Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1725/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi”, “əldən çıxmış faydanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, Cavabdeh MTK-nın vəkil-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə şərtləri düzgün yerinə yetirilmədiyindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə şərtləri düzgün yerinə yetirilmədiyindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Mənzil Tikinti Kooperativindən müqavilə üzrə artıq ödənilmiş 15820 manat əsas məbləğ, 10000 manat qaytarılmalı ƏDV məbləği, 3873 manat faiz məbləği, mənəvi zərərlə bağlı isə 300 manat olmaqla, cəmi 29993 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 181 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 217 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki ümumi sahəsi 127.43 m2 olan 29 saylı mənzilin əldə edilməsi üçün hər kvadrat metri üçün 1400 manat olmaqla, İddiaçı cəmi 178.402 manat ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilkin ödəniş kimi 150 000 (yüz əli min) manatın ödənilməsi, qalan 28402 (iyirmi səkkiz min dörd yüz iki) manatın alıcı tərəfindən satıcıya altı ay ərizndə ödənilməsi əks olunmuşdur. xx.xx.2022-ci ildə Cavabdeh MTK-ya 150 000 (yüz əli min) manat ilkin ödəniş olunmuşdur. Daha sonra isə sözügedən mənzillə bağlı xx.xx.2024-cü ildə cəmi 28402 (iyirmi səkkiz min dörd yüz iki) manat məbləğində vəsait ödənilmişdir. Mənzilin təmiri zamanı ona məlum olmuşdur ki, satıcı öhdəliyini lazımı qaydada icra etməmiş, belə ki, müqaviləyə əsasən 127.43 kv.mlik mənzil əvəzinə 116.4 kv.m ölçüdə mənzil təhvil vermiş, əvəzində isə müqavilədə yazılmış kvadrat metrə uyğun hər kv.m 1400 manatdan ödəniş almışdır. Bununla da MTK müqavilə öhdəliyini lazımı qaydada icra etməmiş 11.3 kv m görmədiyi işin ödənişini-15820 (on beş min səkkiz yüz iyirmi) manat ziyan vurmuşdur. Bundan əlavə qanunvericiliyə əsasən MTK-dən alınmış mənzilin dəyəri nağdsız qaydada bank hesabı rekvizitləri ilə aparılmalı olduğu halda, ondan ödənişlər nağd qaydada qəbz yazmaqla qəbul olunmuş və nəticədə alıcı olaraq ona qaytarılmalı ƏDV-dən məhrum olmuşdur. MTK ilə aparılmış danışıqlarda həmin ödənişlərin düzəldiləcəyi vədi verilsə də, buna əməl olunmamışdır. Nəticədə alıcı ƏDV-dən alacağı vəsaitdən məhrum olmuşdur. Nəzərə alınmalıdır ki, onun tərəfindən müxtəlif vaxtlarda dəfələrlə cavabdehə müraciət edilərək aralarında bağlanmış müqavilənin müddəalarına riayət olunması, ödənişin geri qaytarılması tələb olunsa da, bu müraciətlər yola verilmiş, hər hansı vəsait ödənilməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarından da çox bariz şəkildə məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 217 nömrəli müqavilə və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehi nağd şəkildə alıdığı 178.402 manat pul vəsaitindən faydalandığı, mənfəət əldə etdiyi halda onu bir çox məhrumiyyətlər yaşamağımına səbəb olmuşdur. Cavabdeh iddia predmeti olan vəsaiti (15820 manat ziyan+10000 manat ƏDV) geri qaytarmış olsaydı o, həmin vəsaitdən faydalanacaq və gəlir əldə edəcəkdir. 25820 manatın 5 %-i 1291 manat olduğundan 3 il üçün 3873 manat təşkil edir. Beləliklə hesab edir ki, maddi zərərlə bağlı cavabdehdən cəmi 29693 manat vəsait tutularaq ona ödənilməlidir. Cavabdeh maddi zərərlə yanaşı ona mənəvi zərər də vurmuş onun 3 il ərzində psixoloji gərginlik yaşamasına səbəb olmuşdur. Belə ki, əvvəlcədən ailə üzvlərinin rahatcılığı ücün nəzərdə tutulmuş kv.m-i böyük olan ev sonradan kv.m-i az olması evdə istədiyi formada dizayn verə bilməsinə ciddi dərəcədə problemlərlə üzləşməsinə səbəb olmuşdur. Bu da onun mənəvi zərər çəkməyinə səbəb olmuşdur. Hesab edir ki, iddiaçı mənəvi iztirabları, səhhətinin pozulması nəzərə alınaraq mənəvi zərərlə bağlı 300 manat vəsait tutularaq ona ödənməlidir. Yekun olaraq hesab edir ki, cavabdehdən müqavilə üzrə ödənilmiş 15820 manat əsas məbləğ, 10000 manat qaytarılmalı ƏDV məbləği, 3873 faiz məbləği olmaqla cəmi 29693 manat, mənəvi zərərlə bağlı isə 300 manat olmaqla cəmi 29993 manat vəsaitin, 181 manat ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməlidir.
İş materialları :
3. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki 29 saylı mənzili tikərək “Alıcıya” satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı” ya ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MTK-nın 2 saylı, 14 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 127.43 kv.m olan 29 №li mənzilin dəyərindən 150.000 manat ödəmişdir.
5. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MTK-nın 2 saylı, 14 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 127.43 kv.m olan 29 №li mənzilin dəyərindən 28402 manat ödəmişdir.
6. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 180 manat dövlət rüsumu ödənilmişdir.
7. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.3035-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış 217 saylı müqaviləyə əsasən Satıcı tikini-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirərək Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki 29 saylı mənzili istifadəyə tam yararlı vəziyyətdə “Alıcıya” təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən 2 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 127.43 kv.m-dən ibarət olan 3 otaqlı, 29 saylı mənzilin hər kvadrat metri üçün cəmi 1400 manat olmaqla, cəmi 178.402 manat satıcıya ödənilməsi qeyd olunmuşdur. İlkin ödəniş kimi 150.000 manat ödənilməsi, qalan 28402 manatın isə satıcıya 6 ay ərzində ödənilməsi qeyd olunmuşdur. Alıcı tərəfindən ödənişlər nağdsız qaydada bank hesabı rekvizitləri ilə aparılmalı olduğu halda, ödənişləri nağd şəklində etmiş, nəticədə ona qaytarılmalı olan ədv-dən məhrum qalmışdır. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya vurulmuş ziyanı 5 təqvim günü müddətində ödənilməsini xahiş edilmiş, əks təqdirdə məsələ ilə əlaqədar məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
8. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, İddiaçı 12 iyun 2024-cü il tarixdə 2 saylı binanın 6-cı mərtəbəsindəki 127.43 kv.m 29 saylı yaşayış sahəsinin dəyərini kooperativə tam ödəmişdir.
9. “042 architectural bureau” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “tikinti və təmir” təklifindən görünür ki, Nizami rayonunda yerləşən Cavabdeh MTK-da yerləşən sahəsi 116 kv.m olan mənzilin təmiri üçün 47000 manat vəsait lazımdır.
10. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, 217 nömrəli “öhdəçilik” barədə razılaşmadana görünür ki, alıcı İddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 127.43 kv.m-dən ibarət olan 3 otaqlı, 29 saylı mənzil üçün ilkin olaraq 150000 manat, qalan məbləği, yəni 28.402 manatı isə 6 ay ərzində yanvar ayından başlayaraq hər ay 4733 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür.
11. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/4259 nömrəli rəydən görünür ki, 1-ci və 5-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr, sobanın (buxarının) yerləşdiyi sahə nəzərə alınmadan 112,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin, həmin mənzilə aid olan lociya istisna olmaqla sahəsinin 108,5 kv.metr (112,3-3,8=108,5) təşkil etdiyi müəyyən edilmişdir. 3-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin bütün arakəsmələr istisna olmaqla sahəsinin 115,1 kv.metr (112,3+2,8) təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin mənzilə aid olan lociya və bütün arakəsmələr istisna olmaqla sahəsinin 111,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 6-cı və 7-ci suallar üzrə: İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələrin, sobanın (buxarının) yerləşdiyi sahə dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 131,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 8-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin ümumi sahəsinin 110,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
12. Cavabdeh MTK tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, 110 saylı arayışdan görünür ki, Ramazanov Yashar xx.xx.2021-ci il tarixində 2 saylı binanın 6-cı mərtəbəsindəki 127.43 kv.m 29 saylı yaşayış sahəsinin dəyərini kooperativə tam ödəmişdir.
13. Cavabdeh MTK ilə Ramazanov Yashar arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki 29 saylı mənzili tikərək “Alıcıya” satmağı, “Alıcı” isə mənzilin dəyəri bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı” ya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin tikinti altındakı ümumi sahəsi 127.43 kv.m təşkil edir.
14. Cavabdeh MTK tərəfindən Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2025-ci il tarixli 206 saylı məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında olan razılaşmaya əsasən 2022-ci ildə alqı-satqı müqaviləsinə dair ödənişlər nağd qaydada həyata keçirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ƏDV məbləğinin qaytarılması barədə heç bir sakin müraciət etməmişdir. Buna görə də, ƏDV geri qaytarılması olmamışdır.
Tərəflərin izahatları :
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini tam əsassızdır. Müqavilədə də göstərilir ki, mənzilin ümumi sahəsi tikintinin altındakı olan hissəsidir. ƏDV il bağlı olan tələbdə tam əsasızdır. İddiaçı pulun nağd şəkildə ödənilməsinə razılıq vermişdir. Cavabdeh MTK-da nağdsız qaydada ödənişlər aparılmır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmə iclasında dindirilən ekspert İsa Eyvazzadə izahatında bildirmişdir ki, qeyd olunan iş üzrə rəy onun tərəfindən verilmişdir. Qərardadın 6-7 sualları üzrə tikinti altı sahə hesablanır. Tikinti altı sahə dedikdə, ümumi sahənin çöldən-çölə hamısı əhatə olunur. Yəni mənzilin tikintisinin altına düşən bütün sahə ora aid edilir. Ora şaxtalar, sütunların altına düşən sahələr, xarici-daxili divarların altına düşən sahələr də daxil olmaqla tikinti daxilində olan bütün sahələr aid edilir. Mənzilin tikinti altı sahəsi, çöldən-çölə hesablamaqla müəyyən edilmişdir ki, 131 kv.metrdir. Bunu xüsusi proqram vasitəsilə hesablama aparmaqla müəyyən etmişlər. Qərardadın 8-ci sualı əsasında “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu bəndinə və kollegiyanın müvafiq qərarını tətbiq etdikdə 110.4 kvadrat çıxır. Bu hesablama qanunvericiliyin tələbinə əsasən aparılır. İşin faktiki halı :
18. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanılmış və müqaviləyə əsasən cavabdeh üzərinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki ümumi sahəsi 127.43 kv.m olan 29 saylı mənzilin tikib təhvil verilməyi iddiaçı isə müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
19. İddiaçı tərəfindən mənzilin dəyərini təşkil edən 178402 manat pul vəsaitinin 150000 manat hissəsini müqavilə bağlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixində nağd şəkildə ödənilmiş, qalıq 28402 manat pul vəsaitinin isə 2023-cü ilin yanvar ayından başlayaraq hər ay 4733 manat olmaqla, 6 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 28402 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixində nağıd şəkildə ödənilmiş və həmin tarixdə cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair arayış verilmişdir.
20. İddiaçının sifarişi əsasında mənzilin təmirini həyata keçirən şirkət tərəfindən tərtib edilmiş smetaya əsasən mənzilin sahəsinin 116 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/4259 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələrin, sobanın (buxarının) yerləşdiyi sahə dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 131.1 kv.metr təşkil edir.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi :
59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
26. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”.
3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.8. Mənzillərin ümumi sahəsi-yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
27. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın:
1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
28. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər. 4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
30. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi faktiki 2 hissədən ibarətdir:
1. yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi.
2. əldən çıxmış faydanın ödənilməsi.
İddia tələbinin “yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi” hissəsi:
31. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürülən öhdəliyin pozulması, ona ümumi sahəsi 127.43 kv.m olan mənzil təhvil verilməli olmasına baxmayaraq ona ümumi sahəsi 116.4 kv.m olan mənzil təhvil verilməsi ilə əsaslandırılmışdır.
32. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə onun tərəfindən inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 127.43 m2 olan 29 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin onun tərəfindən mənzildə təmir-tikinti işləri aparılan zaman müəyyən edilmişdir ki, mənzilin ümumi sahəsi 116.4 kv.m təşkil edir.
33. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
35. İşin müəyyən edilmiş faktiki halı odur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki 29 saylı mənzili tikərək cavabdehə təhvil verməyi, cavabdeh isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür.
36. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 752.1, 762-ci maddələri nəzərdə keçirilə bilər.
37. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
39. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə tikinti altındakı ümumi sahəsi 127.43 kv.m təşkil edən mənzil tikib təhvil verməyi öhdəsinə götürmüşdür.
40. İddiaçı isə iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, ona müqaviləyə əsasən 127.43 kv.m təşkil edən mənzil təhvil verməli olduğu halda, ümumi sahəsi 116.4 kv.m təşkil edən mənzil təhvil vermişdir. İddiaçı mübahisəli hala dair sübut qismində məhkəməyə onun müraciəti əsasında mənzilin təmiri işini həyata keçirən şirkət tərəfindən tərtib edilmiş smeta təqdim edilmişdir.
41. Məhkəmə tərəfindən mübahisəli halın yoxlanılması məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzindən müvafiq rəy alınmışdır.
42. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/4259 nömrəli rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələrin, sobanın (buxarının) yerləşdiyi sahə dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 131.1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
43. Həmin rəyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 29 saylı mənzilin ümumi sahəsinin 110.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
44. Verilmiş rəy ilə bağlı məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş rəyi vermiş ekspert İsa Eyvazzadə bildirmişdir ki, tikinti altındakı sahə dedikdə, ümumi sahənin çöldən-çölə hamısı əhatə olunur. Yəni mənzilin tikintisinin altına düşən bütün sahə ora aid edilir. Ora şaxtalar, sütunların altına düşən sahələr, xarici-daxili divarların altına düşən sahələr də daxil olmaqla tikinti altındakı olan bütün sahələr aid edilir. Müəyyən edilmişdir ki, mənzilin tikinti altındakı sahəsi 131.1 kv.m təşkil edir.
45. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, müqavilədə nəzərdə tutulan tikinti altındakı sahə dedikdə mənzilin çöldən-çölə bütün sahəsi, balkon, lociya, terras, şüşəbənd və eyvanların, yardımçı sahənin, şaxtalar, sütunların altına düşən sahələr, xarici-daxili divarların altına düşən sahələr nəzərdə tutulur.
46. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, rəy mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
47. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh üzərinə tikinti altındakı ümumi sahəsi 127.43 kv.m təşkil edən mənzil təhvil verməyi öhdəsinə götürmüş və verdiyi öhdəliyi yerinə yetirmişdir. İddiaçı tərəfindən bunun əksini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsassızdır.
İddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi:
48. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh MTK-dan alınmış mənzilin dəyərinin nağdsız qaydada ödənilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən ondan mənzilin dəyərinin nağd qaydada qəbul olunması nəticəsində onun əlavə dəyər vergisindən məhrum olması, ona zərər dəyməsi ilə əsaslandırılmışdır.
49. İddiaçı iddia tələbinin hazırki hissəsinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, Cavabdehndən aldığı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli 2 saylı yaşayış binasının 6-cı mərtəbəsindəki ümumi sahəsi 127.43 m2 olan 29 saylı mənzilin dəyərinin 150000 manat hissəsi xx.xx.2022-ci il tarixində, 28402 manat hissəsini isə xx.xx.2024-cü il tarixində nağd şəkildə ödənilmişdir. İlkin ödəniş həyata keçirilərkən cavabdeh ona mənzilin dəyəri tam şəkildə ödənildikdən sonra ƏDV-nin geri qaytarılacağını bildirmiş, lakin tam ödəniş etdikdən sonra isə nağd qaydada ödəniş edildiyi üçün ƏDV-nin geri qaytarılmasının mümkün olmadığını bildirmişdir.
50. Məhkəmə ilk növbədə qeyd edir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” ilə tənzimlənir.
51. Həmin qaydaların 1.4-cü bəndinə görə, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
52. Həmin qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
53. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.14-cü bəndinə əsasən daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq yalnız nağdsız qaydada həyata keçirilir.
54. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən mübahisə obyekti olan mənzilin dəyəri nağd qaydada ödənilmişdir. İddiaçı mənzilin dəyərinin nağd qayadada ödənilməsinin cavabdehin təqsiri ilə bağlı olduğunu, cavabdehin təqsiri nəticəsində ƏDV-dən alacağı 10000 manat məbləğində pul vəsaitindən məhrum olduğunu bildirmiş, cavabdeh tərəf isə onlar tərəfindən bütün mənzillərin satışı üzrə əməliyyatların nağd qaydada həyata keçirildiyini, hazırki iş üzrə də tərəflərin razılığı ilə ödənişin nağd qaydada həyata keçirildiyini bildirmişdir.
55. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
56. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir.
57. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin hazırki hissəsi üzrə cavabdehin təqsirli hərəkəti nəticəsində əldən çıxmış fayda şəklində zərərə məruz qaldığını bildirsə də, qeyd edilən hala dair, yəni cavabdehin təqsirli hərkətləri nəticəsində ziyana məruz qalması, ziyanın məbləği, cavabdehin hərəkəti ilə onun ziyana məruz qalması arasında səbəbli əlaqəyə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
58. İddiaçının məhkəməyə bildirdiklərinə əsasən aydın olur ki, iddiaçı tərəfindən mənzilin ilkin ödənişi həyata keçirilən zaman ona ƏDV-nin geri qaytarılması üçün mənzilin dəyərinin ödənişinin nağdsız qaydada həyata keçirilməli olduğu məlum olmuşdur. Belə ki, o izahatında bildirmişdir ki, onun tərəfindən ödəniş həyata keçirilən zaman ƏDV-ni tələb etmiş, lakin ona ƏDV-nin mənzilin dəyəri tam şəkildə ödənildikdən sonra geri qaytarılacağı bildirilmişdir. Ondan ödəniş nağd qaydada tələb edildiyi üçün onun tərəfindən ödəniş nağd şəkildə həyata keçirilmişdir.
59. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən ondan ödənişin nağd qaydada həyata keçirilməsinin tələb edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Yəni iddiaçı məhkəməyə ödənişin onun tərəfindən nağd qaydada həyata keçirilməsinin cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olması sübuta yetirilə bilməmişdir. Belə ki, işin faktiki halı odur ki, onun tərəfindən ödəniş nağd qaydada həyata keçirilmiş və bu zaman iddiaçıya ƏDV-nin geri qaytarılması üçün ödənişin nağdsız qaydada həyata keçirilməli olması məlum olmuşdur. Həmçinin işin digər fakitki halı odur ki, iddiaçı tərəfindən ödənişin qalan hissəsi həyata keçirilən zaman da ödəniş nağd qaydada həyata keçirilmişdir. Belə hesab etsək ki, iddiaçının bildirdiyi kimi ilk ödəniş həyata keçirilən zaman ona ödənişin tam şəkildə həyata keçirildiyi zaman ƏDV-nin geri qaytarılacağı bildirilmişdir, bu zaman sual yaranır ki, bəs nə üçün mənzilin dəyəri tam şəkildə ödənilən zaman iddiaçı ödənişi nağd qaydada həyata keçirmiş, ödənişin bank vasitəsilə qəbul edilməsini tələb etməmişdir.
60. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəydiyini iddia etsə də qeyd edilən hala dair, onun tərəfindən ödənişin nağdsız qaydada qəbul edilməsi tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənişin nağd qaydada qəbul edilməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
61. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə də tərəflər arasında ödənişin nağdsız qaydada həyata keçirilməli olmasına dair razılaşma olması müəyyən edilməmişdir.
62. Həmçinin iddiaçı tərəfindən məhkəməyə ƏDV-nin geri qaytarılması üçün onun tərəfindən portala müraciətin daxil edilməsi, bank hesabının açılmasına dair sübut təqdim edilməmişdir.
63. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununda daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsinin nəzərdə tutulması hazırki mülki iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması nəticəsinə gəlmək üçün əsas deyildir. Cavabdeh tərəfindən ödənişlərin nağd qaydada qəbul edilməsi sözügedən qanunvericiliyin tələblərinin pozuntusu olub müvafiq məsuliyyətə səbəb olur.
64. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində zərər dəyməsinə dair sübut təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
66. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
68. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
69. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
70. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin pozulması, ona daha az sahəsi olan mənzil təhvil verilməsi ilə əsaslandırıldığından və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilə bilməz.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
Məhkəmə xərcləri :
72. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
73. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə :
74. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativindən müqavilə üzrə artıq ödənilmiş 15820 manat əsas məbləğ, 10000 manat qaytarılmalı ƏDV məbləği, 3873 faiz məbləği, mənəvi zərərlə bağlı isə 300 manat olmaqla, cəmi 29993 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 181 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativindən müqavilə üzrə artıq ödənilmiş 15820 manat əsas məbləğ, 10000 manat qaytarılmalı ƏDV məbləği, 3873 faiz məbləği, mənəvi zərərlə bağlı isə 300 manat olmaqla, cəmi 29993 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 181 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva