Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5518/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “telefonun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əşyanın qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən “İphone 13 128gb Green” markalı mobil telefonun qaytarılması və ya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli və 2(060)- 1597/2025 saylı qətnaməsinə əsasən yaranmış 1785.9 manat manat borcun silinməsi, mənəvi ziyana görə 1000 (min) manat pul və həmçinin məhkəmə məsrəfi olaraq ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh mağazasından “İphone 13 128gb Green” markalı telefon əldə etmişdir və buna görə xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iki ay normal işləyəndən sonra mobil telefon durduğu yerdə sönmüşdür və bir daha açılmamışdır. xx.xx.2024-cü il tarixdə ( müraciət əlavə edilir) telefonun nasazlığı ilə bağlı iddiaçı Sumqayıt şəhəri üzrə 36-cı məhəllədə yerləşən müştəri xidmətlərinə yaxınlaşmışdır. İddiaçıya bildirmişlər ki, 14 iş gün ərzində nasazlığı aradan qaldırıb telefonu təhvil veriləcək. Lakin, 14 gündən sonra müştəri xidmətində bildirmişlər ki, telefonu düzəldə bilmirlər, ekranı yanmır. Servis mütəxəssisi bildirmişdir ki, qızıl zəmanətə əsasən təmir mümkün olmadığı halda məhsul 30 gün ərzində yeni telefonla əvəz ediləckdir. Ona görə də telefonu onlara təhvil vermişdir. Bundan sonda, Cavabdeh MMC Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1775,9 manat əsas 266,3 manat cərimə, ümumilikdə 2042,2 manat borcun və 40,42 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli və 2(060)-1597/2025 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1775.9 manat əsas, 10 manat cərimə, cəmi 1785.9 manat manat borc və 37.85 (otuz yeddi manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, iddiaçı məhkəmədə iştirak etmək hüququndan, əlaqə telefon nömrəsi olduğu halda, məhrum edildiyinə görə öz tərəfindən sübutları və iddiaya münasibətini təqdim edə bilməmişdir. İcra İdarəsi ona borcu barədə “sms” bildiriş göndərəndən sonra barəsində məhkəmə qətnaməsi qəbul edildiyini bilmişdir. Buna görə də, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli və 2(060)-1597/2025 saylı qətnaməsindən Apellyasiya şikayəti və üzrlü səbəbdən buraxılmış müddətin bərpası ilə bağlı ərizə verilmiş, lakin,ərizə təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli “İphone 13” 128 Gb telefona X2 1-ci və 2-ci bəndlərində göstərdiyi şərtlərə görə, təmir mümkün olmadığı halda məhsulun istifadə müddəti və alış günündə qeyd olunan qiyməti nəzərə alınaraq müştəriyə aşağıdakı qaydada ödəmə edilir və ya müştərinin "xxxx" MMC-yə hər hansı bir bocu varsa, həmin məbləğ borcdan silənəcək: İstifadə müddəti 2-3 ayadək olarsa - məhsulun alqı-satqısı zamanı qiymətinin 70%-i. Bu hal iddiaçıya həm maddi zərər vurmuş, həm də mənəvi cəhətdən sarsıntı yaratmışdır. Cavabdehin qanunsuz hərəkətləri iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçı üç dəfə hüquqşünasa müraciət edərək hər ərizənin tərtib edilməsi üçün 100 (yüz) manat pul xərcləmişdir və hər dəfəsində dövlət rüsumları ödəmişdir. Eyni zamanda iddiaçı ailəsini dolandırmaq üçün az təminatlı işdə işləyir və hər gün işdən icazə alıb idarələrə və ya təşkilatlara müraciət etməkdə çətinlik çəkir. Görünən odur ki, cavabdeh Mülki Məcəllənin tələblərini kobud şəkildə pozmuş, əsassız şəkildə hesabına varlanmış, çünki onlar həm həmin telefonu mənimsəmiş, həm də iddiaçı onda olmayan əşyaya görə kredit ödəyir. Qızıl zəmanət talonu, hansı ki ümumi kredit məbləğinə daxildir cavabdeh qərəzli şəkildə öz öhdəliyini icra etməkdən yayınır. Belə olan halda iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi zərər çəkir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5518/2025 nömrəli, 20 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı hazırkı iş üzrə iddia tələbinin “Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yaranmış 1785,90 manat məbləğində borcun silinməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (qərardad qüvvəsini almışdır).
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən - telefonun qaytarılması hissəsində qəbul edərək, həmin hissədə təmin edilməsinə etiraz etmədi.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı Alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, Alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu Satıcıya ödəməsinə dair pul öhdəliyidir. Alıcı bu müqaviləyə əsasən aldığı əmlak barəsində yalnız sahiblik və istifadə hüquqlarını əldə edir. Alıcı əşya barəsində sərəncam vermək hüququnu əmlakın dəyərini tam ödədikdən sonra əldə edir. Satıcı nisyə satılan malı yoxlayıb, alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür.
8. xx.xx.2024-cü il tarixli, ********* saylı X1 görünür ki, müştəri İddiaçı Cavabdeh MMCnin “Sumqayıt-5” filialı tərəfindəmn 1759,99 manata “iPhone 13 128 GB Green” adlı məhsul satılmış, məhsula 12 ay zəmanət verilmişdir. Zəmanət istehsalçı tərəfindən yaranmış qüsura, istehlakçı tərəfindən yaranmış qüsura (zədələnmə, su nüfuzu, ekran sınması və s.), batereya, ekran və aksessuarlara verilir. Yaranmış qüsurun təmiri mümkündürsə, məhsulun təmirinə gərəkli xərclər Şirkət tərəfindən ödənilir. Təmir 14 gün ərzində icra edilir, bəzi ehtiyyat hissələri çatışmadığı halda müddət 30 günə qədər uzadıla bilər. Təmir mümkün olmadığı halda məhsulun istifadə müddəti və alış günündə qeyd olunan qiyməti nəzərə alınaraq müştəriyə aşağıdakı qaydada ödəmə edilir və ya müştərinin Cavabdeh MMC-yə hər hansı bir borcu varsa, həmin məbləğdən borcdan silinəcək: - istifadə müddəti 1 ayadək olarsa – məhsulun alğı-satqısı zamanı qiymətinin 80%-i; - istifadə müddəti 2-3 ayadək olarsa – məhsulun alğı-satqısı zamanı qiymətinin 70%-i və s.
9. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1597/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1775.9 manat əsas, 10 manat cərimə, cəmi 1785.9 manat borc və 37.85 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. 05.11.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1597/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi 18 aprel 2025-ci il tarixində qanuni qüvvəyə minmişdir.
11. Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
12. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
13. İş materiallarına aksessuar zəmanət talonları, ödəniş cədvəli və servisə müştəri müraciəti ilə bağlı sənəd də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında Cavabdeh MMC “iPhone 13 128 GB Green” markalı mobil telefonu İddiaçı sahibliyinə və istifadəsinə verməyi, iddiaçı da 1759,99 manat məbləğində pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Mobil telefona Cavabdeh MMC tərəfindən müəyyən şərtlərlə 12 aylıq zəmanət verilmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1775.9 manat əsas, 10 manat cərimə, cəmi 1785.9 manat borc və 37.85 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, iş üzrə icra hərəkətləri başlamışdır.
16. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi mobil telefonun onlara məxsus servisdə olması faktını təsdiq edərək, iddia tələbinə “telefonun qaytarılması” hissəsində etiraz etmədiyini bildirmişdir.
17. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə ona məxsus olan “iPhone 13 128 GB Green” markalı mobil telefon Cavabdeh MMC-dən alınaraq ona verilməsini, mənəvi ziyana görə 1000 (min) manat pul və həmçinin məhkəmə məsrəfi olaraq ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ona ödənilməsini, cavabdeh isə “telefonun verilməsi” hissəsində iddia tələbinə etiraz etmədiyini bildirərək geriyə qalan hissədə təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən yaranan hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflərdən biri əşyanı təhvil verməyi, digəri isə əşyanın dəyərini müəyyən müddətə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
19. Lakin, Cavabdeh MMC “pul” tələbi üzrə məhkəməyə müraciət edərək, əşyanın dəyərinin ödənilməsi hissəsində öz hüquqlarının bərpasına və qarşı tərəfin öhdəliyinin icrasına başlanmasına nail olsa da, özü əşyanı iddiaçının sahibliyinə və istifadəsinə verməsi barədə öhdəliyini icra etməmişdir. Halbuki, əvvəlcə əşyanın iddiaçının sahibliyinə verilməsi nisyə alğısatqı müqaviləsinin mahiyyətindən və birbaşa məzmunundan irəli gələn tələb olmaqla, iddiaçının qarşılıqlı şəkildə pul öhdəliyini icra etməsini şərtləndirir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. İddia tələbinin “1000 manat məbləğində mənəvi zərər” hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarındakı mövqeyinə əsasən, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Məhkəmə hesab edir ki, hazırki müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsinin belə bir nəticəsi olmamışdır.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
22. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarı: 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. 4.11.Zərərin kompensasiyası tələbləri isə şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən fərqli olaraq, müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər. 4.12.Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır 4.13. Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulubtutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
24. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus “iPhone 13 128 GB Green” markalı mobil telefon Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməlidir.
25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir.
Nəticə:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus “iPhone 13 128 GB Green” markalı mobil telefon Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova