Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1900/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment, ödənilmiş 50 manat mediasiya xərcinin, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 140 manat, cəmi 190 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdehlə 22 sentyabr 2007-ci ildə nikah bağlamışlar. Birgə nikahdan iki övladları 04 sentyabr 2008-ci il təvəllüdlü X6 və 17 avqust 2013-cü il təvəllüdlü X7 doğulmuşlar. Cavabdehlə aralarında olan nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi və 2(007)-1158/2022 saylı, 25 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ilə və həmin qətnamələri qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, hər iki uşaq onun yanında və himayəsində saxlanılmışlar. Uzun müddətdir ki, cavabdehlə ayrıdırlar, birgə yaşamırlar. Cavabdeh bir valideyn ana olaraq övladları ilə maraqlanmır, onların nə ki mənəvi, maddi ehtiyaclarının olub-olmamasına diqqət yetirmir. Cavabdehin maddi vəziyəti yaxşıdır, əmək müqaviləsi əsasında Bakı X11 kompüter mütəxəssisi vəzifəsində çalışır və yaxşı məbləğdə aylıq əmək haqqı alır. Hesab edir ki. cavabdehin də bir valideyn olaraq övladları qarşısında daşıdığı vəzifələri vardır və bu vəzifələri yerinə yetirməyə borcludur. Tərəfindən alimentin ödənilməsi barədə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif verilmiş, daha sonra Mediasiya Şurasına müraciət edilmiş, müsbət nəticə əldə edilmədiyindən ona prosesin davam etdirilə bilinməməsi barədə arayış verilmişdir. Məhkəmə tərəfindən alimentin hesablanmasının tarixi müəyyən edilərkən onun cavabdehə aliment ödəməsi barədə göndərdiyi təklifin (tələbin) tarixi (xx.xx.2023-cü il) nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Az əmək haqqı alır. Yaşadığı evi təmir etdirmək istəyir şəraitsiz vəziyyətdə yaşayır. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddiaçı yaxşı əmək haqqı alır. İddiaçı özü iddianın zəruriliyini qeyd etmir. İddiaçı tərəf sübut etsin ki, həqiqətən pula ehtiyacı var. Aliment o halda tutulur ki, ona ehtiyacı olsun. İddiaçı dəfələrlə cavabdehə şiddət göstərib. Ona görə ayrılıblar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X4 arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 22 sentyabr 2022-ci ildə bağlanmış və 734 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1158/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1158/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X3 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. - AZE seriyalı 11605794 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. - AZE seriyalı 12094113 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 13 may 2023-cü il tarixli, MŞB/8/2023-00652 saylı arayışdan görünür ki, hər iki tərəf 13 may 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesinə davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2023-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməsi ilə bağlı təklif göndərilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh Heydər Əliyev adına X11 “tabelçi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 665.5 manatdır. - Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilən 09 avqust 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı aylıq əmək haqqı tutumlardan sonra 1346.31 manatdır. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə X4 arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 22 sentyabr 2022-ci ildə bağlanmış və 734 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2691/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-229/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1158/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Hal-hazırda uşaqlar atanın yanında qalırlar. Hazırda iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment müəyyən edilir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan fotoşəkillərə əsasən qeyd edir ki, göründüyü kimi cavabdeh çətin həyat şəraitində yaşayır. Cavabdehin aylıq əmək haqqı olsa da onun başqa gəlir yeri yoxdur. Odur ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, həyat şəraitini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardım göstərilməsi üçün ödənilmiş 140 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbini sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment, 50 manat mediasiya xərci İddiaçı xeyrin tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki halda, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment, 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1900/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1900/2023
12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver