Məhkəmə qərarları › İş №2(007)-1969/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1969/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1969/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə ailə həyatı qurmuş və nikahları sonradan 23 dekabr 2010-cu ildə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah münasibətlərindən iki uşaqları, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh uzun müddətdir ki, onları atıb gedib, uşaqları ilə maraqlanmayıb, həmin vaxtdan heç bir maddi köməklik göstərməyib və bu gündə göstərmir. Tək ana kimi uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Qeyd edilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-ci il təvəllüdlü X4 onlar yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər birinə 193 (yüz doxsan üç) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İll seriyalı, 120132 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 08 dekabr 2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİl seriyalı, 120133 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 13 yanvar 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevarl 2022-ci il tarixli, 2(007)- 238/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində bağlanılmış və 1789 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)- 1969/2022 saylı qərardadından görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün, 25 may 2022-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin xx.xx.1985ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tutulub, xx.xx.1983-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı verməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 23 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla birlikdə yaşamışlar, birgə nikahlarından 08 dekabr 2007-ci il tarixdə Kazımova Bənövşə, 13 yanvar 2010-cu il tarixdə Kazımov Murad adlı uşaqları doğulmuşlar. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş, bu zaman uşaqlar ananın yanında qalmışlar. Nikah pozularkən ana uşaqların saxlanılması üçün aliment tələb etməmişdir. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaların saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşaqların maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqlarının mənafeyini və iddiaçının onun himayəsində qalan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşaqların və iddiaçının mənafelərini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanmalı olmasını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia tələbində 24 fevral 2022-ci il tarixdə başlayaraq alimentin tutulmasını xahiş etsə də, iddia ərizəsinin məhkəməyə 25 may 2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bununla belə, Cavabdeh saxlanılması üçün alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan hesablanarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qərardadı əsasında 25 may 2022-ci il tarixdən etibarən hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, 386 (üç yüz səksən altı) manat məbləğində alimentin müvəqqəti tutulması faktı mütləq nəzərə alınmalıdır. Belə ki, 25 may 2022-ci il tarixdən etibarən hesablanmaqla, qətnamə ilə tutulması qət edilən 386 manat aliment məbləğindən qərardadla tutulmuş 386 manat aliment məbləği çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 may 2022-ci il tarixdən başlayaraq, 08 dekabr 2007-ci il təvəllüdlü X3 və 13 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən cavabdeh məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2022-ci il tarixdən başlayaraq, 08 dekabr 2007-ci il təvəllüdlü X3 və 13 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1969/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar