Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2286/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi və telefon və internet rabitəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi və telefon və internet rabitəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci madəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının seçməsinə görə özünün yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Hazırda iddiaçı istehlakçının hüququnun müdafiəsi haqqında iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında telefon rabitəsinə görə müqavilə olmasını və müntəzəm olaraq telefon və internet əlaqəsinin kəsildiyini, oğlunun sağlamlıq problemlərinə görə tez-tez telefon və internet rabitəsi vasitəsilə həkimlərlə əlaqə saxlamalı olduğunu bildirmiş, mənəvi zərərə görə 10000 manatın cavabdehdən tutularaq ona ödənilməsini və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, mənzil 13 ünvanına xidmət göstərən telefon və internet rabitəsinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə tərəflərə dair məlumatların yoxlanılması zamanı İddiaçı qeydiyyatda olduğu ünvanın Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, mənzil 13, Cavabdeh MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti, 187-ci məhəllə olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Hansı ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və iddia ərizəsinə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi və telefon və internet rabitəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə və ya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2286/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2286/2024
28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver