Məhkəmə qərarları › İş №2(029)-539/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-539/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-539/2025 25.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı, Cavabdeh1, X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, cəmi 8750 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 107.50 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, Cavabdeh2 ona məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6150 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 81.50 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 ona qanunsuz satdığı torpaq sahəsində inşa etdiyi tikilinin inşa olunmasına çəkdiyi xərcin ona qaytarılması öhdəliyi məhz Nizami Cavabdeh1 aiddir. Çünki, həmin şəxs bilərəkdən ona qanunsuz çıxarış vermiş və o başqa şəxsə məxsus torpaq sahəsində tikili inşa etməklə xərc çəkib ziyana düşmüşdür. Onun çəkdiyi xərcin məbləği məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyinə əsasən 6184 manat müəyyən edilmişdir. Onun həmin torpaq sahəsində çəkdiyi xərc birbaşa Cavabdeh1 hərəkətləri ilə bağlıdır və ona görə də, çəkdiyi xərc zərər kimi həmin şəxsdən tutularaq ona verilməlidir. Cavabdeh2 qarşı iddianı isə geri götürür. Cavabdeh1 torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, Cavabdeh2 məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat, cəmi 14934 manat məbləğində pul vəsaitinin, o cümlədən ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Sudur kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Qusar şəhərində yaşayır. 2011-ci ildə həyat yoldaşı X4 ilə birlikdə özünə ev tikmək üçün torpaq sahəsi axtarmağa başlamış, bu məqsədlə həmkəndlisi olan və Qusar şəhərində torpaq alqı-satqısı ilə məşğul olan Cavabdeh1 müraciət etmişdir. Həmin şəxs 2011-ci ilin aprel ayında Qusar şəhərində ondan 4800 manat məbləğində pul almış və onlara Qusar şəhər ərazisindən 0.04 ha torpaq sahəsini satacağına söz vermişdir. Bundan sonra Cavabdeh1 onlara satacağı torpaq sahəsini yerində onlara göstərmiş, torpaq sahəsinin sənədlərini tezliklə düzəldib onlara təqdim edəcəyini bildirmişdir. Həmin vaxtdan 3 il keçdikdən sonra Cavabdeh1 həmin torpaq sahəsinə dair onun adına olan xx.xx.2011-ci il tarixli ******* saylı Çıxarışı ona təqdim etmiş, həmin Çıxarış əsasında torpaq sahəsində ev tikə biləcəyini demişdir. Torpaq sahəsinin dəyərini Cavabdeh1 ödədiyindən və sonuncu, torpaq sahəsinin Çıxarışını onlara təqdim etdiyindən torpaq sahəsinin artıq onlara məxsus olduğunu zənn edərək 2018-ci ildə onun tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh2 adlı şəxs onlara müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, eyni zamanda torpaq sahəsinə dair Qusar bələdiyyəsi tərəfindən verilmiş qərarı təqdim etmişdir. Bundan sonra onların tərəfindən bələdiyyəyə müraciət olunaraq həmin məsələnin araşdırılması xahiş olunmuş və məlum olmuşdur ki, torpaq sahəsi əslində Rəssam adlı şəxsə satılmışdır, Cavabdeh1 onlara təqdim etdiyi Çıxarış isə qanunsuz və saxta sənəddir. Bundan sonra Rəssam adlı şəxs təkidlə ondan həmin torpaq sahəsinin qaytarılmasını tələb etmiş və bu səbəbdən də o, həmin torpaq sahəsini orada inşa etdirdiyi fərdi yaşayış evi ilə birlikdə Rəssam adlı şəxsə qaytarmaq məcburiyyətində qalmışdır. Halbuki, onun tərəfindən həmin fərdi yaşayış evinin inşa olunması üçün ümumilikdə 6150 manat məbləğində xərc çəkilmişdir. Bununla da, Rəssam adlı şəxs fərdi yaşayış evi ona məxsus olsa da, heç bir xərc çəkmədən onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinə sahiblənmişdir. Həmin torpaq sahəsi onun tərəfindən Cavabdeh2 qaytarıldıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsinin bələdiyyənin səhvi nəticəsində Rəssam adlı şəxsə satıldığını bildirmiş, həmin torpaq sahəsinin əvəzinə özünün həyat yoldaşı X3 adına olan, Qusar şəhəri Yeni Massivdə yerləşən 0.08 ha torpaq sahəsini onlara verəcəyini bildirmişdir. Bu məqsədlə də torpaq sahəsinə dair Mehriban Bünyatova tərəfindən onun həyat yoldaşı Minavər Əlirzayevanın adına notarial qaydada təqdiq edilmiş etibarnamə verilmişdir. Cavabdeh1 onlara verməli olduğu 0.08 ha torpaq sahəsinə dair Mehriban Bünyatovanın adına Qusar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 5/4-27 saylı qərar olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsinə dair əvvəlcə arvadı Mehriban Bünyatovanın adına Çıxarış əldə etməli, daha sonra isə Çıxarış əsasında torpaq sahəsini onlara satmalı idi. Bundan sonra Cavabdeh1 ilkin sənədlər əsasında həyat yoldaşı Mehriban Bünyatovanın adına Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən Çıxarışın verilməsindən imtina olunmuş, ona görə də, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 2022-ci ilin iyun ayının 30-da ondan çıxarışın düzəlməsi, bununla bağlı, məhkəmələrə gedib-gəlmək və s. məqsədlər üçün 1950 manat məbləğində pul almışdır. Bununla da, Cavabdeh1 ondan torpaq sahəsinə görə ümumilikdə 6750 manat məbləğində pul almış, lakin, ona nə torpaq sahəsini verməmiş, nə də pulunu qaytarmamışdır. Dəfələrlə Cavabdeh1 müraciət edərək torpaq sahəsini və ya verdiyi pulu qaytarmasını tələb etsə də, həmin şəxs müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bu səbəbdən də, həyat yoldaşı Minavər Əlirzayeva şikayət ərizəsi ilə Qusar rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh1 barəsində tədbir görülməsini xahiş etmiş, həmin müraciət əsasında həmin polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırma aparılmış, onun yuxarıda qeyd etdiyi hallar öz təsdiqini tapmış, lakin həmin məsələ mülki mübahisə xarakterli olduğundan xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmçinin onlara müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi izah olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 torpaq sahəsinin satılması ilə bağlı ondan cəmi 6750 manat məbləğində pul alsa da, həmin pulun müqabilində satmalı olduğu torpaq sahəsini ona satmamış, bu barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də, Cavabdeh1 ondan aldığı 6750 manat məbləğində pulun qaytarılması öhdəliyi, onun həmin məbləğdə pulun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bundan başqa, Cavabdeh1 yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmuşdur. Belə ki, ona qanunsuz Çıxarış əsasında torpaq sahəsini təqdim etməsi, orada fərdi yaşayış evi inşa etməyi, daha sonra həmin evdən və torpaq sahəsindən məhrum olmağı, eləcə də, 2011-ci ildən bu günədək keçən vaxt ərzində nə pulunu, nə də torpaq sahəsini ona qaytarmaması nəticəsində mənəvi sarsıntılar keçirmişir. Çünki, qeyd etdiyi kimi Cavabdeh1 ona qarşı qanunsuz hərəkət etməklə torpaq sahəsinə dair qanunsuz Çıxarış vermiş, torpaq sahəsinin ona məxsus olmasını inandırmış, lakin verdiyi pulun müqabilində haqqı çatan əmlaklardan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 6750 manat, o cümlədən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat, cəmi 8750 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınıb ona verilməlidir. Cavabdeh2 da onun qarşısında pul öhdəliyi mövcuddur. Belə ki, Cavabdeh2 onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olsa da, orada olan fərdi yaşayış evini o inşa etdirmişdir. Bunu o, torpaq sahəsinin qanuni sahibi kimi etmişdir, çünki həmin vaxt onun adına yuxarıda qeyd etdiyi Çıxarış mövcud idi. Ona görə də, Cavabdeh2 həmin evi inşa olunmasına çəkilmiş xərcin əvəzini ona ödəməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normaları ona Cavabdeh2 ona məxsus torpaq sahəsində onun tərəfindən inşa olunmuş fərdi yaşayış evinin inşa edilməsinə çəkilmiş xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ verir, ona görə də, onun tərəfindən həmin evin inşa olunmasına çəkilmiş 6150 manat məbləğində xərc Cavabdeh2 alınıb ona verilməlidir. Həmçinin, Cavabdeh1 qarşı yönələn 8750 manat məbləğində pul tələbinə görə dövlət rüsumu kimi ödənilmiş 107.50 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 qarşı yönəlmiş 6150 manat məbləğində pul tələbinə görə dövlət rüsumu kimi ödənilmiş 81.50 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, Nizami ona torpaq sahəsini göstərib satdığını demişdir. O, Nizamiyə 4800 manat, 1950 manat pul vermiş, əlavə olaraq 100-200 manatlar da vermişdir, o, onları heç saymır, həmin puldan Nizami ona və arvadına heç nə qaytarmayıb. Bir neçə il bundan qabaq polisə ərizə yazmışdır, orada da cavabdeh onları aldatmış, onlara yer verəcəyini demişdir. O, pul istəmir, o, 4 sot torpaq istəyir, ev tikməyə yeri yoxdur. O, orada bir mərtəbəli ev tikmiş, iki qatdan ibarət 13 cərgə tikmiş, cəmi 4000 mişar daşı sərf etmiş, 6150 manat pul xərcləmişdir. Həmin tikilinin üstündə başqa şəxs ev tikib. Nizami ona 8 sot torpaq sahəsi verməyib, cavabdeh ona notariusdan bir sənəd verib, həmin torpaq sahəsini çıxarışı da yoxdur. Cavabdehdən torpaq sahəsini tələb edir. Əgər torpaq sahəsini qaytara bilmirsə, iddia ərizəsində qeyd edilmiş məbləğləri tələb edir. 19 may 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, İddiaçı birinci 4800 manat pul almış, sonra 1950 manat pul almışdır. Həmin pul müqabilində o, Əyzullaya 8 sot torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsinin ilkin sənədləri olmuş, lakin çıxarış olmamışdır. Həmin torpaq sahəsini o, iddiaçıya etibarnamə ilə vermişdir, çıxarış olmadığına görə alqı-satqı edə bilməmişdir. İddiaçıya vermiş olduğu həmin torpaq sahəsini rəsmi qaydada alqı-satqı etməmişdir. İddiaçı həmin torpaq sahəsində yarımçıq tikili tikib. Sonradan torpaq sahəsi başqa şəxsə verilib. Həmin şəxs də orada ev tikib. Həmin torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, o, İddiaçı birinci 4800 manat və 1950 manat pul almışdır. O, iddiaçıya öz yoldaşının adında olan torpaq sahəsini vermişdir, həmin torpaq sahəsi də zəbt olunub. O, iddiaçıya 8 sot yer qaytarmışdır, bu barədə notarial qaydada etibarnamə vermişdir, həmin torpaq sahəsi də rəsmi qayda da alqı-satqı olunmayıb. Sonuncu məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, o, iddiaçıdan torpaq sahəsini satacağı üçün pul almışdır. Lakin sonradan məlum olmuşdur ki, ondakı sənədlər saxtadır və həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. O, iddiaçıya torpaq sahəsini qaytaracaqdır. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli Qusar RPŞ-dən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 Qusar RPŞ-yə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İşdə olan 13 oktyabr 2025-ci il tarixli CVN/O 14-378/25 saylı "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Qusar rayonunda yerləşən, Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.04 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə vizual baxış keçirmiş və fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin məbləği müəyyən olunmuşdur. Beləliklə, qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, Qusar rayonunda yerləşən, Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.04 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin məbləği (işçilik və material xərci daxil olmaqla) 6184,96 (altı min yüz səksən dörd manat doxsan altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1.əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyrihüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə 13 oktyabr 2025-ci il tarixli CVN/O 14-378/25 saylı "xxxx" MMC tərəfindən verilmiş rəy ilə razılaşaraq həmin rəyi sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı ilə birlikdə özünə ev tikmək üçün torpaq sahəsi axtarmağa başlamış, bu məqsədlə həmkəndlisi olan və Qusar şəhərində torpaq alqı-satqısı ilə məşğul olan Cavabdeh1 müraciət etmişdir. Həmin şəxs 2011-ci ilin aprel ayında Qusar şəhərində ondan 4800 manat məbləğində pul almış və onlara Qusar şəhər ərazisindən 0.04 ha torpaq sahəsini satacağına söz vermişdir. Bundan sonra Cavabdeh1 onlara satacağı torpaq sahəsini yerində onlara göstərmiş, torpaq sahəsinin sənədlərini tezliklə düzəldib onlara təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra Cavabdeh1 həmin torpaq sahəsinə dair onun adına olan xx.xx.2011-ci il tarixli ******* saylı Çıxarışı İddiaçı təqdim etmiş, həmin Çıxarış əsasında torpaq sahəsində ev tikə biləcəyini demişdir. Torpaq sahəsinin dəyərini Cavabdeh1 ödədikdən və sonuncu, torpaq sahəsinin Çıxarışını onlara təqdim etdiyindən torpaq sahəsinin artıq onlara məxsus olduğunu zənn edərək 2018-ci ildə onun tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh2 adlı şəxs İddiaçı müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, eyni zamanda torpaq sahəsinə dair Qusar bələdiyyəsi tərəfindən verilmiş qərarı təqdim etmişdir. Bundan sonra onların tərəfindən bələdiyyəyə müraciət olunaraq həmin məsələnin araşdırılması xahiş olunmuş və məlum olmuşdur ki, torpaq sahəsi əslində Rəssam adlı şəxsə satılmışdır, Cavabdeh1 İddiaçı təqdim etdiyi Çıxarış isə qanunsuz və saxta sənəddir. Bundan sonra Rəssam adlı şəxs təkidlə İddiaçı həmin torpaq sahəsinin qaytarılmasını tələb etmiş və bu səbəbdən də iddiaçı həmin torpaq sahəsini orada inşa etdirdiyi fərdi yaşayış evi ilə birlikdə Rəssam adlı şəxsə qaytarmaq məcburiyyətində qalmışdır. Halbuki, iddiaçı tərəfindən həmin fərdi yaşayış evinin inşa olunması üçün ümumilikdə 6150 manat məbləğində xərc çəkilmişdir. Bu hal 13 oktyabr 2025-ci il tarixli CVN/O 14-378/25 saylı "xxxx" MMC tərəfindən verilmiş rəylədə təsdiq olunur. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır: Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, Cavabdeh1 torpaq sahəsinə görə verdiyi 6750 manat və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi hissəsində sübuta yetirmişdir. 6750 manatı Cavabdeh1 İddiaçı torpaq sahəsinin satılması məqsədilə pul götürdüyünü etiraf etmiş, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı 1 mərtəbəli ev tikdiyini bildirmişdir. İddiaçı 2011-ci ildə 6150 manat məbləğində pul vəsaitini özünə torpaq sahəsi almaq məqsədilə Cavabdeh1 vermiş, iddiaçı tərəfindən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh2 adlı şəxs onlara müraciət edərək torpaq sahəsinin ona məxsus olduğunu bildirərək həmin torpaq sahəsindən çıxmağını tələb etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh1 bilə-bilə heç bir hüquqi sənədi olmayan torpağı İddiaçı satmışdır. Bu satış rəsmi qaydada, notarial qaydada həyata keçirilməmişdir. Səbəb olaraq isə Cavabdeh1 tərəfindən İddiaçı satılan torpağın rəsmi qaydada sənədləri olmaması idi. Əgər Cavabdeh1, İddiaçı rəsmi qaydada sənədi olmayan torpağı satmasa idi, iddiaçı həmin torpaq sahəsində tikinti işləri aparmayacaqdı. Məlum məsələdir ki, iddiaçı, torpaq sahəsini cavabdehdən ev tikmək məqsədi ilə alır. Hazırkı işdə isə ilkin olaraq cavabdeh göstərilmiş Cavabdeh2 heç bir cavabdehliyi yoxdur. Belə ki, iddia tələbində qeyd edilən torpaq sahəsinin hüququ sahibi Cavabdeh2dur. O, həmin torpaq sahəsində onun razılığı olmadan aparılmış tikinti işlərinə görə kompensasiya ödəməyə məcbur deyil. Belə ki, iddia tələbində qeyd edilən torpaq sahəsini iddiaçıya Cavabdeh1 satmışdır. Alqı-satqıdan, aparılmış tikinti işlərindən Cavabdeh2 məlumatı olmamışdır. Belə olan halda, rəsmi qaydada alqı-satqısı həyata keçirilməmiş, Cavabdeh1 üçüncü şəxsə məxsus olan torpaq sahəsi iddiaçıya satmışdır. Belə olan halda, İddiaçı maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh1, İddiaçı rəsmi sənədi olmayan, üçüncü şəxsə məxsus torpaq sahəsi satmasa idi, iddiaçı qanuni şəkildə rəsmi qaydada torpaq sahəsi alıb ev tikəcəkdir. İşin hallarından isə görünür ki, İddiaçı hələ də nə torpaq sahəsi alıb, nə də ki, ev tikib. Göründüyü kimi, iddia tələbində qeyd edilən tarixdən qətnamə çıxarılan tarixə kimi iddiaçı mənəvi stress, sarsıntılar keçirmişdir. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə hesab edir ki, iddia qismən təmin olunmalı və mənəvi zərərin əvəzi 1000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair hissədə iddia iddiaçının xeyrinə qismən təmin olunduğundan dövlət rüsumu kimi ödənilmiş 107.50 (yüz yeddi manat əlli qəpik) manat və 81.50 (səksən bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat, Cavabdeh2 məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat, cəmi 13934 manat, dövlət rüsumu kimi ödənilmiş 189 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə, İddiaçı tərəfindən Caspian Valuation” MMC-yə ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı torpaq sahəsinə görə verdiyi 6750 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat, Cavabdeh2 məxsus torpaq sahəsində inşa etdirdiyi tikilinin inşa olunmasına çəkilmiş xərcin əvəzi kimi 6184 manat, cəmi 13934 manat, dövlət rüsumu kimi ödənilmiş 189 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə İddiaçı tərəfindən Caspian Valuation” MMC-yə ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar