Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1843/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 246 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 13 sentyabr 2014-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(007)- 2454/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və aralarında 05 aprel 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 523 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 13 sentyabr 2014-cü il təvəllüdlü X2 onun himayəsində qalması, Cavabdeh onun xeyrinə 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(007)-2454/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra vəqəsi İcra şöbəsində olarkən ondan ərizə yazmasını xahiş etdilər ki, icra vərəqəsini məhkəməyə geri qaytarsınlar. Onun ərizəsi əsasında icraata xitam verilməsi haqqında qərar qəbul olunmuş və icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Cavabdeh uşağın saxlanmasında ona heç bir kömək göstərmir, uşağın təhsili ilə bağlı maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşağı ilə maraqlanmır, maddi yardım göstərmir. Uşağın normal saxlanması üçün normal vəsait lazımdır. Buna görə də rəsmi olaraq cavabdehdən uşağın saxlanması üçün aliment tələb edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə 2018-ci ildə uşağın saxlanması üçün 154 manat aliment müəyyən edilmiş, sonradan ölkə üzrə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilən alimentlə bağlı artım olsa da, tərəfindən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Cavabdeh uşağı ölkə xaricinə aparmağa icazə vermirdi, o, uşağın atanın icazəsi olmadan ölkə xaricinə çıxması üçün məhkəməyə iddia ilə müraciət edə biləcəyini biləndən sonra cavabdeh uşağın ölkə xaricinə çıxarılmasına razılıq vermişdir, bir şərtlə ki, o, alimentdən imtina etsin və cavabdehdən aliment istəməsin. Notarial qaydada ərizə verərək bunu təsdiqlətmişdir. Bundan sonra müəyyən işlərlə əlaqədar o, oğlu ilə Rusiyaya getmiş, 6 ay orada qalmış, 6 aydan sonra işləri alınmadığı, sənədləri düzəlmədiyi üçün ölkəyə qayıtmışdır. Uşaq 5-ci sinifdə təhsil alır, xərcləri çoxdur, cavabdeh ata kimi uşağın geyiminə, hazırlığına kömək etmir. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün dövlətin müəyyən etdiyi aliment məbləği təyin edilsin, uşağın hazırlıqlarına kömək etsin, uşağın ürəyi istədiyi bir şeyi alsın. Uşaq hazırlığa gedir, oxuyan uşaqdır, ingilis dilindən, rus dilindən də hazırlığa getməsini, oxumasını istəyir. Uşağın bir hazırlığının xərci 100 manatdır. Uşağın yemək, geyim daxil olmaqla bütün xərclərini özü edir. Cavabdeh digər məhkəmə proseslərində də israrla deyir ki, aliment verməyəcək, niyə belə deməsinin səbəbini də bilmir. Cavabdeh uşağın ölkə xaricinə çıxarılması üçün verdiyi icazədən imtina edə bilər, problem deyil. Cavabdeh uşağı özü ilə aparıb 5-10 gün, cümə günü aparıb şənbə və bazar günü yanında saxlayır, bayram günləri də uşağı özü ilə aparır. Əgər cavabdeh uşağa aliment verməyəcəksə, onda uşağı özü ilə aparmasın. Cavabdeh 10 ildir ki, işləmir, alimenti də cavabdehin atasının gəliri yaxşı olduğu üçün o verirdi. O özü yeni işə düzəlmişdir, bu aydan marketdə işləyir, aylıq əmək haqqısı 600 manatdır, hal-hazırda kirayədə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək əlavə olaraq qeyd etmişdir ki, uşağın ölkədən çıxarılmasına etiraz edirdi, çünki uşağı dolayı yollarla ölkə xaricinə aparmaq istəyirdilər. O, aliment ödəməkdən imtina edir, bu şərtlə ki, uşaq onun yanında qalsın, alimentini də, geyimini də özü edəcəkdir. İddiaçı onun haqqında elə danışır ki, sanki o, uşağa can yandırmır. O, uşağa köməklik edir. Uşağın 11 yaşı var, uşaq özü də onun dediklərini təsdiqləyər. Rəsmi işləmir, qeyri-rəsmi fəhləlik edir. Qazancı dəyişkəndir, elə gün olur ki, heç gəliri olmur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 13 sentyabr 2014-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(007)-2454/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində qalması, Cavabdeh iddiaçı X1 xeyrinə 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çalanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə aliment hissəsində icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlanılmışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə icra sənədinin xitam verilməsi haqqında ərizə verərək icra sənədində qeyd olunan tələb tam icra olunduğundan heç bir şikayət və tələbi olmadığını bildirmiş və ərizə əsasında İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 19 iyul 2018-ci il tarixli, 2(007)-2454/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin, iddiaçı xx.xx.2024-cü il tarixdə notarial qaydada ərizə verərək bildirmişdir ki, 13 sentyabr 2014-cü il təvəllüdlü X2 atası tərəfindən alimentlər tam olaraq ödənilir və alınmış alimentlərlə əlaqədar onun heç bir iddia və tələbi yoxdur. Hazırda iddiaçı cavabdehdən 246 manat sabit pul məbləğində aliment tələb edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-00526 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat poçt-kargüzarlıq xərci çəkilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə əsasən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq hesab edir ki, iddia təmin edilərək, 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment ərizənin verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 04 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 13 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1843/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1843/2025
04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver