Məhkəmə qərarları › İş №2(007)-1660/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1660/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1660/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamısı 750 əyarlı, italyan istehsallı, ümumi çəkisi 21 qram olan komplekt dəstin (üçbucaq formalı xırda brilliant qaşlı 1 ədəd sarı qızıl üzük, 2 ədəd üçbucaq formalı briliant qaşlı sarı qızıl sırğa, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd sarı qızıl zəncir (sep), 1 ədəd sarı qızıl kolye) və ya onların dəyəri olan 2500 manat məbləğində pulun, 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 ilə 02 aprel 2018-ci il tarixində 4 saylı Bakı şəhəri ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 709 № ilə qeydlə rəsmi bağladıqları nikahın pozulması, həmin nikahdan olan 30 sentyabr 2019-cu il təvəllüdlü övladları X1 yanında saxlanıılması və cavabdehdən aliment tutulması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında 2(001)-1418/2022 saylı mülki iş vardır. Qeyd etmək istəyir ki, o, cavabdehlə ailə qurduqdan sonra anasının yuxarıda qeyd etdiyi ünvanda olan evində qalmışlar. Lakin toyla bağlı cavabdehlər tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları, yəni bir ədəd komplekt briliant dəst ailə qurduqdan sonra həmişə qaynanası Cavabdeh2 qalırdı. Hər hansı bir toya, mərasimə və ya gəzməyə gedəndə həmin qızılları Cavabdeh2 ona verirdi, qayıdandan sonra isə yenə də ondan alaraq özündə saxlayırdı. Cavabdeh1la ayrılmaq ərəfəsində həmin komplekt dəstin ona verilməsini tələb edəndə, qaynanası Cavabdeh2 ona dedi ki, “sən qızıla görə ailə qurmuşdun ki, indi bizdən qızıl tələb edirsən, sənə qızılları qaytarmayacağam.” Cavabdehlər həmin komplekt dəsti özlərində saxlayaraq, ona qaytarmadılar. Yalnız nişan üzüyünü daima barmağında gəzdirdiyindən, onun özündə qalmışdır. Həmin qızıllar ona verilmiş hədiyyə olduğundan, ona məxsusdurlar və ona görə də onların cavabdehlərdən alınıb ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sözügedən qızıl-zinət əşyaları və onların qiyməti aşağıdakı kimidir: italyan istehsallı ümumi çəkisi 21 qram olan komplekt dəst üçbucaq formalı xırda brilliant qaşlı 1 ədəd sarı qızıl üzük, 2 ədəd üçbucaq formalı briliant qaşlı sarı qızıl sırğa, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd sarı qızıl zəncir (sep), 1 ədəd sarı qızıl kolye, hamısı 750 əyarlı - qiyməti 2500 manat. Ona görə də, həmin komplekt dəstin özü, dəstin hamısının və ya hər hansı birinin cavabdehlər tərəfindən korlanması, zədələnməsi, başqa formaya salınması və ya satılması təqdirdə isə, onların dəyərini təşkil edən pul məbləği cavabdehlərdən tutulub ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən hamısı 750 əyarlı, italyan istehsallı, ümumi çəkisi 21 qram olan komplekt dəstin (üçbucaq formalı xırda brilliant qaşlı 1 ədəd sarı qızıl üzük, 2 ədəd üçbucaq formalı briliant qaşlı sarı qızıl sırğa, 1 ədəd sarı qızıl qolbaq, 1 ədəd sarı qızıl zəncir (sep), 1 ədəd sarı qızıl kolye) və ya onların dəyəri olan 2500 manat məbləğində pulun, 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi və ərizəyə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, uşaq dünyaya gəldikdən sonra xəstəxanadan qaynanasının evinə gəlmiş, 10 gündən sonra münasibətləri gərginləşmişdir. Onlar əşyalarını götürüb anasının evinə köçmüşlər. Valeh, uşaq və o, anasının evində yaşayırdılar. Onun cehizləri olan mebelləri qonşuya qoymuşdurlar. Qonşu evini təmir edəndə onlar mebelləri anasının evinə gətirmişlər. O, hazırda uşaqla anasıgildə qalır. Valeh isə 1 il yarım qalmışdır, 11 aydır ayrı yaşayırlar. Qızıllar həmişə keçmiş qaynanası Aygündə olmuş, yalnız harasa gedəndə verib, sonra yenə ona qaytarmışdır. Nişan üzüyü həmişə barmağında olduğundan onda qalıb, komplekt isə cavabdehlərdədir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, qardaşı da evləndiyi üçün onlar anasının evindən çıxmalı olmuşlar və özlərinə ev alana qədər Günelin anasının evində yaşamaq qərarına gəlmişlər. Onlar anasının evindən çıxanda bütün əşyalarını götürmüşlər. Mebelləri isə müvəqqəti ev alana qədər qonşuya qoymuşlar. Lakin sonra Günellə münasibətləri pozulduğundan ayrılmışlar. Mebelləri Günel qonşudan götürmüşdür. Qızılları isə hələ uşaq xəstəxanada olanda Günelin anası satmışdır, çünki uşaq küvəzdə idi və pul çatmırdı. Qızılları satıb pulunu xəstəxanaya vermişlər. İndi qızılın anasında qalıb deməsi yalandır. Qızılları Günelin anası satıb onlar yox. Ona görə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, qızıllar iddiaçının özündə olmuş, o, evdən gedəndə qızılları özü ilə aparmışdır. Kiçik oğlu evləndikdən sonra böyük oğlu Valeh iddiaçı ilə birlikdə sonuncunun anasıgilə getmiş və orada yaşamışlar. Onlar gedəndə əşyalarını da özləri ilə aparmışlar, amma mebellər ev alınanadək qonşunun evində qalmışdır. Oğlu Vaqif bir müddət işsiz qalmış və bundan sonra mübahisələri başlamışdır və Valeh evə qayıtmış Günel isə anasıgildə qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 356231 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. - AZ-İİ seriyalı, 267285 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvad Sultanova soyadını qəbul etmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, 2021- 006704 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -“X3 Mərkəzi” MMC tərəfindən verilmiş YDQM 007-099/2022 nömrəli, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, 1 ədəd 21 qram ölçülü 750 əyarlı 1.35 karat briliant qaşlı dəstin tərkibi 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd kolyedən ibarət qızıl-zinət əşyalarının qiymətlədimə tarixinə olan orta bazar dəyəri 2775 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 ilə nikaha daxil olarkən ona hədiyyə şəklində qızıl-zinət əşyalarının verilməsi işin mübahisəsiz halıdır, tərəflər bu faktı mübahisələndirmirlər. Burada, cavabdehlərin irəli sürdüyü dəlillər, qəbul etmədikləri hal iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının anasgilə gedərkən iddiaçının özü ilə aparmasından, birgə nikah dövründə iddiaçının anası tərəfindən ailənin maddi ehtiyacları, yəni uşağının xəstəxana məsrəfləri (küvəzdə saxlanması) səbəbindən satılmasından ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qeyd olunan qızıl-zinət əşyalarının cavabdehlərdə mövcud olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Cavabdeh1la özlərinə ev alanadək yəni qeyri-müəyyən vaxtadək, birlikdə anasıgilə gedərkən bütün əşyalarını və əmlaklarını yaşadığı evdən çıxarmış və anasıgilə aparmışdır. Mebellər isə müvəqqəti olaraq qonşunun evinə yerləşdirilmişdir. Mübahisənin mahiyyəti onunla bağlıdır ki, iddiaçı bütün əşyalarını (mebellərdən başqa bütün cehiz əşyalarını) özü ilə birlikdə apardığını, lakin qızıl-zinət əşyalarını cavabdehlərdə qaldığını iddia edir. İddiaçı həmin qızıl-zinət əşyalarına dair mötəbər sübut qismində qəbul ediləcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin faktiki halları baxımından iddiaçının uşaq dünyaya gəldikdən 10 gün sonra əri və uşağı ilə gəlin gəldiyi evi daimi tərk edərkən bütün əşyalarını özü ilə aparması, məhz qızıl-zinət əşyalarını aparmaması, yalnız müvəqqəti istifadə üçün həmin əşyaların Cavabdeh2 tərəfindən ona verilməsi, istifadə etdikdən sonra həmin əşyaları cavabdehə qaytarması barədə dəlillərini inandırıcı və ağlabatan hesab etmir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar