Məhkəmə qərarları › İş №2(007)-2167/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2167/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2167/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidməti cəlb edilməklə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh "xxxx" MMC-yə tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən poçtkargüzarlıq üçün ödənilmiş 10 manat və mənəvi ziyana görə 5500 manat, cəmi 5510 manat məbləğində pulun onun xeyrinə olaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASCdən işdən olunduqdan sonra təxminən 2012-ci ilin əvvəllərindən "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamış, 2023-cü ilin aprel ayının 12-də "xxxx" MMC-dən işdən çıxmışdır. O, "xxxx" MMC adlı müəssisəni tanımır və orada işləməmişdir. O, bu barədə Nizami rayon Prokurorluğuna müraciət etmişdir. Onlar ona heç bir köməklik etmədilər. "xxxx" MMC ona 2013-cü ildə mart ayından oktyabr ayına kimi 300 maant pul yazıb alıbla. Bu müəssisə ona sarsıntılar, iztirablar, idarələr get-gələ salmışdır. Vaxtını bu idarənin tapılmasına sərf etmişdir. Nizami rayon Prokurorluğu işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə sənədləri göndərmişdir. Prokurorluq heç bir köməklik etməmişdir. Bundan ağır nə ola bilər? Onun adına əmək haqqı yazıb götürsünlər. Əmək müfəttişliyi də ona köməklik etməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfin hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntıların, iztirabların əvəzində cavabdeh tərəf ona təzminat ödəməlidir. Ona dəymiş ziyanın məbləğini 5500 manat qiymətləndirir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2008ci ildə zavod bağlanandan sonra 2012-ci ildən "xxxx" MMC-də işləyir, onlar arasında 2017ci ildə rəsmi əmək müqaviləsi bağlanılmışdır. Cavabeh tərəflə isə aralarında əmək müqaviləsi olmamışdır. 2013-ci ildə ona mart ayından oktyabr ayına kimi 8 ay müddətinə 300 manat əmək haqqı yazılmış, lakin həmin məbləğlər ona verilməmişdir. Halbuki, o, həmin müddət ərzində "xxxx" MMC-də qeyri-rəsmi işləmişdir. Bu məsələdən "xxxx" MMC ilə onun arasında olan əmək mübahisəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2024-cü ildə məhkəmədə baxılan zaman məlumatlı olmuşdur. Bundan sonra Əmək Müfəttişliyinə və Nizami rayon Prokurorluğuna bu barədə müraciət etmiş, Nizami rayon prokurorluğu da onun müraciətini Əmək Müfəttişliyinə yönəltmişdir. Onunla müqavilə bağlamadan əmək haqqı yazıblar. Bununla bağlı sarsıntı və əsəb, mənəvi sarsıntı keçirmiş, o qədər yol gedib-gəlmişdir, müxtəlif orqanlarına müraciət etmişdir. Bu məsələ ilə bağlı əsəb çəkdiyinə görə dərmanlar almış, 1000 manat vəsaiti xəstəliyinə görə xərcləmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh MMC-nin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Prokurorluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2013-cü ildə 8 ay ərzində məlumatı olmadan Cavabdeh MMC-də işçi kimi rəsmiləşdirilməsi barədə müraciəti aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli mətubundan görünür ki, eyni məzmunlu müraciətə bundan əvvəl tərəflərindən xx.xx.2024cü il tarixli, 3-17-5/2-M-81678/3/2024 nömrəli məktubla cavablandırılmışdır. Müraciəti ilə əlaqədar ünvanına 3-17-5/2-M-31390/2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3175/2M- 33908/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq müraciətin ətraflı araşdırılması, müəssisə tərəfindən iddiaçıya təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışını təqdim etməsi və izahatının alınması məqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuş, 3 saylı Bakı DOST Mərkəzinə izahatını təqdim etmişdir. Eyni zamanda tərəflərindən "xxxx" MMC-nin ünvanına yenidən 3-17-5/2-2783/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən müəssisənin işəgötürəni ilə onun arasında əmək müqaviləsinin bağlanmasına dair bildirişin mövcud olmadığı məlum olmuşdur. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarına əsasən əmək müqaviləsi bildirişləri həmin tarixdən elektron informasiya sisteminə daxil edilməyə başlamışdır. Eyni zamanda "xxxx" MMC-nin ünvanına tərəflərindən 3-17-5/2-9295/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9- cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən təqdim etmiş olduqları bank çıxarışına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2023cü il tarixli müddətli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən qüvvədən düşdüyü və həmin tarixdə ona 952 manat 79 qəpik son haqq-hesab ödənildiyi məlum olmuşdur. Müraciətlərində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqları vardır. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışdan görünür ki, ilkin mediasiya sesiyasında İddiaçı iştirak etmiş, Cavabdeh MMC isə iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat ilkin mediasiya sesiyası xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən fərdi şəxsi hesab haqqında arayışdan görünür ki, İddiaçı 2013-cü ilin mart-oktyabr ayları 300 manat gəlir müəyyən edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəzi qismində 1300 manat, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsaitinin tutularaq İddiaçı, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı onun məlumatı olmadan Cavabdeh MMC-də işə götürülmüş, 2013-cü ilin mart ayından oktyabr ayına kimi cavabdeh MMC-də işçi olaraq 300 manat əmək haqqı almışdır. İddiaçı bu məsələdən "xxxx" MMC ilə onun arasında olan əmək mübahisəsinə (2(00)-78\2025 saylı iş) Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2024-cü ildə məhkəmədə baxılan zaman məlumatlı olmuş bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə və Bakı şəhəri Nizami rayon Prokurorluğuna müxtəlif müraciətlər etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin birinci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2) Ümumiyyətlə zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə ilk öncə qeyd edir ki, mənəvi zərər fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı deyilərkən şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənfi emosiyalar (aciz vəziyyətə düşmə, utanma, məyus olma, qıcıqlanma, qəzəb, ruhi sıxıntı, nigarançılıq, ədalətsizlik və ya alçalma hissi, qorxu, uzun müddət davam edən qeyri-müəyyənlik və s.), mənəvi iztirab deyilərkən isə şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində fiziki (fiziki narahatçılıq, orqanların zədələnməsi və onlardan məhrum olma, xəstələnmə, ağrı və s.) və psixi əzab (stress, psixi xəstəlik, depressiya və s.) çəkməsi nəzərdə tutulur. Mənəvi zərərə görə kompensasiya- hüquqazidd əməl (hərəkət və hərəkətsizlik) nəticəsində meydana gələn mənəvi sarsıntı və iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq onun qanunla qorunan qeyrimaddi nemətlərinə cavabdehlərin hüquqazidd müdaxiləsi nəticəsində pozulmuş qeyriəmlak (şəxsiyyət) hüquqlarının qeyri-əmlak və əmlak xarakterli müdafiəsi vasitəsi olaraq 5500 manat mənəvi zərərun tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə qiymət verərək bildirir ki, iddia tələbinin mənəvi zərər hisəssində tam təmin edilməsi ədadlətli olmaz. Belə ki, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd olunan meyarlar nəzərə alınmaqla müəyyən edilir. Mənəvi təzminatın hesablanması qaydası mürəkkəbdir, ağrı, əzab, fiziki narahatlıq, psixi sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər (Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarı). Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə, bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən təzminatın həcmi müəyyən edilərkən göstərilən meyarlarla yanaşı, zərər vuranın qanunsuz hərəkətlərinə məcmu halında qiymət verilməli və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların ağırlığı, şəxsin fərdi xüsusiyyətləri ilə əlaqələndirilməli, həmçinin, işin faktiki halları, eləcə də ağlabatanlıq və vicdanlılığa dair tələblər, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi nəzərə alınmalıdır. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən, adi həyat tərzi və vətəndaşların ümumi gəlirlərə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Hazırda İddiaçı Cavabdeh MMC adlı müəssisəni tanımadığını, orada işləmədiyi halda onun adının orada işləyən şəxs kimi olmasını, ona həmin MMC tərəfindən ödənilən əmək haqqını əldə etmədiyini, aidiyyəti orqanlara müraciət edərək vaxtını sərf etməsi bütün bunların isə ona mənəvi iztirab və sarsıntı yaşatdığı üçün mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd olunanlara əsasən iddiaçının çəkdiyi mənəvi iztirab və sarsıntı dərəcəsini, cavabdehdən tutulmalı olan məbləğin pozuntunun nəticələrinə uyğun olmalı olmasını, iddiaçının keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə, bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət etməli olmasını, məbləğin ağlabatanlıq dərəcəsini, tərəflərin ümumi gəlirlərə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh MMC-dən İddiaçı xeyrinə onun ləyaqətini alçaltmasına görə mənəvi zərər qismində 500 manat vəsait tutulmalı, qalan hissədə isə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının mediasiya prosesi zamanı ödədiyi 10 manat poçtkargüzarlıq xərcinin cavabdehdən tutulması” hissəsində bildirir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan və həmin xərc iddiaçı tərəfinən sübut edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında rüsum məbləği ödənilməlidir. Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan Cavabdeh MMC-dən 30 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin "xx.xx.2011-ci il tarixli 31 nömrəli Qərarına dəyişiklik edilməsi barədə" xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi və iş materialları ilə tanış olduğu müddət 12 iş saatı müddətinə bərabər olduğundan, göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 132 manat (12x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi ziyan qismində 500 manat vəsait və 10 manat poçt-kargüzarlıq xərcinin əvəzi tutulsun. "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddiaçı 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 132 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar