Məhkəmə qərarları › İş №2(007)-1942/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1942/2020

27.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1942/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 21.08.2019-cu il tarixli, 4394 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 2500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış 21.08.2019-cu il tarixli, 4394 nömrəli alqı-satqı müqaviləsinə əsasən 25 000 manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 2500 manat ödəmiş, digər hissənin, yəni 22 500 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 25 000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Bundan başqa, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyriyaşayış sahəsini alıcı Cavabdeh satmışdır. Satış qiyməti 25 000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud 02 oktyabr 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh göndərilmiş 18 fevral 2020-ci il tarixli bildirişin surətindən görünür ki, alıcı Cavabdeh 21 avqust 2019-cu il tarixli müqavilə üzrə satış qiyməti olan 25 000 manatdan 2 500 manatını ödədiyi, qalan məbləği ödəmədiyi və 10 gün müddətində həmin məbləğ ödənilməzsə müqavilənin ləğv olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsinı alıcı Cavabdeh satmışdır. Satış qiyməti 25 000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud 02 oktyabr 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı müqavilə üzrə götürdüyü öhtəliyi vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia tələbini “Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 21.08.2019-cu il tarixli, 4394 nömrəli müqavilənin ləğv edilməsi” hissədə əsaslı sayır. Belə ki, tərəflər arasında bağlanmış 21 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh satılması və satış qiymətinin 25 000 manat müəyyən olunmsaı işin mübahisəsiz halıdır. İş materiallarında ola sübut növləri ilə müəyyən olunmuşdur ki, o sözügedən müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, və beləliklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd olunan maddi normalarının tələblərindən çıxış edərək hesab edir ki, 21 avqust 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar yaranmışdır. Məhkəmə iddia tələbinin “müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 2500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsini qismən əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh müqavilədə nəzərədə tutulmuş məbləği vaxtında ödəməmiş, və beləliklə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1125 manat məbləğində pul vəsaiti əldən çıxmış fayda qismində tutulmalı və iddia həmin hissədə qismən təmin edilməldir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməli, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müqavilə üzrə 1125 manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu cavabdehdən tutlaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 76.2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 21 avqust 2019-cu il tarixli, 4394 nömrəli müqavilə üzrə 1125 manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar