Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2216/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə Naxçıvan şəhərində cavabdehlə ailə qurmuşdur. Nikahdan sonra Bakı şəhərinə köçmüşlər. Ev almağa imkanları olmadığına görə 2 il kirayədə yaşamışlar. Amma kirayə pulunu da verməyə imkan olmadığına görə 1998-ci ildən 2005-ci ilin dekabr ayına qədər 7 il onun xalasının evində pul ödəmədən yaşamışlar, hətta arada xalası onlara yardım etmişdir. Bu illər ərzində 3 övladları olub. Xalasının evində yaşadıqları müddətdə pul yığaraq 2005-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski 20/86 ünvanında yerləşən mənzili almışlar. Cavabdehin heç vaxt daimi işi olmayıb. Yeni evi alandan sonra o, həm məktəbdə müəllimə kimi çalışmış, həm də evdə fərdi olaraq şagirdləri qəbul imtahanlarına hazırlamışdır. Çox yorulsa da, fikirləşirmişdir ki, uşaqlar böyüyər, dincələr. Amma axır vaxtlar hiss etmişdir ki, o, yükləndikcə keçmiş həyat yoldaşı evə bir qəpik də olsun pul xərcləmir. Aydın olmuşdur ki, bu illər ərzində, o, ərinin anasına qulluq edəndə, uşaqları saxlayıb evin bütün gayğıları ilə çabalayanda əri başqa bir qadınla yaşayırmış. Bunları biləndə o, ömrünü bitmiş hesab etmiş, çox pis günlər keçirmişdir. Xəstələnmiş və iki aydan artıq müddət ərzində sağala bilməmişdir. Boşanmaq istəsə də, bacıları demişdir ki, insandır səhv edə bilər, yəqin ki, düzələr. Amma sonralar aydın oldu ki, cavabdehin uşaqları da var imiş. Düzəlmək əvəzinə keçmiş həyat yoldaşı özünü haqlı bilmişdir ki, “bütün kişilər kənarda arvad saxlaya bilər”. Onlar 2019-cu il dekabrın 18-də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2895/2019 tarixli, 18 dekabr 2019 saylı tarixli qətnaməsi ilə boşanmışlar. Onun ümidləri, gələcək arzuları hamısı puç olmuşdur. Aydın olmuşdur ki, 15 il ərzində keçmiş əri öz ailəsinə xəyanət etmişdir. Onun, bu 15 ildə cavabdehə verdiyi illərinin əvəzini o, heç nə ilə ödəyə bilməz. O, həmişə evinə, ailəsinə sadiq olmuş və cavabdehdən də istədiyi yalnız sədaqət və düzgünlük olmuşdur. Buna görə o, cavabdehin xəyanət etdiyi hər il üçün vurduğu mənəvi zərərə görə 5000 manat məbləğində təzminat ödəməsini istəyir. Yəni, bu 15 il üçün cavabdeh 75000 manat mənə təzminat ödəməlidir. O, məbləği bir dəfəyə, hissə-hissə, yaxud naturada ödəyə bilər. Xatırlatmaq istəyir ki, əslində bu məbləğ 15 il ərzində evin bütün problemlərini çiynində daşıyan, işdən sonra evə yorğun gəlməyinə baxmayaraq evin bazarlığını belə edən, üç qız uşağını böyüdüb onların üçünü də universitetə hazırlaşdıran, onların universitet xərclərini böyük çətinliklə, öz sağlamlığı hesabına abituriyent hazırlaşdırmaqla ödəyən və axırda da təşəkkür əvəzinə həyat yoldaşı tərəfindən illər boyu aldadıldığını bilən bir qadın üçün çox cüzi bir məbləğdir. Cavabdehdən onun xeyrinə 75000 manat miqdarında ona vurduğu mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, o, ailəsinə sadiq olmaqla həmişə ailəsinin bütövlüyünü qoruyub saxlamaq üçün var gücü ilə çalışmışdır. Keçmiş həyat yoldaşının fikirləri ilə razı deyil, ona görə ki, o, ailəsinə xəyanət etməmişdir. Onlar hər il müxtəlif ölkələrdə istirahətdə olmuşlar. O, gecə-gündüz dayanmadan işləyib mənzil almış, həmçinin iddiaçıya “Lexus” markalı avtomobil almışdır, hər üç övladının təhsili və gələcəyi üçün onlara dəstək olmuşdur. Bir sözlə, ailəsinin bütün maddi və mənəvi ehtiyaclarını ödəmək üçün həm ata, həm də həyat yoldaşı olaraq daim ailəsinin üzərində olmuşdur. Onlar yaxşı yaşamışlar, onun boşanmaq fikri də olmamışdır. Sadəcə iddiaçının bacısı ailə həyatlarına müdaxilə etmiş, sonuncunu öyrədib bu fikrə gətirmiş, onun səsini yazıb, ona “nüfuzlu” xalası vasitəsi ilə xəbərdarlıq etmişlər, olmayan şər-böhtanla ittiham etmişlər. Hansı ki, ona heç bir aidiyyatı olmamışdır. Hal-hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında onların başqa mübahisəsi də var. İddiaçı ona qarşı 13 müxtəlif iddia qaldırıb, dediklərinin hamısı da cəfəngiyyatdır. İddiaçı və bacısı onun anasını da bu vəziyyətə salmış, anası isə onun fikrini çəkməkdən vəfat etmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 348504 saylı nikahın pozulması haqqında Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 mart 2020-ci il tarixdə, 77 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar, sonradan tərəflər arasında olan nikah pozulmuş, bu barədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 06 mart 2020-ci il tarixdə qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehin ona xəyanət etməsi səbəbindən ailəsinin dağıldığını bildirməklə, bunun nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2216/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2216/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver