Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1746/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 26 noyabr 2017-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 700 manat məbləğində alimentin və 360 manat məhkəməyə müraciət etmək üçün xərclərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri-rəsmi ailə münasibəti qurmuşdur və 26 noyabr 2017-ci il tarixində övladı X6 dünyaya gəlmişdir. xx.xx.2017-ci il tarixində 2 saylı Bakı ASAN xidmət X5 tərəfindən verilmiş şəhadətnamə ilə cavabdeh uşağın atası hesab edilmişdir. Uşaq doğulandan sonra cavabdeh başqa qadınla ünsiyyət qurmuşdur və nəticədə münasibətləri pozulmuşdur. Qızının hazırda 6 yaşı var, cavabdeh isə uşağa qarşı qulluq, təminat, qayğı və digər valideyn borclarını yerinə yetirmir. O, imkan daxilində qızına layiqli həyat səviyyəsini təmin etməyə çalışır. Hesab edir ki, cavabdehin də eyni vəzifəsi var. Qızı ödənişli təhsil müəssəsində “Unicer” məktəbdə təhsil alır. Məktəbi seçəndə cavabdeh də iştirak etmişdir və razı olmuşdur. Qızı həmin məktəbdə böyük həvəslə oxuyur. Onun müəllimlər və uşaqları ilə mehriban münasibətlər yaranmışdır. İllik təhsil haqqı 6.000 manat təşkil edir. 2023/2024 illər təhsil dövr üçün o öz hesabıma ödəniş etmişdir. Qızını yay mövsümündə ölkə üzrə istirahət yerlərə və ya xaricə dincəlmək üçün özü ilə aparmaq istəyir, lakin buna maddi imkanı çatmır. Cavabdeh “CreaPlus" reklam agentliyinin təsisçisi və direktoru kimi Bakı şəhərində fəaliyyət göstərir. Onun aylıq gəliri dəyişkəndir. O, yeni ailəsi və uşaqları ilə mütəmadi olaraq xarici dövlətlərə istirahətə getsə də, azyaşlı qızını da maddi cəhətdən saxlamaq üçün onun kifayət imkanları var. Tərəfindən müvafiq sübutları məhkəməyə təqdim ediləcəyi qeyd edilmişdir.
İş materialları :
3. AZ-İ seriyalı, 340792 nömrəli “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh hesab edilmişdir.
4. AZ-İV seriyalı, 049298 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə doğulmuş və bu barədə 2 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 6647 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli A/557 nömrəli arayışından görünür ki, X4 ondan ötrü ki, o həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbdə təhsil alır. Anası İddiaçı tərəfindən carı ilin təhsil haqqı tam ödənilmişdir. Növbəti təhsil ilin təhsil haqqı mövcud tarifə uyğun olaraq 6 000 manat (altı min manat) təşkil edir.
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli A/614 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 məktəbə qəbulu üçün hər iki valideyn məktəbə müraciət etmişdir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli 2-65473/2024 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh adında xx.xx.2023-cü il tarixdən “Hyundai Grandeur” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
8. “Mediasiya Şurası” Bakı 11 saylı Mediasiya təşkilatındə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00278 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
9. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 12 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir.
10. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən xx.xx.2024-cü il tarixli sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" MMC-də direktorun müşaviri və sərəncamverici direktor kimi işləyir. O, direktorun müşaviri kimi 1126.86 manat, sərəncamverici direktor kimi isə 400 manat əmək haqqı alır.
11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən xx.xx.2024-cü il tarixli sorğu məlumatından görünür ki, icra şöbəsinin icraatında tərəflər-borclu Cavabdeh və tələbkar X7 olduğu aliment tələbinə dair icra işi vardır.
12. Cavabdehin nüamyəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş cavabdehin X1 başqa digər 5 uşağının “doğum haqqında şəhadətnamə”lərin surəti əlavə edilmişdir.
13. İş materiallarına fotoşəkillər əlavə edilmişdir.
Tərəflərin izahatları :
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdehin tez-tez xarici ölkələrə səfər edir. Aprel ayında, o cümlədən sonuncu dəfə isə 1 həftə bundan əvvəl cavabdeh ilə əlaqə saxladıqda o, ABŞ-da olduğunu və ABŞ-dan qayıtdıqdan sonra məhkəmə prosesində iştirak edəcəyini bildirmişdir. Tərəfindən DSX-yə cavabdehin giriş-çıxış məlumatlarının alınması ilə bağlı müraciət edilsə də, cavab olaraq ona bildirilmişdir ki, istənilən məlumatlar şəxsin özünə verilə bilər, üçüncü şəxslərə verilə bilməz. Cavabdehin mülkiyyətində maşın vardır. Cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq o, uşağın saxlanılması ilə bağlı xərclərdə iştirak etməkdən yayınır. Cavabdeh özü 600 manat pulu iddiaçının kart hesabına köçürmüşdür. Uşaq ödənişli məktəbə qəbul olunduğu zaman cavabdeh özü iddiaçı ilə birlikdə getmişdir. Sonuncu dəfə cavabdehlə danışdıqları zaman o, uşağın ödənişli məktəbə getməsinin vacib olmadığını və ondan 235 manatdan artıq aliment ala bilməyəcəklərini qeyd etmişdir. Həmçinin bildirdi ki, uşaq əvvəldən ödənişli məktəbə getdiyinə görə onun həmin məktəbdən ayrılması uşağın psixologiyasına pis təsir edəcəkdir və Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin qərarlarındada uşağın mənafelərinin həmişə üstün tutulmalı olduğu, əvvəlki yaşayış səviyyəsi saxlanılmalı olduğu vurğulanır. Yaşayış minimumu haqqında qanuna əsasən, bir uşağın saxlanılması üçün minimum 235 manat məbləği statistik məlumatdır. İndiki zamanda 235 manata uşaq saxlamağın mümkün deyil. İddia ərizəsində qeyd edilən məhkəmə xərclərinə görə 300 manat iddiaçı ilə aralarında bağlanana müqavilənin qiyməti, 60 manat isə mediasiya xərci olduğunu bildirdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi. O əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehin ilk nikahından üç, hazırki nikahından 2 və Nəzərova Emina ilə birlikdə 6 uşağı var. X6 tərəflərin qeyri-rəsmi nikahından doğulan uşaqdır, hazırda uşağın 6 yaşı var və o, “Unicer” məktəbində təhsil alır. Cavabdehin ilk nikahının pozulmasına səbəbdə bu uşağın doğulması olmuşdur. Tərəflər heç vaxt birgə təsərrüfat aparmamış, birlikdə yaşamamışlar. Cavabdehin xarici ölkəyə getməsinin onun gəlirlərinin yaxşı olması anlamına gəlmir. Cavabdehin mülkiyyətində maşın olsa da, həmin maşından gəlir əldə etməsi ilə bağlı iddiaçı tərəf sübut təqdim edə bilməmişdir. Konstitutsiyaya əsasən, uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdehin rəsmi əmək haqqısı 669 manatdır. Cavabdehin iddiaçıdan olan övladından başqa 5 övladı var. Yaşayış minimumu haqqında qanuna əsasən, bir uşağın saxlanılması üçün minimum aliment 235 manatdır. Belə olduğu halda belə bu məbləğ təkcə atadan tutulmamalıdır. Cavabdeh birinci nikahında doğulan 3 qız övladlarına görə hər uşaq üçün 136,6 manat aliment ödənişi edir. Cavabdehin birinci nikahdan olan keçmiş həyat yoldaşı ilə münasibətləri yaxşıdır, həmin xanım alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh birinci nikahdan doğulan uşaqlarının maddi təminatını yaxşı səviyyədə təmin edir. İddiaçı tərəf cavabdehin gəlirlərinin yüksək olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. O, həmçinin uşağın özəl məktəbə deyil də, dövlət məktəbinə də gedə biləcəyini bildirdi. Uşağın əvvəlki təminatının eyni səviyyədə saxlanılması ilə bağlı iddiaçının nümayəndəsi və vəkilinin fikrinə cavab olaraq bildirdi ki, tərəflər ailə kimi birlikdə yaşamamışlar və uşağın saxlanılmasından cavabdeh imtina etmir. Cavabdeh 235 manat minimum aliment məbləğinin yarısını ödəməyə razıdır. İddia tələbini rədd etsələr də, bunun aliment ödənişindən imtina etməsi anlamına gəlmədiyini bildirdi. İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur.
15. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahdan doğulmuş uşaq ananın himayəsindədir.
16. Cavabdeh ilk evliliyindən doğulmuş 3 uşağı var və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə caavbdehdən aliment tutulur.
17. Cavabdeh hazırda evlidir və hazırki evliliyindən yetkinlik yaşın çatmayan 2 uşağı vardır.
18. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 700 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi isə iddia tələbini qismən qəbul edərək hər ay uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin yarısı miqdaında aliment tutulmalı olduğunu bildirmişdir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Konstitusiyasının :
Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
23. “Uşaq Hüquqları haqqında” Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
Məhkəmənin mövqeyi :
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
28. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
29. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
30. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
31. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh qarşı 700 manat sabit pul məbləğində aliment tutulması tələbini irəli sürmüşdür.
32. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək hər iki valideynin uşağı saxlamağı borclu olduğu nəzərə alınaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğinin yarısı miqdarında aliment tutulmalı olduğunu bildirmişdir.
33. Cavabdehin nümayəndəsinin izahatına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
34. Göründüyü kimi qanunverici əmək qabiliyyəti olan hər bir valideynin (hətta heç bir yerdə işləməyən) uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsini müəyyən etmişdir.
35. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
36. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
37. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
38. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
39. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, uşaq hazırda ödənişli təhsil alır və uşağın ödənişli məktəbə qəbulu üçün cavabdeh də müraciət etmişdir.
40. Cavabdehin nümayəndəsi cavabdehin uşağın həmin məktəbə qəbulu üçün məktəbə müraciət etməməsini bildirməsinə baxmayaraq, etirazının dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
41. Həmçinin cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahata (uşağın özəl məktəbə deyil də, dövlət məktəbinə də gedə bilər) münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Ailə qanunvericiliyinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir(AM maddə 78.2.)
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
45. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, uşaq üçün ödənişli təhsil müəssisəsi seçərkən hər iki valideyn iştirak etmiş, birlikdə ödəniş edəcəklərinə dair razılaşmışlar. Hazırda isə cavabdeh ödəniş etməkdən imtina etdiyi, uşağın saxlanması ilə bağlı xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin yaxşı olmaması uşağın əvvəlki təminatının səviyyəsinin aşağı salınması ilə nəticələnməməlidir.
46. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən uşaqların yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ olması, əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınmaqla yanaşı aliment ödəməli olan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır.
47. Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə icraatının tərkib hissəsi olduğundan, məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlüyünü nəzərə almalı, dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası mümkün olmalıdır. İddiaçı tərəfindən isə cavabdehin 700 manat məbləğində aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübut məhkəmə təqdim edilməmişdir.
48. Məhkəmə qərarının icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir.
49. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də direktorun müşaviri və sərəncamverici direktor kimi işləyir. O, direktorun müşaviri kimi 1126.86 manat, sərəncamverici direktor kimi isə 400 manat əmək haqqı alır.
50. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Sadiq oğlunun məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqları da vardır.
51. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarın 8.7-ci bənsinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.
52. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın əvvəlki təminatının səviyyəsini, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı hər ay 300 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
53. Cavabdehin himayəsində 6 uşağının olmasını, digər məhkəmənin qətnaməsi ilə aliment ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 700 manat aliment tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən hər ay 300 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
54. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
55. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay 300 manat ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir.
56. İddiaçı məhkəmədən həmçinin hüquqi yardım üçün vəkilə və mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 360 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
57. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün çəkilmiş xərclərin əvəzi qismində 360 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi təmin edilməlidir.
58. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
59. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
60. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
61. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri :
62. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
63. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
65. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, aliment məbləği hər ay 300 manat məbləğində təyin edildiyi üçün bir il ərzində ödəmənin məcmusu 3600 manat (300x12=3600) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 56 manat məbləğində dövlət rüsumu alınmalıdır.
66. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
67. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci (60 manat) hazırki mülki iş üzrə hesablanmış dövlət rüsumunun məbləğindən (56 manat) çox olduğu üçün mülki iş üzrə dövlət rüsumu tutulmamalıdır.
Nəticə :
68. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment və məhkəməyə müraciət etmək üçün çəkilən xərclərin əvəzi qismində 360 manat məbləğində vəsait tutularaq İddiaçı verilməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment və məhkəməyə müraciət etmək üçün çəkilən xərclərin əvəzi qismində 360 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddiaçı oğlunun iddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva