Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2148/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın yanında qalması və alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın yanında qalması və alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü ilin yanvar ayında faktiki, 17 yanvar 2006-cı il tarixdə isə rəsmi nikaha daxil olmuşlar, nikahları həmin tarixdə Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsində 49 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Onunla birgə nikahlarından iki uşaqları, 04 dekabr 2004-cü il təvəllüdlü X5, 25 mart 2006-cı il təvəllüdlü X4 doğulmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2(007)-1369/2013 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan 17 yanvar 2006-cı il tarixli nikahları pozulmuş və bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsindən 27 noyabr 2013-cü il tarixdə 334-cü sayla qeydə alınmış “Nikahın pozulması haqqında Şəhadətnamə” verilmişdir. Eyni zamanda da Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2(007)-1369/2013 saylı qətnaməsi ilə yetkinlik yaşlarına çatmayan uşaqları (04.12.2004-cü il təbəllüdlü Şükran və 25.03.2006-cı il təvəllüdlü Fatimə) Cavabdeh yanında saxlanılmış və yetkinlik yaşlarına çatanadək onların saxlanılmaları üçün ondan cavabdehin xeyrinə har ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bir neçə il bundan əvvəl hazırda cavabdeh olan Cavabdeh məhkəməyə müraciət edərək sabit pul məbləğində alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmış və hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ondan hazırkı cavabdehin xeyrinə tutulması qət olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimenti (hər uşağa 150 manat olmaqla, hər ay 300 manat) hal-hazıradək vaxtı-vaxtında ödəyir. Lakin 3 ay bundan əvvəl, yəni 2021-ci ilin yanvar ayının ilk günlərindən 04 dekabr 2004-cü il təvəllüdlü oğlu Şükran (artıq 16 yaşındadır) könüllü olaraq anasının yanından çıxıb onun yanına gəlmişdir. O, hazırda Binə qəsəbəsində özünə aid fərdi yaşayış evində oğlu Şükranla birlikdə yaşayır və o, anasının yanına qayıtmaq istəmir. Oğlunun bütün maddi və mənəvi tələbatlarını o, ödəyir. Buna baxmayaraq məhkəmə tərəfindən oğlunun və qızının saxlanılması üçün müəyyən olunmuş alimenti hal-hazıradək cavabdehə ödəyir. Qeyd olunan faktları 17 yaşında olan oğlu da təsdiq edə bilər. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdehə ödədiyi alimentin miqdarı dəyişdirilməlidir. Əslində, hər birinin yanında bir uşaq qaldığından hazırkı vəziyyətdə onun aliment öhdəliklərinə xitam verilməlidir. Lakin, cavabdehin yanında qalan qızı Fatimənin saxlanılması üçün ona görə aliment ödəməyə razıdır. Fatimə onun doğma qızımdır, o, maddi və mənəvi cəhətdən uşaqların böyüməsinə, tərbiyə almasına qayğı göstərməlidir. 04 dekabr 2004-cü il təvəllüdlü X3 onun yanında qalması, məhkəmə qətnaməsi ilə Cavabdeh xeyrinə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək azaldılması və ondan 25 mart 2006-cı il təvəllüdlü X1 üçün 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahat verərək göstərdi ki, İddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına, uşaqların onun yanında qalmalarına və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair məhkəmə qətnaməsi mövcuddur. Hazırda iddiaçı, uşaqları 2004cü il təvəllüdlü Şükran Mustafayevin öz yanında qalması əsası ilə alimentin azaldılmasını tələb edir və o, iddiaçının həmin tələbi ilə razı deyil. Belə ki, o, nəinki Şükranın, digər övladları Fatimənin də ataları ilə ünsiyyətdə olmasına, birlikdə vaxt keçirməsinə, o cümlədən müəyyən müddətlərdə gedib atasıgildə qalmasına etiraz etmir, hətta özü də buna şərait yaradır. Çünki, hesab edir ki, atalarının da övladları ilə birlikdə ünsiyyətdə olmaq hüquqları vardır. Bununla belə, hazırki dövrdə uşaqlar himayəsində olmaqla, onunla birlikdə yaşayırlar və uşaqlardan hər hansısa birinin ünsiyyət qurması üçün müvəqqəti olaraq müəyyən müddət ərzində atasıgildə qalması nə uşağın atasının himayəsində saxlanılması, nə də ki ödənilməli olan alimentin miqdarının azaldılması üçün əsas hesab edilə bilməz. Buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı, 160110 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 dekabr 2004-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; - AZE seriyalı, 11079440 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 25 mart 2006-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2(007)- 1369/2013 saylı qətnaməsinin surətindən görünür ki, 1978-ci ildə anadan olmuş İddiaçı ilə 1980-ci ildə anadan olmuş Cavabdeh arasında 17 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində 49 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahlarının pozulması, 04 dekabr 2004-cü il təvəllüdlü X3 və 25 mart 2006-cı il təvəllüdlü X2 Cavabdeh himayəsində və tərbiyəsində saxlanılması, 04 dekabr 2004-cü il təvəllüdlü X3 və 25 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2012-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində hər uşağa 100 manat alimentin tutulması qət edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(007)- 3274/2018 saylı qətnaməsini surətindən görünür ki, 04 dekabr 2004-cü il təvəllüdlü X3 və 25 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli 2(007)- 1369/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı 06 sentyabr 2018-ci il tarixdən başlayaraq, 04 dekabr 2004-cü il təvəllüdlü X3 və 25 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 150,0 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh verilməsi qət edilmişdir; - AZ-İ seriyalı, 379025 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur, nikaha 06 avqust 2013-cü il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması akt qeydləri kitabında 27 noyabr 2013-cü il tarixdə 334 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra kişiyə Mustafayev, qadına Mustafayeva soyadı verilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 17 yanvar 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirmişlər, birgə nikahlarından 04 dekabr 2004-cü il tarixdə Şükran adlı və 25 mart 2006-cı il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar, bu zaman uşaqlar ananın yanında qalmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(007)- 3274/2018 saylı qətnaməsinə əsasən 04 dekabr 2004-cü il təvəllüdlü X3 və 25 mart 2006cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli 2(007)-1369/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı halda İddiaçı 04 dekabr 2004-cü il təvəllüdlü X3 onun himayəsində qalması nəzərə alınmaqla həmin aliment məbləğinin dəyişdirilərək azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən, o cümlədən uşaqların bir-birinə bağlılığı məsələsinə qiymət verərək qeyd edir ki, uşağın valideynlərdən hansının yanında qalması barədə hazırki mübahisənin predmeti davam edən hüquq münasibətlərinə aid olmasına baxmayaraq, uşaqların cavabdehin yanında saxlanılmalarına və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün İddiaçı sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsinə dair qanuni qüvvəyə minmiş qətnaməsi vardır, bununla bağlı uşaqların bir-birindən ayrı qalması onların mənafeyinə ziddir, eləcə də valideynlərin hər iki uşaqla görüşüb, ünsiyyətdə olmaq hüquqları hər hansı formada məhdudlaşdırılmamışdır. Ümumilikdə uşaqların ananın himayəsində qalaraq yaşamasına mane olan hər hansı hal məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəf isə bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “04 dekabr 2004-cü il təvəllüdlü X3 onun yanında qalması, məhkəmə qətnaməsi ilə Cavabdeh xeyrinə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək azaldılması və ondan 25 mart 2006-cı il təvəllüdlü X1 üçün 150 manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməmişdir, ona görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “04 dekabr 2004-cü il təvəllüdlü X3 onun yanında qalması, məhkəmə qətnaməsi ilə Cavabdeh xeyrinə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək azaldılması və ondan 25 mart 2006-cı il təvəllüdlü X1 üçün 150 manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2148/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2148/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver