Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1980/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4070 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul və ödənilmiş 57.40 manat dövlət rüsumunun "Azərmaş” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4070 saylı "Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, VAW01HHFME322529 ban, 147H0577932 mühərrik nömrəli, ağ rəngli avtomobil 16800 manat məbləğinə "Azərmaş” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3700 manat dəyərində ziyan dəymişdir. "Daxili lizinq" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. "Daxili lizinq" müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. ‘Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. "Daxili lizinq" müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC tərəfindən ərizə ünvanlanaraq mülki işə iştirakları olmadan baxılıb iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, avtomobil vurulandan sonra maşını MMC-yə aparmış, İddiaçı MMC ona 800 manat verməsini, əvəzində gəlib maşını düzəldəcəklərini demişdir. Avtomobili alanda rəsmi sığorta pulu alırlar. Onun kasqo sığortası var. Avtomobili düzəltdirən şəxs dedi ki, avtomobili düzəltmək üçün 3750 manat pul ayrılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı daxili lizinq müqaviləsi və ona əlavəyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, VAW01HHFME322529 ban, 147H0577932 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvvəqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi”nin 4.4.2-ci bəndinə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. Cavabdeh isə həmin müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC Servis tərəfindən hazırlanmış qüsur aktına əsasən həmin avtomobilə cavabdeh tərəfindən iddiaçıya 3700,00 manat zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından lizinq obyektinə vurduğu maddi zərəri iddiaçıya ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3700,00 manat zərər dəymişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul "Azərmaş” MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq müqaviləsi”nin 9.1.1-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alanın sürücülük hüququndan məhrum edildikdə müqavilə lizinq verənin tələbi əsasında lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verilə bilər. Cavabdeh X1 bununla bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul və ödənilmiş 57,40 manat dövlət rüsumunun əvəzi "Azərmaş” MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul vəsaiti və ödənilmiş 57,40 manat dövlət rüsumunun əvəzi "Azərmaş” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1980/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1980/2022
05.09.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver