Məhkəmə qərarları › İş №2(007)-2297/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2297/2021

21.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2297/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili- fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi şahəsı 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 nömrəli mənzili 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 26 oktyabr 2017ci il tarixdə oğlu Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin rəsmiləşdirilən anda oğlunun əvəzinə ** AA ***2912 nömrəli etibarnaməyə əsasən onun qızı Nümayəndə təmsil edib və bütün sənədlərə özü qol çəkmişdir. Oğlu, Cavabdeh 1995-ci ildən (üç nəfər ailə tərkib ilə, daimi yaşamaq üçün Rusiya Federasiyasının, Nijeqorodsk vilayəti, Dzerjinski şəhərinə köçüb və bu günə kimi orada yaşayırlar. 2003-cü ilin iyul ayında gəlini S.H.Fərəcova Bakıya gəlib xahiş etmişdir ki, xarici pasport alması üçün onu mənzilinə özünü və Cavabdeh qeydiyyata salsın və söz vermişdir ki, pasportu aldıqdan sonra onlar qeydiyyatdan çıxacaqlar. Lakin pasportu alıb Dzerjinski şəhərinə qayıdıb verdiyi sözə əməl etmədiyinə görə məhkəməyə müraciət edib, onların yaşayış sahəsinə hüququn itirilməsinə dair tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2-789/2004-cü il tarixli Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh və S.H.Fərəcova Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin, 21 saylı mənzilinə yaşayış sahəsinə hüququ itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilmiş və icra olunmuşdur. 2017-ci ildə Cavabdeh Bakı şəhərinə gələndə ikinci dəfə onu aldadaraq deyib ki, Rusiya Federasiyasında iş tapmaq çətindir, ailənin maliyyə vəziyyəti ağırlaşıb və o, Bakı şəhərinə qayıdıb orada yaşamağı planlaşdırır. Öz ailəsinə və uşaqlara şərait yaratmaq üçün yaşayış sahəsi ilə ailəni təmin etməyə ehtiyacı var. Həm də onunla yaşayaraq yanında olub ona hərtərəfli kömək göstərə bilər. Rusiyada öz mənzili olmadığı halda (o belə bilirmiş) mənzilində yaşamaq onun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Oğlunun çətin vəziyyətini nəzərə alaraq, onun sözlərinə inanaraq mənzilinə köçüb onunla yaşamasını təklif etmişdir. Mülkiyyətində olan mənzili o şərtlə oğluna bağışlayıb ki, o, öz ailəsi ilə birlikdə Bakıya qayıdıb onunla bir yaşayacaq. Eyni zamanda da xəstə olduğunu və yaşını nəzərə alaraq ehtimal edib ki, ölümünə qədər ona qulluq edər və mənzilin yenidən sənədləşdirmə aparmasına ehtiyac qalmaz. Lakin oğlunun laqeyd münasibəti münaqişəyə səbəb olub, övladlıq borcunu yerinə yetirməməsi nəticəsində ağır vəziyətə düşüb. Ona dəstək olmaq əvəzinə o, iki aydan sonra yenidən Rusiya Federasiyasına yaşamaq üçün qayıdıb, o, öz mənzilində tək yaşayır, mənzilə tək sahiblik edir, mənzilin bütün kommunal xərclərini də özü bu günə kimi tək aparır. Nəvəsi hərdən bir Bakıya gəlib onunla yaşamasına baxmayaraq heç bir köməklik göstərmir, özünü qonaq kimi aparır. Cavabdeh onu aldadaraq bir müddət keçdikdən sonra yenidən Rusiya Federasiyasının, Nijeqorodsk vilayəti, Dzerjinsk şəhəri, Mayakovskiy küçəsi, ev 2 ünvanda yerləşən 32 nömrəli öz mənzilinə köçüb, bu günə kimi də orada yaşayır. Hesab edir ki, Cavabdeh ailə-hüquq münasibətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsində nəzərdə tutulmuş və onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozur və həmin bağışlama nəticəsində əmlak münasibətləri onun üçün son dərəcə ağır yükə çevrilib. Ona görə də, hesab edir ki, qeyd olunan bağışlama müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin müdafiə edərək, onun təmin edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib etiraz edərək bildirdi ki, iddiaçı, anası İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 83,39 kv.m olan yaşayış sahəsi 48.05 kv.m olan 4 otaqlı 21 nömrəli mənzilə dair onunla bağladığı 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Göstərilən mənzili ona bağışladıqdan sonra guya o, anasına övlad kimi qulluq göstərmədiyindən, həmçinin, bağışlama nəticəsində onun əmlak münasibətləri son dərəcə ağır yükə çevirildiyindən müqavilənin ləğvini tələb etməsi əsassızdır və iddia rədd edilməlidir. Belə ki, bağışlama müqaviləsi 26 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanıb və müqaviləni onun adından AA ******* saylı etibarnamə əsasında onun nümayəndəsi, qızı Nümayəndə imzalayıb. Müqavilə bağlanmazdan əvvəl tərəflərə hüquq və vəzifələri, habelə bağışlamanın doğuracağı hüquqi nəticələr notarius tərəfindən izah edilib. Müqaviləni anası İddiaçı özünün azad iradə ifadəsi ilə bağlayıb və ona heç bir kənar təsir göstərilməyib. Həmçinin, müqavilədə hədiyyə alan tərəf kimi onun üzərinə hər hansı öhdəlik qoyulmayıb. Eyni zamanda onun tərəfindən, adı çəkilən mənzil icbari sığorta etdirilib və müqavilə bağlandıqdan sonra ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 83,39 kv.m olan, yaşayış sahəsi 48.05 kv.m olan, 4 otaqlı 21 nömrəli mənzili qəbul edib. Müqavilənin bağlanılmasından sonra həmin mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 06 noyabr 2017-ci il tarixli, ********** saylı qeyd üzrə mülkiyyət hüququ ilə adına qeydə alınıb və bu barədə RX seriyalı, ******* saylı çıxarış verilib. Müqavilənin bağlanması və çıxarışın alınmasından sonra adıçəkilən mənzilə dair işıq, qaz, su və digər kommunal xidmətlər üzrə müqavilələri öz adına rəsmiləşdirib və mənzilin kommunal ödənişlərini öz vəsaiti hesabına qızı Nümayəndə tərəfindən ödənilib. Mənzil təmirsiz olduğundan 2017-ci ilin oktyabr və noyabr aylarında və 2018-ci ilin noyabrından 2019-cu fevral ayının sonunadək onu hissə-hissə tamamilə təmir etdirib və bunun üçün təxminən 35 000 (otuz beş min) manat xərcləyib. Bunlarla yanaşı, həmin mənzilə yeni mətbəx mebeli, qaz plitəsi, televizor, kondisioner, paltaryuyan maşın, şirəçəkən və digər məişət avadanlıqları alıb. Beləliklə, anası ilə onun arasında bağlanmış adıçəkilən müqavilənin bağlanması qanuni qaydada olub və müqavilənin bağlanılmasından sonra hədiyyə olunan (bağışlanan) əmlakı qəbul edib və mülkiyyətçi kimi onu idarə edib. Cavabdeh qeyd edir ki, mənzilin bağışlanmasından sonra 3 bacısının hər birinə 3500 (üç min beş yüz) manat olmaqla, ümumi 10.500 (on min beş yüz) manat pul “halallıq” kimi verib. İşi ilə əlaqədar olaraq müvəqqəti Rusiya Federasiyasında yaşamağa məcbur olsa da bağışlama müqaviləsini bağlanmasından əvvəl və sonra bir övlad kimi anasına həmişə diqqət və qayğı göstərib. Ötən müddət ərzində qızı Nümayəndə anasına qulluq etmək və onun qayğısına qalmaq üçün onun yanında saxlamış və o, hal-hazıradək həmin mənzildə anası ilə birgə yaşayır, ona qulluq göstərir, həmin mənzildə qeydiyyatdadır və yaxın vaxtlarda ailəsi ilə bir yerdə həmişəlik Azərbaycan Respublikasına qayıdacaqlar. Bu dövrdə anası və qızının dolanışıq və kommunal xidmətlərin ödənişləri üçün Rusiya Federasiyasından müntəzəm olaraq pul göndərib. Anasının çətinliklə hərəkət etməsini nəzərə alaraq, göndərdiyi pulları banka qızının hesab kartına köçürmələrlə həyata keçirib. Ötən dövrdə müntəzəm olaraq özü, ya da həyat yoldaşı Bakıya anasının yanına gəlib-gediblər, telefonla əlaqə saxlayıb, onun səhhəti və digər sosial problemlərinə zəruri dəstək verib. Həmçinin, qeyd edir ki, 2019-cu ilin noyabrın 3-də anasının yıxılıb ayağını sındırmasından sonra bir aydan artıq müddətə Bakıda qalıb və yanında qalaraq cərrahiyyə əməliyyatının aparılması və əməliyyatdan sonrakı müalicə məsələləri ilə məşğul olub, səhhəti normallaşdıqdan sonra isə, Rusiya Federasiyasına gedib. Həmin vaxt anası Tamilla Xanımın əməliyyat və müalicəsi üçün təxminən 3000 (üç min) manatdan artıq pul xərcləmiş, eyni zamanda qızı Nigar üç ay yarım yataq rejimində olan anasına qulluq edib. Bunlarla yanaşı məntiqi olaraq onda sual yaranır ki, bağışlama müqaviləsindən sonra anasına qayğı və qulluq göstərməmişsə, o zaman niyə bağışlama müqaviləsinin ləğvi onun bağlanmasından 4 il sonra qaldırılıb? Hesab edir ki, yuxarıda qeyd edilənlər göstərir ki, anası İddiaçı ilə onun arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsi və müqavilədən sonrakı proseslər qanunun tələblərinə uyğun aparılıb və bağışlama müqaviləsində hədiyyə alan tərəf kimi onun üzərinə heç bir öhdəlik qoyulmasa da, o, bir övlad kimi anasına həmişə qayğı göstərdiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin etirazını müdafiə edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə, etirazını bildirib, onun Cavabdeh qızı, İddiaçı nəvəsi olmasını, özünün 2017-ci ildən bu günə kimi nənəsi ilə bərabər yaşayıb ona qulluq edib, kommunal xərcləri, alış-veriş işləri, bütün zəruri xərclərini ödədiyini, nənəsinin ayağı sınanda isə 3 ay davamlı ona qulluq etdiyini bildirdi. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktubla müraciət edərək işin çoxluğunu nəzərə alıb, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 312357 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı 01 dekabr 1960-cı il tarixdə nikahlarını bağlamışlar, bu barədə həmin tarixdə akt qeydləri kitabında qeyd edilmişdir; - AZ-İ seriyalı, 129505 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 may 2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 may 2002-ci il tarixdə 345 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2004-cü il tarixli, 2-789/2004 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh, X3 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi 15 saylı evin 21 saylı mənzilinin yaşayış sahəsinə hüququ itirilməklə, pasport qeydiyyatından çıxarılmışlar; - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının 27 oktyabr 2004-cü il tarixli 465 saylı Sərəncamının surətindən görünür ki, İ.Məmmədov küçəsi 15 saylı evin 4 otaqlı (yaşayış sahəsi 48,05 kv.m) 21-ci mənzilinin kirayəçisi 25 iyul 1979-cu il tarixli, 173901 saylı orderə əsasən (ailə tərkibi iki nəfər-İddiaçı və X2) olmaqla mənzilə kirayə müqaviləsi Cavabdeh ölümündən sonra dəyişdirilb, onun arvadı-İddiaçı ilə yeni müqavilə bağlanılmışdır; - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı, 219763 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin, 21 saylı mənzili İddiaçı qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1363 saylı reyestr kitabının 204600 nömrəli səhifəsində 30 dekabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır; - Rusiya Federasiyası, X1 şəhəri 20 oktyabr 2017-ci il tarixli 52AA3462912 seriyalı etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1993-cü il təvəllüdlü qızı Nümayəndə ünvan 1, 21 saylı mənzili və ümumi əmlaka dair mülkiyyət hüququndakı payı onun adından hədiyyə almağı, əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi və bunula bağlı tapşırıqların yerinə yetirilməsi, zəruri hərəkətləri yerinə yetirilməsi və s. hüquqları həvalə etmişdir; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudladırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin 23 oktyabr 2017-ci il tarixli 09AZ/1215 saylı arayışından müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin 4 otaqlı 48,05 kv.m yaşayış sahəsi, mənzil 21 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ barədə 1363 ÖZ saylı reyestr kitabının 204600 nömrəli vərəqində 219763 saylı qeydiyyat vəsiqəsi ilə 30 dekabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır; - Yaşayış yeri üzrə qeydiyyat haqqında 12 oktyabr 2017-ci il tarixli ******* saylı arayışı ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin, 21 saylı mənzilində qeydiyyatdadır; - 24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun notariusu N.M.Səmədov tərəfindən təsdiq edilmiş ərizənin tərcümə edilmiş surətindən müəyyən edilir ki, X7 ünvan 1 ünvanında yerləşən 21-ci mənzilin bağışlanmasına etiraz etməmişdir; - Daşınmaz Əmlakın İcbari Sığortası haqqında RAT ********** saylı, BA 787512 seriyalı, 25 oktyabr 2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 21 saylı mənzili barədə sığortalı Nümayəndə ilə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC arasında sığorta müqaviləsi bağlanmış, qeyd olunan mənzil 25.10.2017-ci il tarixdən 24.10.2018-ci il tarixədək 25.000 manat məbləğ müəyyən edilməklə sığorta edilmişdir; - 26 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş ərizənin surətindən müəyyən edilir ki, Nümayəndə ünvan 1 ünvanında yerləşən 21-ci mənzilin bağışlanmasına etiraz etməmişdir; - 26 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş 26 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən surətindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən verilmiş 30 dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m. olan 4 otaqlı 21-ci mənzili Cavabdeh bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmişdir; - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışı və Bakı şəhəri Ərazi İdarəsinin mənzilə dair 01 noyabr 2017-ci il tarixli Texniki Pasportunun surətləri ilə müəyyən olunur ki, ünvan 1, 21 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 06 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin 21 saylı mənzili İddiaçı qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş, qeyd olunan mənzili iddiaçı 26 oktyabr 2017-ci il tarixdə oğlu, Cavabdeh bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmiş, bundan sonra həmin mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 06 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndrilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Mülki Məcəllənin 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarına əsasən, MM-in 673-cü maddəsi ilə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən "bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. İş materiallarından göründüyü kimi İddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən mülkiyyətində olan, ünvan 1 ünvanında yerlləşən ümumi şahəsı 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m. olan 4-otağlı 21 nömrəli mənzili 2 Saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 26.10.2017-ci il tarixdə təsdiq etdirməklə və reyestrdə qeydə aldırmaqla oğlu Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Sonradan Cavabdeh mənzili dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. İddiaçı Əhməd qızının mənzili bağışlaması onun iradə ifadəsinin nəticəsi olmuş və ona hüquq və vəzifələri notarius tərəfindən izah edilmişdir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Mülki Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin ləğv edilməsinin sözügedən Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Mülki Məcəllənin 673.1 -673.1.1 -ci maddələrinə görə -hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi qanunverici bağışlamadan imtinanın əsaslarını, yəni bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsasları imperativ qaydada müəyyən etmişdir. Cavabdeh iddiaçı olan anası İddiaçı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmişdir, bağışlama ilə bağlı onun üzərinə hər hansı vəzifə və öhdəlik qoyulmamışdır. Bunlar işin mübahisəsiz hallarıdır. İş materiallarına əsasən Cavabdeh hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. İddiaçı, tərəflər arasında oğlu Cavabdeh ölkəyə qayıtması və anasının yanında yaşaması şərti daxilində hərəkət etməsini iddia etsə də, bu halı, o cümlədən bağışlama müqaviləsinin ləğvinə dair müqavilə bağlanarkən belə şərtin müvafiq müqavilədə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxsin qeyd etdiyi müvafiq şərt bağışlama müqaviləsinin ləğvinə dair müqavilədə öz əksini tapmamışdır, demək həmin müqavilə hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. İddiaçının irəli sürdüyü dəlillərdən fərqıi olaraq, cavabdehin məhkəmədə verdiyi izahatla və işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh anasına baxmış, qızını yanında saxlamaqla onu qayğı ilə əhatə etmiş, o cümlədən maddi təminatını təmin etmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bağışlanma müqavilələrinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbi bu hissədə əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayonu Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar