Məhkəmə qərarları › İş №2(007)-1811/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1811/2020

28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1811/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər hər ay əmək haqqından və digər gəlirlərindər 1/4 hissədə aliment pulu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, 14 fevral 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 18 dekabr 2013-cü il tarixdə anadan olmuş X5 adlı oğlu vardır. İlk əvvəllər cavabdehlə ailə münasibərləri normal olsada, təqriban 2019-cu ilin yay aylarından getdikcə münasibətləri korlanmağa başlamışdır. Bununla əlaqədar, 2020-ci ilin əvvəlində Cavabdeh ona qarşı “nikahın pozulması”na dair Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə barışmaq üçün onlara üç ay vaxt vermişdir. Son məhkəmə iclası 11 iyun 2020-ci il tarixinə təyin edilmişdir. Cavabdeh bu müddət ərzində uşağın saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti sistemində işləyir və aylıq maaş alır. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 18 dekabr 2013-cü il tarixdə anadan olmuş X2 üçün yetkinlik yaşma çatana qədər hər ay əmək haqqından və digər gəlirlərindən 1/4 hissədə aliment pulu, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 251 (iki yüz əlli bir) manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində, hal-hazırda ambulator müalicə olunduğunu, ona görə də məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 833769 nörməli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinən görünür ki, Cavabdeh və X6 14 fevral 2013-cü il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir; - AZ-İİİ 237430 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X518 dekabr 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 may 2020-ci il tarixli məktubundan görünür ki, Səmədov X3 xidmətin Kadrlar idarəsinin inspektoru vəzifəsində qulluq edir və onun aylıq əmək haqqı 1004 manat 51 qəpik təşkil edir. - İddiaçı ilə Vəkil arasında bağlanmış 01 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsinə görə 251 manat ödəniş etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-914/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 14 fevral 2013-cü il tarixdə bağlanmış və 163 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 18 dekabr 2013- cü il təvəllüdlü X4 anası İddiaçı himayəsinə verilməsi, Cavabdeh 18 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - İcra sənədinin qaytarılması haqqında 14 iyul 2020-ci il tarixli qərardan görünür ki, tələbkar İddiaçı aliment tələbi barədə icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, İcra sənədi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 14 fevral 2013-cü il traixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahından 18 dekabr 2013-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 14 fevral 2013-cü il tarixdə bağlanmış və 163 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsinə verilməsi, Cavabdeh 18 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin qaytarılması haqqında 14 iyul 2020-ci il tarixli qərardan görünür ki, tələbkar İddiaçı aliment tələbi barədə icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, İcra sənədi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə alimentin hansı qaydada və məbləğdə tutulmasını müəyyən edərkən qeyd edir ki, Cavabdeh rəsmi olaraq işləyir, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və ya valideynin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır, bu tələb iddiaçı tərəfindən irəli sürülmüşdür və onu qane edir. Ona görə məhkəmə hesab edir ki, aliment hər ay ödənilməli olan cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində vəkil xidməti üçün ödənilmiş 251 manat tutularaq onun xeyrinə ödənilməsi xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı ilə Vəkil arasında bağlanmış 01 iyun 2020-ci il tarixli müqaviləni təqdim etmişdir. Hansı ki, həmin müqavilədən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsinə görə 251 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 iyun 2020-ci il tarixdən başlayaraq, 18 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməli, hüquqi yardıma görə ödənilmiş 251 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda hesab edir ki, məhkəmə xərcləri qalan məbləğ cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 20,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 02 iyun 2020-ci il tarixdən başlayaraq, 18 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Hüquqi yardıma görə ödənilmiş 251 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 20,0 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar