Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1670/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı birgə nikahdan dünyaya gələn qızı xx.xx.2009cu il təvəllüdlü X1 və oğlu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh tərəfindən Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın (gəlirin) üçdə bir hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlə aralarındakı birgə nikahdan dünyaya gələn qızı xx.xx.2009-cu il təvəllüdlü X1 və oğlu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh tərəfindən hər bir uşaq üçün ayrı-ayrı hər ay 246 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında olan nikah münasibətləri Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1531/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Qətnaməyə əsasən birgə nikah münasibətlərindən dünyaya gələn xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək onun yanında qalmışdır. O, nikahın pozulması zamanı alimentə dair hər hansı bir tələb irəli sürməmişdir. Hazırki vəziyyətdə uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkməkdədir. Üstəlik o və uşaqları anası ilə birlikdə kirayədə olan evdə yaşamaqdadırlar. Uşaqlarının saxlanma xərclərini qarşılamaq məqsədilə hazırda alimentin təyin olunmasını istəyir.
Tərəflərin izahatları:
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, qızı onunla yaşayır. Oğlu isə iki gün atası ilə, iki gün anası ilə qalır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Oğlu onunla qalır, qızı isə anası ilə. Qızına aliment verməyə razıdır. Oğlu o, gecə növbəsində işləyəndə anası ilə qalır. Maaşı 1000-1020 manatdır. Hər uşağa 150 manat, cəmi 300 manat verməyə razıdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
7. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. AZ-İİ seriyalı, 583771 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.
9. AZ-İİ seriyalı, 933656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 avqust 2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.
10. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 28 fevral 2025-ci il tarixli, MŞB/6-00301 saylı arayışdan görünür ki, Cavabdeh 28 fevral 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1531/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 12 mart 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 222 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalması qət edilmişdir.
İşin faktiki halları:
12. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmuşdır. Birgə nikahlarından 19 mart 2009-cu il təvəllüdlü X3 və 12 avqust 2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 246 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının:
17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:
3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:
8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı:
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Məhkəmənin mövqeyi:
21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
22. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir.
23. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qeyd edir ki, göründüyü kimi 2025-ci il üzrə minumum əmək haqqı 400 manatdır və bu səbəbdən də 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 mart 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.
24. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 14 mart 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
26.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
27. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur.
28. Lakin, alimentin tutulması ilə bağlı ödənilməli olan 79.04 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən çox olduğundan iddiaçının ödəməli olduğu 19.04 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 mart 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 19 mart 2009-cu il təvəllüdlü X1 və 12 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 mart 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan 19.04 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova