Məhkəmə qərarları › İş №2(007)-2051/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2051/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2051/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh ilə 4 saylı Bakı “Asan Xidmət” X4 rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 13 yanvar 2024-ci il təvəllüdlü X7 adlı uşağı anadan olmuşdur. Ailə qurduğu vaxtdan münasibətləri normal olmuşdur. Hal-hazırda isə münasibətləri pozulmuş, cavabdeh onu hamilə vəziyyətdə yaşadığı evdən çıxarmış və faktiki olaraq ayrılmışlar. Cavabdehlə aralarındakı ər-arvad münasibətlərini kəsmişlər. Münasibətləri pozulduğu vaxtdan cavabdeh ona birgə nikahdan olan uşağının saxlanması üçün maddi yardım etmir. O isə təkbaşına uşağını saxlamaqda maddi çətinlik çəkir. Cavabdehin rəsmi iş yeri, sabit aylıq qazancı və digər gəlirləri mövcuddur. Bu səbəbdən, cavabdehdən tutulacaq alimentin məbləği sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh uşağı doğulduğu vaxtdan uşağın nə doğulmasında xəstəxana xərclərinin ödənilməsində, nə də hal-hazırkı vaxtadək heç bir məbləğdə maddi yardım etməmiş, uşağın heç bir tələbatını ödəməmişdir. Bu səbəbdən, alimentin məbləği uşaq doğulduğu gündən hesablanmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh 13 yanvar 2024-cü il tarixdən başlayaraq, 13 yanvar 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment, 13 yanvar 2024-cü il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Bəhmanova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə 12 sentyabr 2023-cü tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 13 yanvar 2024-cü il təvəllüdlü X7 adlı bir uşağı doğulmuşdur. İddiaçı ilə bir müddət mehriban yaşasa da sonradan xasiyyəti uyğun gəlmədiyinə görə münasibətləri pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, "xxxx" MMC-də armaturçu vəzifəsində işləyir, aylıq əmək haqqım 629 (altı yüz iyirmi doqquz) manat təşkil edir, həmin məbləğdən vergi və sığorta haqqı tutulduqdan sonra 441 manat pul alır. İddiaçı isə ondan 535 manat pul istəyir. Onun da aylıq gəliri 441 manat olduğu halda iddiaçıya 535 manat məbləğində aliment ödəməyi qeyri mümkündür. Ona görə də 13 yanvar 2024-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat aliment ödəyə bilər. Əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur. Eyni zamanda bildirir ki, iddiaçı ilə ayrı yaşadığı müddətdə 13 yanvar 2024-cü il təvəllüdlü X1 üçün 18 aprel 2024-cü il tarixdə 150 manat, 09 may 2024-cü il tarixdə 300 manat, 07 iyun 2024-cü il tarixdə 200 manat pul ödəmişdir. Qətnamə qəbul edərkən bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş uşağın 7 ayının tamam olmasına az qalıb. Onun qızı (iddiaçı) əziyyət çəkib işləyir. Cavabdeh elçi gələndə demişdi ki, avtomobil servisində işləyir, 2500 manat maaş alır. Hökumət ona 360 manat pensiya verir. Qızı universitet bitirib, psixoloqdur, bundan əvvəl də Moskvada kollec bitirib. Qızı cərrahiyyədə tibb bacısı işləyirdi, lakin uşağa görə analıq məzuniyyətinə çıxıb. Elçilikdə cavabdehin anası demişdir ki, məktəbdə müavin işləyir və 800 manat maaş alır. O, uşağın 3 yaşına çatmasınadək aliment tutulmasını da tələb edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, izahatında göstərdi ki, dövlətin müəyyən etdiyi alimenti ödəməyə razıdır. O, alimenti ödəyəcək. Əlavə gəliri olsa, onu da iddiaçının özünə verər. İddianı 3 yaşadək aliment tutulması hissəsində qəbul etmir. O, elçi gedəndə 2 yerdə işləyirdi, lakin sonra o biri iş yeri bağlanmışdır. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı 586250 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1507 nömrə ilə qeyd edilmişdir. -AZ-İV seriyalı 977083 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 yanvar 2024-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - MŞB/1/2023-00155 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiya prosesi zamanı iddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən MMC-də armaturçu vəzifəsində işləyir. Əmək haqqı 629,71 manat təşkil edir. - Cavabdeh tərəfindən məhkəməyə aliment ödənişləri etdiyini təsdiq edən sübut qismində qəbzlərin surətləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 13 yanvar 2024-cü il təvəllüdlü Rima adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, ayrıldıqdan sonra uşaq ananın yanında qalmışdır. Hazırda ana uşağın saxlanılması üçün aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə atadan ananın xeyrinə uşağın yetkinlik yaşına çatanadək alimentin hansı qaydada və məbləğdə tutulmalı olmasını müəyyən edərkən qeyd edir ki, aliment ödəməli olan ata işləyir, əmək haqqı müntəzəmdir, alimentin sabit pul məbləğində tutulması mümkündür, uşağın, eləcə də valideynlərin mənafeyinə zidd deyil, ona görə də cavabdeh olan atanın razılığı da nəzərə alınmaqla, iddiaçının iddiası həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı maddi cəhətdən köməklik göstərməmişdir. Halbuki, tərəflərin ümumi uşağının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək 300 manat aliment tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 23 may 2024-cü il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 may 2024-cü il tarixdən başlayaraq, 13 yanvar 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində, həmin uşağın 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, hazırkı qətnamə alimentin alınması ilə bağlı olduğundan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi 34,20 manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 may 2024-cü il tarixdən başlayaraq, 13 yanvar 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh 23 may 2024-cü il tarixdən başlayaraq, 13 yanvar 2024-cü il təvəllüdlü X5 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 34,20 manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar