Məhkəmə qərarları › İş №2(007)-1934/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1934/2022

14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1934/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsinəd müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciə edərək, borclu Cavabdeh onun xeyrinə uşağı X5 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasına dair əmr verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, borclu Cavabdeh ilə xx.xx.2020-ci ildə qanuni nikaha daxil olmuşdur. Birgə nikah həyatından onların xx.xx.2020 təvəllüdlü X9 və xx.xx.2022 təvəllüdlü X13 adlı iki uşaqları olmuşdur. Yaşadıqları müddətdə onun borclu ilə münasibətləri yaxşı olmuş, sonradan borclunun ona qarşı münasibəti dəyişmiş və onlar ayrılmışlar, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onlar artıq uzun müddətdir ki, ayrıayrı ünvanlarda yaşayırlar. Borclu hal-hazırda Access Bankda filial müdiri vəzifəsində işləyir, son altı ayın ortalaması ilə 2404 azn əmək haqqısı vardır. Lakin borclu uzun müddətdir kı, öz uşağına maddi yardım göstərmir. Ona gorə də, o, məcburiyyət qarşısında qalaraq aliment tələbi barədə məhkəməyə müraciət etmək qərarını almışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə əmri ilə xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə əmrindən etirazla məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə etiraz təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə araşdırması zamanı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə sms bildiriş çatdırılmasına) baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 nömrəli 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının arasında 18 aprel 2009-cu il tarixdə bağlanmış nikahın pozulmuş, birgə nikah münasibətlərindən doğulmuş 18 fevral 2010-cu il təvəllüdlü X14 və 05 iyun 2015-ci il təvəllüdlü X11 anasının yanında qalması müəyyən olunmuş və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 27 iyun 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarda alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra İddiaçı ilə rəsmi nikaha daxil olmuş və iddiaçı ilə birgə ailə münasibətlərindən 26 sentyabr 2020-ci il tarixdə X9 və 07 may 2022-ci il tarixdə X13 doğulmuşlar. İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulduğundan iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət edərək, 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 07 may 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarda alimentin İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. Aşağıdakılara görə hesab edir ki, İddiaçı iddia tələbləri qismən təmin edilməli və 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 07 may 2022-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) məhz 1/4 (dörddə bir) hissəsi miqdarda aliment tutulmalıdır. Hazırkı iddia tam təmin ediləcəyi təqdirdə Cavabdeh əmək haqqından artıq faktiki olaraq 2/3 hissəsi tutulacaqdır. Bu hallar isə cavabdehin maddi vəziyyətnə ciddi mənfi təsir göstərəcəkdir. Qanunvericiliyə əsasən göründüyü kimi, tutulmalı alimentin payların miqdarı alimentin xeyrinə tutulmalı şəxsin yanında olan şəxslərin sayına görə yox, alimentin ödənilməsi öhdəliyi üzərinə qoyulan valideynin qazancı münasibətdə hesablanır. X2, həm də İddiaçı iki uşağı var. Hər ikisinin xeyrinə aliment məhz üçdə bir hissəsi tutulması Cavabdeh qazancından ümumilikdə üçdə iki hissəsinin tutulması ilə nəticələnəcəkdir. Bu hal isə qanunvericiliyin müddəalarına ziddir və Cavabdeh hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Cavabdeh Yasamal Rayon Məhkəməsinə X6 qarşı da iddia ərizəsi ilə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-2516\2019 nömrəli 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 18 fevral 2010-cu il təvəllüdlü X14 və 05 iyun 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün X3 xeyrinə hər ay tutulan alimentin miqdarının 1/4 (dörddə bir) hissəsi miqdarına azaldılmasına dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. Həmin iddia üzrə mülki icraat Yasamal Rayon Məhkəməsində e-2(004)-5629/2022 nömrə ilə qeydə alınmışdır. Yuxarıda sadalanan faktiki və hüquqi hallara əsaslanaraq hesab edir ki, İddiaçı qızının xeyrinə tutulmalı olan alimentin miqdarı Cavabdeh qazancının 1/4 hissəsi miqdarına qədər azaldılmalıdır. Çünki Cavabdeh qazancının 1/4 hissədə İddiaçı xeyrinə də aliment tutulmalı, 2/4 hissəsi isə cavabdehin özünə qalmalıdır. Qeyd edilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında olan birgə nikah münasibətlərindən doğulmuş 26 sentyabr 2020-ci il təvəllüdlü X5 və 07 may 2022-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə Cavabdeh tutulmalı olan alimentin miqdarı hər ay qazancının (başqa gəlirlərinin) məhz 1/4 (dörddə bir) hissədə müəyyən olunmasına dair qətnaməni qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh hazırda birlikdə yaşayırlar. İddiaçı məhkəməyə formal olaraq, iddia ərizəsi vermiş və Məmmədova Günay xanıma verilən alimentin miqdarının azaldılması məqsədilə iddia ərizəsi verilmişdir. Hesab edir ki, iddia tələbi əssasızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 373257 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X15 30 mart 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - AZ-İV seriyalı, 738684 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 07 may 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 26 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. - AZ-İV seriyalı, 492982 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 26 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək bildirişindən görünür ki, "xxxx" ASCdə bölmə rəhbəri vəzifəsində işləyən Cavabdeh aylıq əmək haqqı 2500 manatdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, 18 fevral 2010-cu il təvəllüdlü X10 və 05 iyun 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə Məmmədova (Feyziyeva) Günay Seyfulla qızı arasında 18 aprel 2009-cu ii tarixdə Bakı nikah evində bağlanmış 774 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 18 fevral 2010-cu il təvəllüdlü X10 və 05 iyun 2015-ci il təvəllüdlü X11 anası Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının yanında qalmaları qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X13 adlı övadları doğulmuşdur. Tərəflər hazırda bir yerdə yaşamırlar, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını, iddia tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 23 may 2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin keçmiş həyat yoldaşı, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ilə birgə nikahlarından 18 fevral 2010-cu il təvəllüdlü X14 və 05 iyun 2015-ci il təvəllüdlü X18 adlı övladları olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikahları pozulmuş və 18 fevral 2010-cu il təvəllüdlü X10 və 05 iyun 2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Məmmədova (Feyziyeva) Günay Seyfulla qızının xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdeh tərəf isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsaslanaraq, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin azaldılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edildiyini bildirərək, alimentin Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, 18 fevral 2010-cu il təvəllüdlü X14 və 05 iyun 2015-ci il təvəllüdlü X18 cavabdehin X7 ilə birgə nikahından və xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X13 isə cavabdehin İddiaçı ilə birgə nikahından doğulmuş övladlarıdır. Hazırda isə uşaqlar analarının himayələrindədir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəası bir anadan doğulmuş uşaqlara görə müəyyən edilmiş alimentin məbləğidir və hazırkı mübahisəyə göstərilən qaydada yanaşılması iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 23 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, Məhkəmə qeyd edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən hazırkı iddia üzrə 120 manat dövlət rüsumu ödənilmədir. Hazırda iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pul ödədiyindən cavabdehdən 70 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 70 manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar