Məhkəmə qərarları › İş №2(007)-2270/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2270/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2270/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin və xərclərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin və xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 21 dekabr 2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Focus” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 noyabr 2018-ci il tarixdə “Ford Focus” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, A.Neymətulla küçəsində yolnəqliyyat hadisəsi törətmiş və “Hyundai Tucson” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1019.00 (bir min on doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ DYPŞ-dən ünvanlarına 23 noyabr 2018-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Nərimanov RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 24 noyabr 2018-ci il tarixli, 078-33983 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Ford Focus” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Buna görə də, 1019 (min on doqquz) manat sığorta ödənişi məbləğinin, 1000 (min) manat işlərin görülməsi xərcləri olmaqla, cəmi 2019 (iki min on doqquz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi lizinq şirkətinə məxsus olmuş, hadisə baş verdikdən 5 gündən sonra Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini təsdiq edən etibarnamə alaraq onu sığorta şirkətinə təqdim etmiş və hadisə vaxtı etibarnaməsi olduğunu iddia etmişdir. Hansı ki, bu hal işdə olan DYP İdarəsinin sənədləri ilə də tam təkzib olunur. Cavabdeh tərəfin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur. Buna görə də, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 verdiyi izahatında göstərdi ki, o, iddia tələbi ilə razı deyil, belə ki, onun özü də uzun müddətdir ki, avtomobil idarə edir. Hadisə baş verən zaman o da avtomobilin içərisində olmuşdur, Nərimanov rayonu ərazisində geriyə dönmə əməliyyatı edən zaman 3 metr məsafədə yol-nəqliyyat hadisəsi baş vermişdir, həmin məsafədə toqquşma nəticəsində digər avtomobilə dəymiş zərərin həcmi isə iddiada göstərilmiş miqdarda ola bilməz. Bundan əlavə, avtomobil lizinqdə olarkən hər ay ödənişləri etdikdə yenidən 1 ay müddətinə cavabdeh etibarnamə almışdır. Hadisə baş verən zaman cavabdeh avtomobili yol vərəqəsi əsasında idarə etmişdir, cavabdehin etibarnaməsi olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur, MMC həmin avtomobili 22 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında 21 dekabr 2018ci il tarixədək olan müddət üçün Cavabdeh vermişdir; -Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur; -Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin 23 noyabr 2018-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh 17 noyabr 2018-ci il tarixdə A.Neymətulla küçəsində düzgün ara məsafəsi seçməyib qarşısında olan “Hyundai Tucson” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamış, X6 zərər dəymişdir; -Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə verdiyi 23 noyabr 2018-ci il tarixli izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı avtomobil "xxxx" ASC tərəfindən 21 dekabr 2017-ci il saat 17:37-dən 21 dekabr 2018-ci il saat 17:37-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -“Kia Motors” Servisin qüsur aktından görünür ki, “Hyundai Tucson” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1019 manat tələb olunur; -"xxxx" ASC-nin 18 dekabr 2018-ci il tarixli 7880/18/AA-6969-18 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PAA********** nömrəli sığorta şəhadətnaməsi ilə 21 dekabr 2017-ci il saat 17:37-dən 21 dekabr 2018-ci il saat 17:37-dək sığortalanmış, "xxxx" MMC-yə məxsus “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil 17 noyabr 2018-ci il tarixdə X7 məxsus “Hyundai Tucson” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, dəymiş zərər 1019 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1019 manat sığorta ödənişi X5 hesabına köçürülməlidir; -27 noyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin 7880/18/AA-6969/18 nömrəli sığorta aktına əsasən 1019 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X5 hesabına köçürülmüşdür; -"xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 29 iyul 2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; -14 aprel 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 21 dekabr 2017-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 noyabr 2018-ci il tarixdə etibarnamə olmadan “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Tucson” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1019 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Nərimanov RPİ DYPŞ tərəfindən Cavabdeh yol-nəqliyyat hadisəsini törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Kia Motors” Servisin qüsur aktına əsasən “Hyundai Tucson” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1019 manat hesablanmışdır. "xxxx" ASC tərəfindən 27 noyabr 2018-ci il tarixdə sığorta aktı tərtib edilmiş, həmin akt əsasında 27 noyabr 2018-ci il tarixli ödəniş tapşırığı ilə dəymiş maddi ziyanın əvəzi kimi sığorta ödənişi olan 1019 manat pul "xxxx" ASC tərəfindən müvafiq hesaba köçürülmüşdür. "xxxx" ASC 29 iyul 2019-cu il tarixdə geriyə tələb (subroqasiya) məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Nəzərə alınmalıdır ki, “Ford Focus” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 22 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında 21 dekabr 2018-ci il tarixədək olan müddət üçün Cavabdeh verilmiş, sığorta hadisəsinin baş verdiyi tarixdə isə o, avtomobili etibarnamə olmadan idarə etmişdir. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “1000,00 (bir min) manat işlərin görülməsi xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, həmin məbləğə hansı işlərin görülməsi və işlərin görülməsinə çəkilmiş xərcin hansı səbəbdən məhz 1000 manat təşkil etməsi məhkəmə iclasında sübuta yetirilməmişdir, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı həmin hissədə iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, sonuncunun izahatında hadisə baş verən zaman cavabdehin qüvvədə olan etibarnaməsinin mövcudluğu məhkəmə iclasında sübuta yetirilməmiş, bunu təkzib edən hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, cavabdeh tərəfin göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1019 (min on doqquz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1019 (min on doqquz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar