Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2247/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “renta müqaviləsinin və çıxarışın ləğvi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “renta müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış Bakı şəhər 52 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixli 4Ə-1175 reyestr nömrə ilə qeydiyyatdan keçmiş renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, onunla Cavabdeh arasında Bakı şəhər 52 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023cü il tarixli 4Ə-1175 reyestr nömrə ilə qeydiyyatdan keçmiş renta müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsinin (reyestr qeydinin) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X9nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1939-cu ildə anadan olmuşdur. İddiaçının yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 4, 56 saylı mənzil onun mülkiyyətindədir. Onun hazırda heç bir yaxın qohumu olmadığı üçün onunla eyni binada qonşusu olan cavabdeh ilə ünsiyyətdə olmuşdur. Cavabdeh onun yaşlı olmasını nəzərə alaraq, iddiaçının maddi, mənəvi və mənzil problemlərini öz öhdəsinə götürəcəyini bildirmişdi. Buna görə də onların arasında Bakı şəhər 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1175 reyestr nömrə ilə qeydiyyatdan keçmiş renta müqaviləsi bağlanmış, cavabdehin hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir, buna görə də iddiaçı müraciət etməli olmuşdur.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh divar qonşusudu onlar aralarında renta müqaviləsi bağlamışdılar. O, yaşlı və heç kimi olmadığından Cavabdeh ona baxmalı idi o, da mənzilini ona vermişdi. Lakin onlar ona baxmırlar hazırda mənzilində işıq yoxdu qaranlıqda yaşayır. Mətbəxdə yerdə yatır. Mənzilində əşyalar var onları seçmək lazımdı o, yaşlıdı bacarmır. Cavabdeh də işdə olur axşam gəlir. Arada bir ancaq telefonla danışır. Bəzən nəsə bişirib 1 qab gətirir. On aydır ona baxmır, öz öhdəliklərini yerinə yetirmir, müqavilənin ləğv olunmasını xahiş edir. Əşyaları yığmaq üçün bir yer düzəldib əşyalarını ora yığmalarını demişdi iddiaçıya. Onlar da qonşu binanın zirzəmisində rəflər düzəltdilər, lakin əşyaları aparıb ora yığmadılar. Novruz Bayramında da evdə oldular, düşündü ki gəlib təmizləyərlər amma gəlmədilər. Müqavilə bağlandıqdan sonra onların 1 ay münasibətləri yaxşı olub, gediş gəlişləri olub. Arzu xanım səhərdən axşamadək işdə olur. Onun evindən “Aysmed” klinikasına olan məsafə bir dayanacaq qədərdir. 26 saylı poliklinakaya özü gedib gəlib. Kardioloqiya şöbəsində qeydiyyatdadır. Arzunun həyat yoldaşı onu “Aysmed” klinikasına cəmi bir dəfə aparıb. Arzunun həyat yoldaşı gedəndə taksiyə 5 manat pul verib aparıb, orada analizlərin pulunu Kiselyova özü ödəyib. Qayıdanda isə piyada qayıdıblar. Digər vaxtlarda isə 4 dəfə özü başqa şəxslərlə gedib gəlib. Bu səbəblərdən Arzu xanımla bağlanan renta müqaviləsinin ləğv edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. 20 ildir ki, qonşudular və çox yaxşı münasibətləri olub. Valentina nə istəyibsə onun üçün gecə də olsa bişirib verib. Son iki aydır ki, Kiselyova ona qarşı kobud davranır və qapını açmır. Əşyaları atmağa ya ayırmağa qoymur deyir rəfiqəmdən qalıb. Gedir küçədə nə varsa yığıb evə gətirir. Neçə dəfə demişik ki, gələk təmizliyək onları ayıraq heç qapını açmır.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia həqiqəti əks etdirmir, əlavə olaraq bildirdi ki, cavabdeh öz öhdəliklərini pozmayıb. Nə lazımdırsa edib ona yemək bişirib, həkimə aparıb, qulluq edib, bazarlıq edib. Cavabdeh uzun müddət iddiaçıya baxıb qayğısına qalmışdır. Hətta bu gün də iddiaçı icazə versə ev təmizlənər yəni Arzu xanım öhdəliklərindən yayınmır. Lakin iddiaçı qapını da açmır ona. Ona görə iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi.
8. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Valentinanı qonşu binadan 13 ildir tanıyır. Anası rəhmətə gedəndə Valentinaya anasının çoxlu pal-paltarını verdi ki, lazımı olar. Renta müqaviləsi bağlanandan bir ay yarım keçmişdir o, biləndə ki, Valentina renta müqaviləsi bağlayıb. O, sevindi ki, ona kimsə baxacaq və soruşanda kimdir Valentina həmin şəxsin qonşusu olduğunu və onları 25 il tanıdığını bildirmişdir. Arzu xanımı ümumiyyətlə bir dəfə pilləkanda görmüşdür.
9. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, Valentinanı 3-4 ildir ki tanıyır, qonşu binada qalır. Valentina mütəmadi olaraq pişikləri yedirdirdi onunla orada tanış olmuşlar. Valentina tək olduğunu və özünə qəyyum tapdığını bildirmişdir. O, bu xəbərə sevindiyini bildirdi. Bir ay qəyyum seçdiyi insanla münasibətləri yaxşı idi, sonra isə şikayətlənməyə başladı. Onun üçün yemək bişirmirdilər, yemək vermirdilər, ona lazımi köməyi etmirdilər. O, özü onun üçün yemək gətirir, onu mağazaya, kafeyə aparırdı. Hətta Kiselyovaya sistem köçürülməsi məqsədi ilə onunla xəstəxanaya getdiyini bildirdi. İddiaçı evində təxminən 10 dəfə olmuşdur. Evin açarlarını da Arzu xanıma Kiselyova özü vermişdir. Bu yaxınlarda sənədləri alanda açarları da geri aldı. Sonuncu dəfə Valentinanın evinə 2024-cü ilin fevral ayında getmişdir əşyalardan evə güclə girmişdir.
10. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, Kiselyovanı məhlədən tanıyır, həmin məhlədə taksi fəaliyyəti ilə məşğul olur. Kiselyovanı iki dəfə “Aysmed” klinikasına Arzu xanımın yoldaşı Mail bəylə aparıb gətirib.
11. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Kiselyovanı “Aysmed” klinikasına Etibarla aparıb gətirib. 2-3 dəfə 26 saylı poliklinikaya özü aparıb. Bir il onun əziyyətini çəkdiyini, yeməyini verdiyini, bazara getdiyini bildirmişdir. 07 sentyabr 2023-cü ildə Kiselyovanın əşyalarını yığması üçün anasının yaşadığı qonşu binanın zirzəmisində rəflər düzəldib. 20 iyun 2024-cü ildə isə Kiselyova məhkəməyə müraciət edib. Bir il gündə üç dəfə ona yemək verdiyini və ilk aylarda evin elə olmadığını bildirdi. Kiselyova zirzəmidə düzələn rəflərə əşyalarını yığmadı, sonraya saxladı. Hətta ona mətbəxin və sanitar qovşağının təmir olunması məsələsini deyəndə, “sonradan özün üçün edərsən” deyə bildirmişdir. Təmir məsələsini payıza saxladı. “Aysmed” klinikasına özü apardığını, onu çöldə gözlədiyini pulunun isə Valentinanın özü ödədiyini bildirdi. Sadəcə Kileyovaya çəkilən xərclərlə bağlı qəbzlərin olmadığı üçün bunu sübut edə bilmədiyini vurğuladı.
12. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Valentina onun qonşusudur, qonşu binada qalır. Maildə qonşusudur. Usta kimi Kileyovanın əşyaları üçün qonşu binada zirzəmidə rəflər düzəltdiyini, lakin Valentinanın ora əşyalarını yığmadığını bildirmişdir. İddiaçı bazara özü gedirdi, amma marketə getmirdi. Valentinaya nə isə lazım olduqda, marketə Mail gedirdi.
İş materialları:
13. Renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 52 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 4Ə-1175 reyestr nömrəli renta müqaviləsindən görünür ki, renta alan ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Renta ödəyicisi renta alanın həmin mənzildə ölən günədək yaşamasını təmin etməyi, maddi cəhətdən təminatını ödəməyi, mənzilin sanitar qovşağını işlək vəziyyətdə saxlamağı, təmizliyini təmin etməyi, yuyundurmağı, qida məhsulları ilə təmin edilməyi və hazırlamağı, səhhətinin qayğısına qalmağı, tibbi xidmət göstərilməsi üçün həkimə aparmağı, vəfat etdikdə dəfnini təşkil etməyi öhdəsinə götürmüşdür.
14. 20568 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 İddiaçı məxsusdur.
15. xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən, ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb.
16. “Bakı Baş Səhiyyə Mərkəzi” X9 26 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2016-cı ildən poliklinikada qeydiyyatdadır, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə “ÜİX. Stabil gərginlik stenokardiyası. Hipertaniya xəstəliyi İİ dərəcə. Ürək çatmamazlığı İİ f.s.” diaqnozu ilə həkim kardioloq qəbulunda olub. xx.xx.2024-cü il tarixdə xəstənin evinə fəal gediş olub və poliklinikaya dəvət olunub. xx.xx.2024-cü il tarixdə laborator müayinələrdən və USM müayinədən keçirilib.
17. “AYSMED” klinikası tərəfindən İddiaçı barəsində aparılmış xx.xx.2024-cü il tarixli müayinə xidmətlərin siyahısını təqdim edilmişdir.
18. İddiaçının evinin fotolarından, həmçinin evinə keçirilmiş yerində müayinə zamanı tərtib edilən aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış yeri baxımsızdır, evin hər yerində müxtəlif əşya qalaqları var, mənzilin elektrik enerjisi yoxdur, yatmağa şərait yoxdur.
19. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1175 reyestr nömrəli renta müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisi Cavabdeh mülkiyyətinə vermiş, renta ödəyicisi renta alanın həmin mənzildə ölən günədək yaşamasını təmin etməyi, maddi cəhətdən təminatını ödəməyi, mənzilin sanitar qovşağını işlək vəziyyətdə saxlamağı, təmizliyini təmin etməyi, yuyundurmağı, qida məhsulları ilə təmin edilməyi və hazırlamağı, səhhətinin qayğısına qalmağı, tibbi xidmət göstərilməsi üçün həkimə aparmağı, vəfat etdikdə dəfnini təşkil etməyi öhdəsinə götürmüş Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; 879-cu maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər.
22.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.
24. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
25. Göründüyü kimi, tərəflər arasında bağlanmış renta müqaviləsi üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 879.1-ci maddəsinə əsasən həmin müqavilənin ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. İddiaçı və cavabdeh arasında bağlanmış ömürlük renta müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, müqavilə üzrə heç bir öhdəlik icra edilmədiyindən həmin müqavilə və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir.
26. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən və yerində müayinə aktından göründüyü kimi ev yaşamaq üçün yararsız vəziyyətdədir. Mənzildə elektrik enerjisi yoxdur, xarab olub və uzun müddətdir təmir olunmayıb.
27. Müəyyən olunan hallar isə renta ödəyicisinin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımınca icra etməməsinə dəlalət edir.
28. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 879-cu maddəsinə əsasən renta ödəyicisi Cavabdeh ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu üçün renta alan İddiaçı müqaviləni ləğv etməyi haqlı olaraq tələb edə bilər.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
30. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçınun Cavabdeh qarşı “renta müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir.
32. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində xx.xx.2023cü il tarixdə bağlanmış 4Ə-1175 reyestr nömrəli renta müqaviləsi ləğv edilməlidir.
33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X9 tərəfindən verilən Cavabdeh adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışı ləğv edilməlidir. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X9nə həvalə edilməlidir.
34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış 4Ə-1175 reyestr nömrəli renta müqaviləsi ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X9 tərəfindən verilən Cavabdeh adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışı ləğv edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X9nə həvalə edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova