Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2179/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə təyin olunmuş, xx.xx.2017-ci il təvəllüdlü X2 üçün qazancının 1/4 hissəsi qədər aliment məbləğinin dəyişdirilərək qazancının, gəlirinin 1/6 hissəsi qədər təyin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X14 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli. 2(007)-6448/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan faktiki iş üzrə Cavabdeh ona qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-6448/2017 saylı qətnaməsi ilə onun xeyrinə tutulan 150 manat məbləğində müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi və qazancının və (və ya) başqa gəlirlərimin dörddə bir hissəsi miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş elmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-6448/2017 saylı qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün təyin olunmuş aliment məbləği artırılaraq onun gəlirindən ¼ hissəsinin məbləğində təyin olunmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, xx.xx.2017-ci il təvəllüdlü X2 üçün qazancının ¼ hissəsi qədər aliment təyin olunmuşdur. Məhkəmə baxışı olana qədər onun digər nikahdan olan övladı xx.xx.2009-cu il təvəllüdlü X16 onun himayəsində qalırdı. Lakin sonradan şəraitin dəyişdirilməsi ilə bağlı (uşağın könüllü şəkildə anasının yanına getməsi), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-750/2023 saylı icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq X7 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment ödəyir. Hazırki vəziyyətdədə həmin alimentin məbləğinində artırılaraq 1/6 hissəsini X11 verməyi barədə ona mediasiya təklifi göndərilmişdir. Hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X3 üçündə qazancnmın 1/6 hissəsi qədər aliment verməyi nəzərə alaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 ücün qazancımın 1/4 hissəsi qədər tutulan alimentin məbləği dəyişdirilərək gəlirinin 1/6 hissəsi qədər təyin olunmalıdır. Hər iki uşağın mövqeyi bərabər nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan təkzib olunmaz sübutlar əsasında, yəni məhkəmənin ondan hazırki cavabdehin xeyrinə qazancının 1/4 hissəsi qədər aliment təyin olunandan sonra maddi və ailə dolanışığında dəyişikliyin olması (digər nikahdan olan uşaq ücün aliment verməyi) iddia tələbinin təmin olunması ücün əsasdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı polis işçisidir və aylıq 1450 manat əmək haqqı alır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 izahat verərək bildirdi ki, o, iddianı qismən qəbul edir. xx.xx.2017-ci il təvəllüdlü X2 ücün iddiaçının qazancının 1/4 hissəsi qədər aliment məbləğinin dəyişdirilərək qazancının, gəlirinin 1/5 hissəsi qədər təyin edilməsinə etiraz etmir. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub, X13 ödənilməsi, iddiaçı X12 mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsaitin ona aid edilməsi, cavabdeh İddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2802/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-750/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən başayaraq X7 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 atası olması faktının müəyyən edilməsi, X8 yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın doğum tarixinin xx.xx.2017-ci il, doğulduğu yer Bakı şəhəri soyadı, adı, ata adı qrafasında “X14”, ata adı qrafasında “İddiaçı”, ana adı qrafasında “Cavabdeh” kimi yazılması, xx.xx.2017-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulması, qətnаmənin alimеntin tutulmаsı hissəsində dərhаl icrа еdilməsi qət edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı səhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub, X13 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, hazırda xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının əmək haqqısının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq cavabdeh X13 ödənilir. Bundan başqa, iddiaçı hazırda faktiki nikahından olan övladı xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimenti X11 ödəyir. Həmçinin, cavabdeh tərəf Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, İddiaçı hər ay əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında alimentin tutulmasına etiraz etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə, alimentin tutulmasının uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyini, uşaqların mənafeyini və onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması, iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi, cavabdehin ərizəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment tutulub, X13 ödənilməlidir. Belə ki, iddiaçının aylıq əmək haqqı məbləği 1450 manat təşkil edir (məhkəməyə buna dair sübut təqdim edilməsə də, tərəflər həmin halı təsdiq etmişlər) və əmək haqqının və digər gəlirlərin 1/5 hissəsi, təxminən 290 manat və 220 manat (digər uşağa) alimentin tutulması iddiaçıya münasibətdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinin tələbini pozmayacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment tutulub, X13 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2777/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında aliment tutulub, X13 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2179/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2179/2023
22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver