Məhkəmə qərarları › İş №2(007)-1993/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1993/2022

05.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1993/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmr № 25-in ləğv edilməsi və işdən çıxmağı ilə bağlı ona ödənilməli olan məzuniyyət, maaşından qeyri-qanuni tutulmuş 8640 AZN sosial fond ödənişinin, dövlət yardımı və əlavə işlədiyi iş saatlarının ödənilməsinə, onu işdən çıxardıqları zaman işçiyə ödəməli olduqları 3 aylıq əmək haqqını 2 (iki) misliylə ödəməli olduqları, işdən azad olunduğu zaman ona ödənilməli olan 3 aylıq təzmimatı 2 misliylə ödənilməsini, buna görə məşğulluq idarəsindən işəgötürən tərəfindən işdən olunduğu üçün almalı olduğu 6 aylıq əmək haqqı məbləğini, yəni 450 AZN ona 2 misliylə ödəmələrini, əmək kitabçasında yazılmamış əmək müddətinin bərpasını, işlədiyi 11 ilin ödənilməmiş məzuniyyət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2022 saylı xx.xx.2022-ci tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və pul” tələbinə dair (004)-2895/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbinı onunla əsaslandırılmışdır ki, o, 2011-ci fevral ayında Büyükfırat Restoranlar şəbəkəsinin “tarqovu”da yerləşən Xaqani ticarət mərkəzində ofisiant kimi işə başlamışdır. X7 tərəfindən xx.xx.2021-ci il tarixli ƏMR № 25-ə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbə görə də, 2011-ci ildən əvəzi ödənilməmiş məzuniyyətləri, dövlət tərəfindən verilməmiş yardımımı, əlavə işlədiyi iş saatlarının hesablanılmasını və ona dəymiş mənəvi zərərlə birlikdə ödənməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. Qanunvericliyə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. O, 2011-ci ildən 2019-cu ilədək həftənin 6 günü 12 saat, 2019-cu ildən isə 10 saat işləmişdir. Buna görə, ona əlavə əmək haqqı ödənilməmişdir. Onunla imzalanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı faktiki əsasları diqqətə çatdırır. 2013-cü ilin fevral ayında X2 Akademiyası, Bəxtiyar Vahabzadə küçəsində yerləşən filialında işləməyə başlamışdır. 2013-ci il fevral ayında öz əmək kitabçasının yazılmamasını administratorları İrfan Önəndən qeydiyyatda olmadığını bildirdikdə, ona qeydiyyata götürülməyi üçün dövlətə vergi ödənildiyini və onlarda yeni işçiyə o pulu ödəmədiklərini və beləliklə istəsə öz sosial fond ödənişini günlük 3 manat ödəyib qeydiyyata düşə biləciyini demişdir. O da həmin gündən əmək haqqından işlədiyi hər günə 3 manat ödəmişdir. 2011-ci ildən 2019cu ilədək 12 saat işləmiş, 2019-cu ildən isə 10 saat işləmişdir. Buna görə, ona əlavə əmək haqqı ödənilməmişdir. 2011-ci ildən xx.xx.2021-ci il tarixinə qədər heç bir məzuniyyətlə təmin olunamamışdır, heç bir məzuniyyət ərizəsi olmamış və məvacib ödənilməmişdir. İşdən çıxarılma səbəbi isə xx.xx.2021-ci il tarixində saat təxmini 14:00-14:30 radələrində iş başında olarkən bir hərbiçi rütbəcə mayor olan şəxs tərəfindən təhqir olunmuş, hədələnmiş və çölə çağırılıb döyülüb yenidən təhqir edilmişdir. O, içəri qayıtdıqdan sonra administrator İrfan Önən ona demişdir ki, o şəxs saat beşdə, o işdən çıxdıqda gəlib onu aparıb ağız burnunu qıracaqdır. O da bildirmişdir ki, o, həmin şəxsi şikayət edəcəkdir. Administrator ona demişdir ki, o, həmin şəxsi şikayət etsə, həmin şəxsin tərəfin tutacaqdır və deyəcəkdir ki, bu ofisiant ona qarşı tərbiyyəsizlik eləmişdir. Bu zamanda o, administratora onun üzünə duracağını soruşdurda, o, “hə, mən duracam, səndə görərsən” demişdir. O da administratora bildirmişdir ki, kamera görütüləri var və orada hər şey aydın görsənir, ki o günahsızdır. Bu zaman İrfan Önən ona demişdir ki, “kimdi mühafizə orqanlarına kamera verən?”. O da bildirmişdir ki, restoranın nəzarətçisi olduğunuza görə o verəcək. O da verməyəcəyini, o, verməyəndən sonra necə ala biləcəyini bildirmişdir. Bu zaman o, bildirmişdir ki, qanun alidir və ondan heç nə gizlətmək olmaz. Bu zaman İrfan Önən qanunu və onu söyərək təhqir etmiş və ona burada alinin o olduğunu demişdir. Onun üzr istəməyini tələb etmiş və əks halda onu qovacağını bildirmişdir. O, məzuniyyətini, əmək kitabçasını və sonuncu maaşını istədikdə isə ona bildirmişdir ki, “məzuniyyət nədir? kimə verilib sənə də verilsin. Mən qanunla işləmirəm”. O da bildirmişdir ki, qanun varsa, qanunla da işləmək lazımdır. Bu zaman İrfan Önən əsəbləşərək, onu tutub çölə çıxararaq arxa tərəfə aparmış və sinəsindən itələyərək təhqirli ifadələr işlətmişdir. O, döyülməyi barəsində 102 qaynar xəttinə şikayət etmişdir. Həmin anda Yasamal Rayon 28-ci polis bölməsindən zəng vurularaq çağrılmışdır və izahat vermişdir. İzahatında xahiş eləmişdir ki, həmin görüntülər işlədiyi restoranın kameralarında var. Bu günə qədər onun şikayəti təmin olunmamışdır. Buna görə də, 102 xidmətinə şikayətinə baxılmadığı üçün müraciət etmişdir. Əmək müfəttişliyinə ona qarşı etdikləri haqsızlığa görə şikayətindən sonra onunla əlaqə quraraq bildirmişlər ki, əgər şikayətini geri götürməsə, akt tərtib edəcəklər ki, guya o, dava salmış sonra özü iş yerindən çıxıb getmiş, pis işçi olmuş, düzgün çalışmamış, qaydalara qarşı gəlmişdir. Onlara bildirmişdir ki, orada kamera görüntülərində var. İrfan Önən onun qolundan tutub necə çölə çıxarır, sinəsindən itələyib əl-qol hərəkətləri ilə necə təhqir edir. Halbuki, o, uzun illərdir çalışdığı Büyükfırat restoranında haqqında heç bir şikayət olmamış və intizamlı işçi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmişsir. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 4 mərhələyə bölünmüşdür. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulmuşdur. Sərəncama görə ona onun adına Bank of Baku hesabı açılmış və ödənilməli olan 2 aya görə hər dəfə 250 AZN olmaqla, 500 AZN verilməli idi. Ona 2 aya görə hər dəfə 130 AZN olmaqla, 260 AZN ödənilmişdir. Bundan sonrakı ödənişlərə görə İrfan Önən onu çölə çağıraraq giriş qapısının yanında bildirmişdir ki, bundan sonrakı pandemiya yardım ödənişləri ona yox, onların özünə çatmalıdır. Buna da səbəb ödənilən pul onun yox, onların özlərinin haqqı olduğunu və ona verilmiş Bank of Baku kartını ona verməyini və kodunu deməyini istəmişdir. Əks tədqirdə, işdən çıxarılacağını bildirmişdir. O, Ölkə Başçısının pandemiya zamanı heç bir işçinin işdən azad olunmaması haqqında sərəncamı olduğunu xatırlatdıqda, ona bildirmişdir ki, onu çıxarsa çarəsiz vəziyyətdə qalacaqdır və bu sərəncamın ona heç bir xeyri olmayacaqdır və bir çox obyekt bağlıdır, heç işləmir də hardan iş tapacaqdır. Kartı və kodunu ondan almış, vəsaiti kartdan çıxardıqdan sonra ona qaytarmışdır. Cavabdehin onun bağlanmış əmək müqaviləsinə dair xx.xx.2021-ci il tarixli əmri ilə əmək qanunvericiliyinin bir çox normalarının pozuntusuna yol verilmişdir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, o, məzuniyyətlərinin əvəzinin ödənməsini, dövlət tərəfindən ona verilməli olan yardının, əlavə işlədiyi iş saatlarının hesablanılmasını və ona dəymiş maddi, mənəvi zərər cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı X8 "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqlarının və s” tələblərlə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia tələbi ilə müraciət etmişdir. Bildirmək istəyir ki, iddiaçının ərizəsində olan tələblər cavabdeh olaraq hüquqlarını təmsil etdiyi "xxxx" MMCyə qarşı yönəlmiş olsa da, lakin onun tərəfindən cavabdehlə əmək münasibətlərində olmasına dair hər hansı bir sübut işə əlavə edilməmişdir. Əksinə, o məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində qeyd etmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 25 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X7 tərəfindən xitam verilmişdir, Əgər onu işə "xxxx" MMC götürmüşdürsə bu necə ola bilər ki, fiziki şəxs X7 tərəfindən xitam verilmişdir. Tərəflərindən aparılmış araşdırma zamanı əldə etdikləri məlumata əsasən, X7 fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı VÖEN əsasında fərdi şəkildə restoran xidməti üzrə sahibkarlıq fəaliyyət göstərməklə işçilərlə müstəqil şəkildə müqavilələr bağlamış və həmin müqavilərlərə özü xitam vermişdir. Onu da qeyd edir ki, əldə etdikləri əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi X8 ilə işəgötürən X7 arasında ofisiant peşəsi üzrə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla sistemə daxil edilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, işçi X8 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X7 tərəfindən xx.xx.2021-ci il tarixdə 25 №-li əmrlə xitam verilmişdir. Bu barədə tərəflərindən etirazına sübutlar əlavə edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, hüquqlarını təmsil etdiyi “Büyük firat" MMC ilə X8 arasında hər hansı əmək münasibətlərinə dair əmək müqaviləsi bağlanılmamış və onun barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmr olmamışdır. Beləliklə, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçı X8 tərəfindən iddia tələbi iddiaya cavab verməli olmayan şəxs olan "Büyük Firat MMC-yə qarşı verilmişdir. Hesab edirlər ki, iddia tələbi fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı VÖEN əsasında fərdi şəkildə restoran xidməti üzrə sahibkarlıq fəaliyyət göstərməklə onu əmək müqaviləsi əsasında işə qəbul etmiş, sonra da onunla əmək müqaviləsinə xitam vermiş X3 qarşı qaldırılmalı idi. Qeyd edilənləri və iş materiallarına əlavə etdiyi sübutları nəzərə alaraq məhkəmədən iddiaçı X8 tərəfindən qaldırılmış iddia tələbi iddiaya cavab verməli olmasan şəxs olan "xxxx" MMC-yə qarşı verildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə o zaman barışar ki, işsiz qaldığı 9 ay kompensasiya edilsin və əmək kitabçasında qeyd edilən ƏM-nin 70 “ç” maddəsi götürülsün. O, 9 ay müddətində işsiz qaldığı üçün kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında barışıq əldə edilməsi üçün cavabdeh tərəflə danışmışdır. O, cavabdeh tərəflə danışdığı zaman iddiaçının əmək kitabçasında qeyd edilən ƏM-nin 70 “ç” bəndinin ƏM-nin 68-ci maddənin “a” bəndinə dəyişdirilməsi və müəyyən qədər iddiaçıya kompensasiya verilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin cavabdeh tərəf 9 ay müddətinin kompensasiya edilməsi ilə razı deyil. Buna görə də, iddiaçı ilə barışıq əldə etmək mümkün deyil. Bundan başqa, hazırkı iddia tələbinin yönəldiyi cavabdeh düzgün seçilməmişdir. İddiaçı "xxxx" MMC tərəfindən işə götürülməmiş, Emin Kəklik tərəfindən işə götürülmüş və Emin Kəkliyin ayrıca VÖEN-i olmuşdur. Tələb düzgün cavabdehə qarşı yönəlməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Kəklik Emin (VÖEN: **********) ilə işçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə İddiaçı ofisiant vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçiyə hər ay 70 manat məbləğində əmək haqqı ödənilir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsini bildirişindən görünür ki, işəgötürən Kəklik Emin (VÖEN: **********) ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə 25/2021 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəlləinin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında X5 Xidmətinin **********1/22 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğununun Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən işə baxılması 31 mart 2022-ci il tarixdə saat 12:00-a təyin edilmişdir. - İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarın surətindən görünür ki, X1 Ülvi Ağalar oğlunun məzuniyyət hüquqlarını pozmuş, əmək məzuniyyəti verməmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya ödəməmişdir. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1700 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kəklik Emin ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı ofisiant vəzifəsinə təyin edilmişdir. Həmin müqavilə müddətsiz bağlanmışdır. Bundan sonra Kəklik Emin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə 25/2021 saylı əmri ilə Kəklik Emin ilə ofisiant vəzifəsində işləyən İddiaçı arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmr № 25-in ləğv edilməsi və işdən çıxmağı ilə bağlı ona ödənilməli olan məzuniyyət, maaşından qeyri-qanuni tutulmuş 8640 AZN sosial fond ödənişini, dövlət yardımı və əlavə işlədiyi iş saatlarının ödənilməsinə, onu işdən çıxardıqları zaman işçiyə ödəməli olduqları 3 aylıq əmək haqqını 2 (iki) misliylə ödəməli olduqları, işdən azad olunduğu zaman ona ödənilməli olan 3 aylıq təzmimatı 2 misliylə ödənilməsini, buna görə məşğulluq idarəsindən işəgötürən tərəfindən işdən olunduğu üçün almalı olduğu 6 aylıq əmək haqqı məbləğini, yəni 450 AZN ona 2 misliylə ödəmələrini, əmək kitabçasında yazılmamış əmək müddətinin bərpasını, işlədiyi 11 ilin ödənilməmiş məzuniyyət haqqının ödənilməsi xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İş materialları, proses iştirakçılarının izahatları müəyyən olunmuşdur ki, Kəklik Emin ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı ofisiant vəzifəsinə təyin edilmişdir. Daha sonra Kəklik Emin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə 25/2021 saylı əmrinə əsasən iddiaçı ilə xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda isə iddiaçı "xxxx" MMC-yə qarşı hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC iddiaya cavab verməli olan şəxs deyildir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçı iddianı müdafiə etdiyini bildirmişdir. MPM-in 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Qeyd ediləməlidir ki, iddiaçı mediasiya təşkilatına müraciət edən zaman iddiasına cavab verməli olan şəxs kimi X4 göstərmiş və həmin şəxs ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin, iddiaçı öz iddiasından da X10 tərəfindən onunla bağlanmış əmək müaviləsinə xitam verildiyini göstərmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ******* saylı əmək kitabçası təqdim edilmiş və əmək kitabçası tətqiq edilən zaman müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkar Emin Kəklik tərəfindən işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (əmək kitabçası işəgötürənin möhürü ilə təsdiq edilməmişdir). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia "xxxx" MMC-yə qarşı qaldırılsa da, iddiaçı BöyükFırat” MMC tərəfindən işə götürmədiyindən və onunla bağlanmış xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə "xxxx" MMC tərəfindən xitam verilmədiyindən hazırkı iddiaçı iddiaya cavab verməli olan şəxs qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü madəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar