan dövrdə əmək haqqının ödənilməmiş hissəsini tələb edirlər. İşdə olan sübutlardan görünür ki, İddiaçı2 əmək haqqı 500 manat,İddiaçı1 əmək haqqı isə 800 manat olmuşdur. Hər iki tərəfin izahatlarından görünür ki,boşdayanma dövründə iddiaçılara əmək haqqının 50% həcmindən (müvafiq olaraq 250 manat və 400 manat) əmək haqqı verilmişdir. Halbuki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin tələblərinə görə ödəniş 2/3 hissədə (müvafiq olaraq 333 manat və 533 manat ) olmalı idi. Göründüyü kimi,İddiaçı2 hər ay 83 manat, İddiaçı1 isə hər ay 133 manat az əmək haqqı ödənilmişdir. Belə olan halda iddia qismən təmin olunmalı,"xxxx" MMC müəssisəsindən İddiaçı2 xeyrinə kəsirlə ödənilmiş əmək haqqına görə 664 manat (83 manat x 8 ay), İddiaçı1 xeyrinə isə 1064 manat (133 x 8 ay)tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. "xxxx" MMC-dən İddiaçı2 xeyrinə kəsirlə ödənilmiş əmək haqqına görə 664 manat, İddiaçı1 xeyrinə isə 1064 manat tutulsun, Qalan hissədə iddia təmin olunmamasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev