Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1958/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2022-ci il təvəllüdlü X6 və 20 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda onların hər birinə görə 246 manat (iki yüz qırx altı) manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, cavabdehlə birgə nikahlarında doğulmuş 12 aprel 2022-ci il təvəllüdlü X6 və 20 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onun öz evi, iş yeri və qazancı olmadığına görə uşaqlarına çox çətinliklə və yanlız valideynlərinin köməyi ilə saxlayır. Bu səbəbdən 20 oktyabr 2023-cü il təvəllüdlü X5 3 yaşına çatanadək cavabdehdən hər ay 100 manat alimentin tutulmasını əsaslı hesab edərək təmin edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
4. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə Cavabdeh Fəxrəddi oğlu ilə nikaha daxil olublar. Nikahları 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanıb. Faktiki isə xx.xx.2021-ci ildə evləniblər və toyları həmin gün olub, lakin cavabdeh toydan sonra müxtəlif bəhanələrlə nikahlarını rəsmiləşdirilməsindən yayınıb. Evləndikdən sonra xx.xx.2021-ci ildə onlar yaşamaq üçün Rusiya Federasiyasına gediblər. Çünki cavabdeh Rusiya Federasiyasının Mariy EL Respublikasının Yoşkar Ola şəhərində yaşayırdı. Lakin o, orada qala bilmədiyi üçün cavabdehlə Bakı şəhərinə qayıdıblar Qeyd etdiyi kimi onlar 6 ay nikahsız yaşayıblar. Yalnız xx.xx.2021-ci ildə müraciətləri əsasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilib. Cavabdeh Azərbaycanda yaşaya bilmədiyini bəhanə edib 2022-ci ilin yanvar ayında təkrarən Rusiya Federasiyasına qayıdıb. O isə qayınanası və qayınatası ilə onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa başlayıb. 07 aprel 2022-ci ildə cavabdeh Azərbaycana Respublikasına qayıdıb və xx.xx.2022-ci ildə oğlu X6 doğulub. Sinan doğulduqdan sonra aprel ayının 20-də cavabeh yenidən Rusiya Federasiyasına qayıdıb. O isə körpə oğlu Sinanla onun valideynləri ilə birlikdə Ramana Südçülük sovxozunda yerləşən evdə yaşamağa davam edib. xx.xx.2022-ci ildə isə o, 3 aylıq övladı ilə Rusiya Federasiyasına cavabdehin yanında yaşamağa gedib. Çox yaxşı yaşayırdılar, xx.xx.2023-cü ildə qayınanası və anası Rusiya Federasiyasına onların yanlarına gəliblər. Hər şey yaxşı idi. Əri, qayınanası ilə də problemi yox idi. May ayının 8də anası ölkəyə geri qayıdıb. Qaynanası isə onlarla yaşamağa qalıb. Daha sonra qayını Samir, arvadı Könül və 3 övladı ilə yaşamaq üçün onların yanlarına Rusiya Federasiyasına gəliblər. Qayını Samir və arvadı Könül gələndən sonra problemlər başlayıb. Onu incitməyə, ona söz atmağa, onu təhqir etməyə və qayınanası Narını ona qarşı qoymağa başlayıblar. Hətta onun xəbəri olmadan evə gizli kamera yerləşdirib, onun şəxsi həyatını izləməyə başlayıblar. Bundan sonra ona qarşı hər-cür təhqirlər və sair alçaldıcı hərəkətlər etməyə başlayıblar. Qayınatası ilə aralarında heç-bir problem yox idi. Onlar, yəni qayını Samir, onun arvadı Könül və qayınanası Narın onlarla bir evdə yaşamağa imkan vermirdilər. 20 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasında oğlu X5 doğulub (doğum haqqında şəhadətnamədə onun adı X10 oqlı kimi yazılıb.) Ailəsini dağıtmaq istəyən qayını Samirin, onun arvadı Könülün və qayınanası Narının hərəkətlərinə Sakit fikir bildirmirdi, eyni zamanda ona sahib də çıxmırdı. Bu arada öyrənib ki, əri ondan əvvəl evli olub və bir uşağı var. O, bunu da qəbul edib, lakin həmin şəxslərin əhatəsində yaşamaq mümkün olmadığından, onu qonaq adı ilə xx.xx.2024-cü ildə iki körpə uşaqla ölkəyə göndəriblər və bu gənə qədər ona sahib çıxmırlar və o, valideynlərinin yaşadığı yataqxanada onlarla birlikldə yaşamaq məcburiyyətində qalıb. Uşaqları atasız böyüyür. Cavabdeh onların saxlanılmasında iştirak etmir, onların heç-bir tələbatını və ehtiyaclarını ödəmir. Beləliklə, cavabcdeh iki körpə uşağı onun üstünə atıb. O isə uşaqları çox çətinliklə və yalnız valideynlərinin köməyi ilə saxlayır. Çünki uşaqlar balaca olduqlarından işləyə və ailəni dolandırmaq üçün qazanc əldə edə bilmir. Cavabdeh isə onu və uşaqları ehtiyac içində qoyaraq onlara heç-bir köməklik göstərmir. Bununla belə, qeyd edir ki, mediasiya prosesinin tətbiqi barədə cavabdehə göndərdiyi təklifə əsasən cavabdehlə ilkin mediasiya sessiyasında iştirak ediblər. Lakin cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq aliment vermək niyyətində olmadığını bildirib. Cavabdehin uşaqlarının saxlanılması üçün könüllü surətdə aliment ödəmək niyyətinin olmaması alimentin ondan məhkəmə qaydasında tutulması əsasını yaradıb. 12 aprel 2022-ci il təvəllüdlü X6 və 20 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı ilə bağlı qeyd etmək lazımdır ki, cavabdehin rəsmi iş yeri yoxdur. Odur ki, cavabdehdən uşaqların saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehdən tutulmalı olan alimentin miqdarına gəldikdə qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat (iki yüz qırx altı) manat məbləğində müəyyən edilib. Odur ki, istinad edilən Qanuna əsasən 12 aprel 2022-ci il təvəllüdlü X6 və 20 oktyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə ayda 246 manat (iki yüz qırx altı) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməldir.
İş materialları:
5. AZ-T seriyalı 070657 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 05 dekabr 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5315 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir;
6. İ-EC seriyalı 807959 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X5 20 oktyabr 2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;
7. Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışlardan görünür ki, X6 12 aprel 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;
8. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞİ/3-2025-00161 nömrəli “İlkin mediasiya sessiyası (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində pul ödənilmişdir;
9. Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışlardan görünür ki, tərəflər əmək müqaviləsi haqqında məlumat aşkar edilməmişdir.
Tərəflərin izahatları:
10. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlar azyaşlı olduğuna görə işləyə bilmir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraicət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və orada işləyir. O, hər ay uşaqlara pul göndərir və uşaqların saxlanmasına köməklik göstərir. Cavabdeh ikinci dəfə nikaha daxil olub, birinci nikahdan olan uşağına da aliment ödəyir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. “Uşaq Hüquqları haqqında” Qanun:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı: 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
İşin faktiki halı:
20. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları anadan olub.
21. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. Birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 İddiaçı himayəsindədir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
24. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
25. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
26. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
27. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
28. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
29. Məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, yetkinlik yaşına çatmayan uşaqların yaşı, onların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alınaraq hesab edir ki, iddia həmin hissədə təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
30. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 18 aprel 2025-ci il tarixdən hesablanmalıdır.
31. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. Məhkəmə iddianın “xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşınadək ananın saxlanılması üçün 100 manat alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır.
33. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək 100 manat aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment aliment tutulmalıdır.
34. Məhkəmə “xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşınadək ananın saxlanılması üçün alimentin tutulması” hissəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 12 may 2025-ci il tarixdən hesablanmalıdır.
35. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır.
Nəticə:
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə əsəsən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
38. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
39. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olduğunu, onun tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsini, hazırkı iddiaya münasibətdə 85,28 manat dövlət rüsumunun ödənilməli olmasını (bir il üzrə 6528 manat) nəzərə alaraq hesab edir ki, cavabdehdən 25,28 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, Cavabdeh 25,28 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva