Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1860/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4 və 03 dekabr 2017-ci il təvəllüdlü X1 üçün Qəbələ Rayon Məhkəməsinin 2(025)-687/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 160 manat, cəmi 480 manat olan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat (cəmi 705 manat) məbləğində müəyyən edilməsi və mediasiyya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 2(025)-36/2021 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikahları pozulmuş, 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4, 03 dekabr 2017-ci il təvəllüdlü X5 yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşma çatanadək saxlanması üçün 26 avqust 2020-ci il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh hər uşaq üçün 120 manat olmaqla 360 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan Qəbələ Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılması tələbi ilə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-687/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək birgə nikahdan anadan olmuş 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4 və 03 dekabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda ölkə üzrə yaşayış minimumu artırıldığından cavabdeh tərəfindən ödənilməli aliment məbləği ölkə üzrə yaşayış minimumuna uyğunlaşdırılmalıdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəni məhkəmədən kənar qaydada mediasıya sessiyasında həll etməyə çalışsa da cavabdeh iştirak etmədiyindən həll etmək mümkün olmamışdır. İddia tələbinə etiraz: Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, onun aylıq məvacibi 720,28 manat olduğu halda o, həmin məbləğin 67 faizinin 480 manatı aliment olaraq tutulub iddiaçıya köçürülür. İddiaçı uşaqların azyaşlı olduğunu göstərərək guya işləyə bilmədiyini bildirsə də ali təhsilli, Azərbaycan dili və Ədəbiyyət müəlliməsi olan İddiaçı Binə qəsəbəsində yerləşən orta məktəblərin birində müəllimlik edir və mediasiya prosesinə xərclədiyini iddia etdiyi 50 manatı və məhkəmə üçün xərci onun ödənilməsini xahiş etmişdir. Çünki ona qalan məvacibin qalığı ilə o, bazar günləri uşaqlarını görməyə çalışır. Həmçinin, 2022, 2023 və 2024-cü illər ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının aylıq əmək haqlarında artım baş verməmişdir. Əgər əmək haqqı artımı olarsa, o, ata kimi maddi-mənəvi məsuliyyətini bildiyi üçün özü müraciət edərək əmək haqqısının 70 faizi civarında alimentin artırılmasını irəli sürəcəkdir. Hər dəfə mediasiya təşkilatlarına müraciət edərək (mediasiya, məhkəmə, icra xərclərini) maddi yükünün üzərinə əlavə məsuliyyət gətirməsinin yolverilməz olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu məbləği ilə bağlı qanunu bilir, lakin, alimentin təyin olunmasna əsas və səbəb olaraq, hazırda "xxxx" ASC-yə 3520 manat, "xxxx" ASC-yə 9975,50+ 760.000 -240.000 manat kredit borclarının olmasını bildirir və əmlak vəziyyətini (kirayə qalması), həmçinin özünün yaşamağı üçün əlavə gəlirinin olmadığını, uşaqlarla görüş günlərinə gəlməyinin xərclərini və onların zəruri ehtiyaclarını bir ata kimi təmin etməsi üçün minimum tələbatın ödənilməsi üçün maddi imkanının aşağı olmasını nəzərə alaraq Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin müddəalarının nəzərə alınmasını xahiş etmişdir. Bununla yanaşı, evlə təmin olunmaq hüququ istəyinə isə yaşamaq və qalmaq üçün özünün heç bir mülk və ya əmlakının olmadığından uşaqları üçün qalmağa yer ayıra bilmir, belə ki, özü də kirayə qalır. Hüquqlarının təmin olunmasından və müntəzəm olaraq uşaqları ilə görüşün davam etməsindən, anaları tərəfindən doğru-düzgün təlim-tərbiyə edilməsindən əlavə olaraq heç bir iddiası yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2021ci ildə rəsmi şəkildə boşanmışlar və birgə nigahlarından 3 övladları vardır, cavabdeh ilə ailəli olduqları müddətdə uşaqlarla maraqlanmırdı, boşanandan sonra da uşaqlarla maraqlanmamışdır. Aliment məbləği ilk olaraq hər uşaq üçün 120 manat olaraq, sonradan artırılaraq hər uşaq üçün 160 manat olaraq müəyyən edilmişdir. Sentyabr ayından kiçik övladı da məktəbə getməyə başlayacaqdır. Uşaqların məktəb xərcləri, qidası, geyimi, məktəbdə olan tədbirləri, dərmanları üçün 480 manat aliment kifayət etmir. Uşağı məktəbdə olan “Əlifba bayramı”na, məktəbdə təşkil edilən tədbirlərə göndərə bilmir. Cavabdehdən uşağı bayramlara, tədbirlərə göndərmək üçün pul istəyəndə aliment ödədiyini bildirir. Son zamanlar cavabdeh bazar günü gəlib uşaqları görür, lakin sadəcə uşaqları görməklə kifayətlənir, heç nə etmir. Onları parka aparır, meyvə şirəsi və peçenye alır, lakin maddi cəhətdən kömək etmir. Cavabdeh Fövqəladə Hallar Nazirliyində çavuş vəzifəsində çalışır, 800 manat əmək haqqı alır. Lakin taksi fəaliyyəti ilə də məşğul olur, əlavə gəlir yeri var, ancaq özü məsuliyyətsizlik edir. Cavabdeh 160 manat aliment müəyyən edilən zaman da indiki işində çalışırdı. O zaman maaşı az olmuş, hərbçilərin daimi olaraq maaşı artdığı üçün onun da maaşı artmışdır. Cavabdehin əmək haqqısından 70 faiz tutulmur. O, özü müəllimədir, yay aylarında işləmir, işləsə sentyabr ayında işləyəcək, onun da maaşını oktyabr ayında alacaqdır. Maaşı dərs saatından asılı olaraq dəyişir. O, maddi cəhətdən kurs götürmüş, ancaq kursla çatdıra bilmədiyi, uşaqlara vaxt ayıra bilmədiyi, səhər tezdən məktəbə getdiyi, oradan da kursa getmək onu yorduğu üçün kursu dayandırmışdır. Onun əmək haqqısı ilə 4 nəfər necə dolanacaqlar? Hər bir şeyi qadının üzərinə yıxmaq doğru deyildir. Cavabdeh yenidən ailə qurmamışdır və hazırda tək yaşayır. O, cavabdehə keçən ilin dekabr, 2024-cü ilin yanvar aylarında alimentin artırılması ilə bağlı müraciət edəcəyini bildirmiş, cavabdeh də məhkəməyə müraciət etməsini, aliment məbləği nə qədər artırılırsa ödəyəcəyini söyləmiş, lakin mediasiya prosesinə gəlməmiş, konkret nə qədər aliment ödəyəcəyini deməmişdir. O, həmçinin qeyd etdi ki, cavabdehin avtomobili və torpağı olmuş, lakin həmin əmlakların aralarında bölünməməsi üçün onları satmışdır. Əmlaklar nikah dövründə alınsa da, əmlaklarının birini atasının, birini bibisinin adına almışdır. Cavabdehdən 4 sot torpaqdan heç olmasa 1 sotunu kiçik ev tikib orada uşaqlarla birgə yaşamaq üçün ona verməsini xahiş etmiş, lakin xahişini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini, əmək haqqısı qalxdığı təqdirdə əmək haqqısının 70 faizi həcmində aliment tutulmasına razı olduğunu bildirərək iddianın təmin olunmamasını, əvvəlki aliment məbləğinin qüvvədə qalmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, əmək haqqısının 67 faizi həcmində aliment tutulur, 70 faizdən artıq tutulması qanunvericiliyə uyğun olaraq mümkün deyildir. 2022, 2023 və 2024-cü illər ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının aylıq əmək haqlarında artım baş verməmişdir. O, kargüzar vəzifəsində işləyir və əlavə paket almır. O, maddi və mənəvi məsuliyyətini dərk edir, qarşı tərəfin vəziyyətini başa düşür. O, maaşının qalan hissəsi ilə həftədə bir dəfə bazar günü uşaqlarını görməyə çalışır, maaşının ona qalan az hissəsi ilə kirayə haqqı və digər şəxsi yaşam ehtiyaclarını qarşılamağa çalışır. Hətta bazar günü özünə qalan pulla uşaqlarla vaxt keçirmək üçün onları görməyə gəlir. Elə olub ki, uşaqların ayrıca ad günlərini keçirmişlər. Bundan artıq mümkün deyildir. Aliment 220 manat olsa belə əmək haqqısından tutula bilməyəcək və borcu yığılacaqdır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 26 aprel 2015-ci il təvəllüdlü X6, 13 dekabr 2016-cı il təvəllüdlü X7 və 03 dekabr 2017-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-36/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixindən başlayaraq İddiaçı xeyrinə hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-687/2022 saylı, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4, 03 dekabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 14 saylı Mediasiya Təşkilatının MŞB/14/2024-01099 saylı, xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. Həmçinin, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nəzirov X2 Hallar Nazirliyinin mülki müdafiə qoşunlarında xidmət edir, aylıq ələ çatacaq əmək haqqı məbləği 720,28 manat təşkil edir və həmin əmək haqqından 480 manat aliment tutulur. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat olmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cəmi 480 manat məbləğin dəyişdirilməməsini xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının və cavabdehin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 705 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4, 03 dekabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-687/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 26 aprel 2015-ci il təvəllüdlü X3, 13 dekabr 2016-cı il təvəllüdlü X4, 03 dekabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, idda tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat mediasiya xərcindən iddiaçı tələb etdiyi üçün 50 manat məbləğində vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-687/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment və iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait tutulub, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1860/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1860/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver