Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1865/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “cehiz əşyaları” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdehya qarşı “cehiz əşyaları” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona məxsus olan əşyalar - 1 ədəd Hoffman markalı kondisioner və ya onun dəyəri 540 manat, 1 ədəd lüstr və ya onun dəyəri 400 manat, 12 ədəd stəkan və ya onun dəyəri 140 manat, 2 ədəd şirniyyat qabı və ya onun dəyəri 100 manat olmaqla, ümumilikdə 1180 manatın Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Münasibətləri düz gəlmədiyi üçün nikahları xx.xx.2024-cü il tarixdə 5 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində pozulmuşdur. Cavabdehlə toyları olarkən el adətinə uyğun olaraq cehiz əşyalar aparmışıdır. Nikahları pozulduqdan sonra cehiz əşyalarının müəyyən hissəsini götürsə də, Hoffman markalı 1 ədəd kondisoner-540 manat dəyərində, Lüstr (Türkiyyə istehsalı) 1ədəd-400 manat dəyərində, 12-ədəd stəkan (Karaca firması) -140 manat dəyərində və 2ədəd şirniyyat qabları (İran istehsalı-keramika) -100 manat dəyərində əşyaları cavabdeh tərəfindən ona verilməmişdir.
Cavabdehin etirazının əsaslandığı hallar:
3. Cavabdeh iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, iddiaçı “Nikahları pozulduqdan sonra cehiz əşyalarımın müəyyən hissəsini götürsəmdə, Hoffman markalı 1 ədəd kondisoner-540 manat dəyərində, Lüstür (Türkiyyə istehsalı) 1-ədəd-400 manat dəyərində, 12-ədəd stəkan (Karaca firması) -140 manat dəyərində və 2-ədəd şirniyyat qabları (iran istehsalıkeramika)- 100 manat dəyərində əşyaları cavabdeh tərəfindən verilmədi”-deyə iddia ərizəsində qeyd etsə də, iddiaçının qeyd etdiyi 12-ədəd stəkan (Karaca firması) -140 manat dəyərində onda qalmamışdır. Onun tərəfdən digər əşyaların saxlanma səbəbi odur ki, ona məxsus olan ziynət əşyası (qızıl boyun bağı) qaytarılmadığına görə, o da əvəzində olaraq, Hoffman markalı 1 ədəd kondisoner-540 manat dəyərində, lüstr (Türkiyə istehsalı) 1-ədəd-400 manat dəyərində və 2-ədəd şirniyyat qabları (iran istehsalı-keramika)-100 manat dəyərində əşyaları özündə saxlamışdır.
İş materialları :
5. AZ-İ seriyalı, 438792 nömrəli “nikahın pozulması” haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah tərəflərin birgə ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 48 nömrə ilə qeyd edilmişdir.
6. İddiaçı tərəfindən iş materiallarına Karaca firmasına aid olan stəkanların, “Hoffman” markalı 1 ədəd kondisionerin (evdə quraşdırılmış), 1 ədəd 8 şamlı lüstrün (evdə quraşdırılmış), 2 ədəd şirniyyat qabının fotoşəkilləri əlavə edilmişdir.
7. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB\8\2024-00595 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında veriyi izahatında bildirmişdir ki, o, ona məxsus olan cehiz əşyalarını maneə yaradılmadan evdən özü götürmüşdür. Lakin cavabdeh iddia ərizəsində qeyd etdiyi lüstr, kondisoneri götürməsinə icazə verməmişdir. Cavabdeh ona açıq-açıq bildirmişdir ki, lüstr, kondisoneri sepin əvəzi olaraq girov kimi saxlamışdır. Lakin o cavabdehin tələb etdiyi boyunbağının hansı boyunbağı olduğunu bilmir. Həmçinin qeyd etmişdir ki, onun cehiz əşyalarını anası yerləşdirmişdir. Əşyaların yerləşdirildiyi yerləri bilmişdir. Onun cehiz apardığı əşyaların bir hissəsi qutuda balkonda yığılıb saxlanılmışdı. Evdə başqa əşyalar olduğu üçün cehiz apardığı əşyaların çox hissəsini istifadə etməmişdir. Həmin əşyaları evdə istifadə edəndə görməmişdir. Həmin mənzildə 1 il yaşamışdır. Evdə qaynanası ilə birlikdə yaşamışdır. O, cehiz əşyalarını Gəncəyə anasının evinə aparıb baxanda 12 ədəd stəkanın qutuların içərisində olmadığını görmüşdür.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh Nəzər oğlu etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianı qismən qəbul etdiyini bildirmişdir. O, əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı evdən iki dəfə çıxıb getmişdir. Gedəndə cavabdehin nişan üzüyünü də aparmışdır. Sonuncu dəfə getdikdə isə təxminən dəyəri 1000 manat olan boyunbağını özü ilə aparmışdır. O, həmin boyunbağının əvəzi olaraq lüstr, kondisoneri və 2 ədəd qabı girov kimi saxlamışdır. Həmçinin qeyd etmişdir ki, lüstr, kondisoner və 2 ədəd qab evdə olsa da, stəkanlar evdə yoxdur.
İşin faktiki halı :
10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur.
11. İddiaçı ailə qurduğu zaman cehiz apardığı əşyalarını cavabdehin mənzilindən geri götürmüşdür. Lakin cehiz əşyalarının bir hissəsinin götürülməsinə cavabdeh tərəfindən maneələr yaradılmışdır.
12. Cavabdeh tərəfindən iddia tələbi qismən etiraf edilmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. İddiaçı Cavabdeh qarşı “cehiz əşyaları” tələbini həmin əşyaların nikah bağlayarkən cehiz olaraq aparılması və nikah pozulduqdan sonra həmin əşyaların götürülməsinə cavabdeh tərəfindən maneə yaradılması ilə əsaslandırmışdır.
19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
20. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
21. İşin məhkəmə tərəfindən araşdırılan, mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ailə münasibətlərinə daxil olarkən iddiaçının ailəsi tərəfindən iddiaçıya cehiz əmlak olaraq bir çox əşya, o cümlədən iddia ərizəsində qeyd edilən çıl-çıraq, kondisioner və.s hədiyyə edilmişdir.
22. Qanunvericiliyə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir.
23. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli əmlakların mülkiyyətçisi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququna malikdir.
24. İşin məhkəmə tərəfindən araşdırılan mübahisəsiz digər halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən İddiaçı ona məxsus olan cehiz əşyaların götürülməsinə maneə yaradılmışdır.
25. Belə ki, Cavabdeh etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən Hoffman markalı 1 ədəd kondisioner-540 manat dəyərində, Lüstür (türkiyə istehsalı) 1 ədəd -400 manat dəyərində və 2 ədəd şirniyyat qabı (iran istehsalı-keramika)-100 manat dəyərində olan əşyaları ona məxsus olan qızıl boyunbağının iddiaçı tərəfindən qaytarılmaması səbəbi ilə özündə saxlamışdır.
26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
27. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
29. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
30. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
31. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır
32. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
34. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
35. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə qeyd edilən normanın dispozisiya şərtlərinin hər biri mövcuddur.
36. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilən Hoffman markalı 1 ədəd kondisioner, 1 ədəd Lüstür (türkiyə istehsalı) və 2 ədəd şirniyyat qabının iddiaçının mülkiyyətində olması, həmin əşyaların cavabdehin sahibliyində olması işi məhkəmə tərəfindən araşdırılan, cavabdeh tərəfindən etiraf edilən mübahisəsiz halıdır.
37. Cavabdehin həmin əşyalara sahibliyinin qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus olan əşyaları özündə girov kimi saxlamasının hər hansı bir qanuni əsası olmadığından onun həmin əşyalara sahibliyi qanunsuz hesab edilməlidir.
38. Mülki prosessual qanunvericiliyə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
39. Məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdeh iddianı etirafı qəbul olunmalıdır.
40. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
41. Məhkəmə iddia ərizəsində qeyd edilən 12 ədəd stəkan ilə bağlı isə qeyd edir ki, iddiaçı məhkəməyə həmin əşyaların cehiz olaraq aparıldığını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
42. Mülki Prosessual Məcəlləyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
44. Ona görə də məhkəmə hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
45. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
46. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
47. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi 12 ədəd stəkan və ya onun dəyərinin əvəzi olaraq 140 manat tutulmasına dair hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.
Məhkəmə Xərcləri :
48. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə :
49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus “Hoffman” markalı 1 ədəd kondisioner və ya onun dəyərinin əvəzi olaraq 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti, 1 ədəd lüstr və ya onun dəyərinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti, 2 ədəd şirniyyat qabı və ya onun dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus “Hoffman” markalı 1 ədəd kondisioner və ya onun dəyərinin əvəzi olaraq 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti, 1 ədəd lüstr və ya onun dəyərinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti, 2 ədəd şirniyyat qabı və ya onun dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva