Məhkəmə qərarları › İş №2(007)-2309/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2309/2021

09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2309/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 11 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Onların birgə nikahlarından bir övladları olub. Ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri tamamilə pozulub. Hal-hazırda ailələrinin birləşməsi mümkünsüzdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasıonunla Cavabdeh arasında Salyan Rayon Qeydiyyat Şöbəsində 11 iyun 2010-cu il tarixdə bağlanmış və 192 №-si ilə qeyd edilmiş nikahın pozulması,nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 01 iyun 2011-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilməsi, Cavabdeh 01 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 561081 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah Salyan Rayon Qeydiyyat Şöbəsində 11 iyun 2010-cu il tarixdə bağlanmış və bu barədə 192 nömrəli akt qeydi tərtib olunmuşdur.Nikah bağlandıqdan sonra Mustafayeva Mətanət “Şirəliyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 695767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 01 iyun 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür. Belə ki, tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq onlar arasında barışıq əldə olunmamışdır.İddiaçı nikahın pozulmasında israrlıdır. Ona görə də tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan doğulmuş uşağın hal-hazırda anası ilə qaldığını və cacabdehin uşaqla bağlı hər hansı bir tələb irəli sürmədiyini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmamış 01 iyun 2011-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından da göründüyü kimi, iddiaçı 29.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 01 iyun 2011-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilməli, Cavabdeh 01 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Aliment tutulması hissədə qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında nikah Salyan Rayon Qeydiyyat Şöbəsində 11 iyun 2010-cu il tarixdə bağlanmış və 192 №-si ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 01 iyun 2011-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilsin. Cavabdeh 01 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 aprel 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Aliment tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar