Məhkəmə qərarları › İş №2(007)-1879/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1879/2020

16.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1879/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.1-ci madəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı öz iddia ərizəsinə, ünvan 1 ünvanında qeydiyyatsız yaşaması barədə 57 saylı MKİS tərəfindən verilmiş arayışı əlavə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının öz iddia ərizəsinə əlavə etdiyi həmin arayış, onun yaşayış yerinin ünvan 1 ünvanı kimi müəyyən edilməsi üçün əsas ola bilməz. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən, şəxsin yaşayış yeri, onun şəxsiyyət vəsiqəsində göstərilən yaşayış yeri hesab olunur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı yaşayış yeri qrafasında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi yat, ev 8, mənzil 91 kimi qeyd olunmuşdur. Bundan başqa Cavabdeh da, ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir, iddia ərizəsinə ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar