Məhkəmə qərarları › İş №2(007)-1766/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1766/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1766/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Məmmədova Leyla Nazim qızı və onun vəkili Mehdiyev Polad Aley oğlunun iştirakları ilə, İddiaçı Məmmədova Leyla Nazim qızının cavabdeh Məmmədov Həsən Məmməd oğluna qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Leyla Nazim qızı cavabdeh Məmmədov Həsən Məmməd oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Həsən oğlu ilə birgə övladları, Məmmədova Polad Həsən oğlu və Məmmədova Reyhan Həsən qızının yetkinlik ayşına çatana qədər onun yanında qalmalarına, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Məmmədov Həsəndən onun xeyrinə hər ay, hər uşaq üçün 170 manat olmmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məmmədova Leyla Nazim qızı cavabdeh Məmmədov Həsən ilə 07 oktyabr 2010-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Səadət Qeydiyyat şöbəsi tərifindən tərəflərə bu barədə 07 oktyabr 2010cü il tarixli, 1244 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Məmmədova Leyla Nazim qızı və cavabdeh Məmmədov Həsənin xx.xx.2006-ci il təvəllüdlü Məmmədov Polad Həsən oğlu və xx.xx.2007-ci il təvəllüdlü Məmmədova Reyhan Həsən qızı adlı övladları vardır. Cavabdeh artıq uzun müddətdir ki, arvadı Məmnədova Leyla Nazim qızı və övladları ilə birlikdə yaşamır. Məmmədov Həsən övladlarının saxlanılmasında iştirak etmir. Məhkəmə iclasında Məmmədova Leyla Nazim qızı və onun vəkili Mehdiyev Polad Aley oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Məmmədov Həsən Məmməd oğlu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin onlar bildirdilər ki, cavabdehin rəsmi gəlirləri yoxdur. Daşıma fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 614432 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədov Həsən Məmməd oğlu ilə Əliyeva Leyla Nazim qızı 07 oktyabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. - AZ-İİ Seriyalı 624733 nömrəli və AZ-İİ Seriyalı 624732 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Məmmədova Reyhan Həsən qızı 02 oktyabr 2007-ci il tarixdə, Məmmədov Polad Həsən oğlu 14 noyabr 2016-cı il tarixdə doğulmuşlar. Ataları Məmmədov Həsən Məmməd oğlu, anaları Məmmədova Leyla Nazim qızıdır; Məhkəmə iclasında müəyyən olundu ki, Məmmədov Həsən Məmməd oğlu ilə Məmmədova Leyla Nazim qızı 07 oktyabr 2010-cu il tarixdə nikahlarını rəsmi qeydə aldırmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 02 oktyabr 2007-ci il tarixdə Məmmədova Reyhan Həsən qızı, 14 noyabr 2016-cı il tarixdə Məmmədov Polad Həsən oğlu adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, ayrıldıqları zaman uşaqlar ananın yanında qalmışlar. Ayrı yaşadıqları müddətdə cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün iddiaçıya köməklik göstərməmiş, uşaqların maddi tələbatını ödəməmişdir. İddiaçı hazırda yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin “cavabdeh Məmmədov Həsən oğlu ilə birgə övladları, Məmmədova Polad Həsən oğlu və Məmmədova Reyhan Həsən qızı yetkinlik ayşına çatana qədər onun yanında qalmalarına” aid hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər hazırda rəsmi olaraq nikahdadırlar və hazırki tələb nikahın pozulması ilə bağlı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki tərəflər rəsmi nikah münasibətindədirlər, birgə nikahlarından doğulmuş uşaqların analarının himayəsinə verilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin alimentlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini ümumilikdə 340 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə 02 oktyabr 2007-ci il təvəllüdlü Məmmədova Reyhan Həsən qızı və 14 noyabr 2016-cı il təvəllüdlü Məmmədov Polad Həsən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 21 may 2020-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Məmmədov Həsən Məmməd oğlundan 14 noyabr 2016-cı il təvəllüdlü Məmmədov Polad Həsən oğlu və 02 oktyabr 2007-ci il təvəllüdlü Məmmədova Reyhan Həsən qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmalqa, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Məmmədova Leyla Nazim qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Məmmədov Həsən Məmməd oğlundan 14 noyabr 2016-cı il təvəllüdlü Məmmədov Polad Həsən oğlu və 02 oktyabr 2007-ci il təvəllüdlü Məmmədova Reyhan Həsən qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, xx.xx.2020ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmalqa, ümumilikdə 300 manat sabit pul məbləğində aliment Məmmədova Leyla Nazim qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məmmədov Həsən Məmməd oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar