Məhkəmə qərarları › İş №2(007)-2313/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2313/2025

14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2313/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh XXX Cavabdeh Hazif oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh XXX Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat məbləğində alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh XXX Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat məbləğində alimentin və Ağayeva Əsra Cavabdeh qızının 3 yaşı tamam olanadək 100 manat alimentin cavabdeh XXX Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, cavabdeh İddiaçı oğlu ilə nikhlarını 4 saylı Bakı “Asan xidmət” X1 xx.xx.2022-ci il tarixdə 1758 nömrə ilə rəsmiləşdirərək ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızı adlı övladları anadan olmuşdur. Cavabdehlə məlum olmayan səbəbdən ayrılmışlar. Bu səbədən məcburiyyət qarşısında qalıb övladı ilə birgə valideynlərinə məxsus yaşayış evində məskunlaşmışdır. Hal-hazırda övladı onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Cavabdeh XXX Cavabdeh ailəyə və uşağa qayğı göstərməməsi, laqeid münasibət bəsləməsi, uşağın həyatında vacib olan məsələləri həll etməməsi onun aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur etmişdi. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir. Belə ki, cavabdeh özəl şirkətdə işləməklə yüksək məbləğdə qazanc əldə edir. Bundan başqa cavabdeh əmək haqqı almaqla yanaşı şirkət tərəfindən qeydə alınmayan pul mükafatları (paket) ilə təmin edilir. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları təkbaşına yerinə yetirmək ona olduqca çətindir, hətta qeyri-mümkündür. Hesab edir ki, hər ay uşağın saxlanılması üçün sabit pul məbləğində aliment verilməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh XXX Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 560,88 manat maaş və 80 manat müharibə iştirakçısı kimi pensiya aldığını bildirmiş. Hər ay uşaqlar üçün nəzərdə tutulmuş minimum yaşayış həddinə uyğun 246 manat ödəniş edə bilər. Bir ildən çoxdur ayrı yaşayırlar lakin, hər ay 200 manatdan çox ödəniş edir. Ödəniş qəbzlərini məhkəməyə təqdim etdi.

6. Cavabdeh XXX Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

9. AZ-İV seriyalı 904268 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızı Bakı şəhərində anadan olmuşdur. Atası XXX Cavabdeh, anası İddiaçıdır.

10. AZ-İİ seriyalı 526842 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, XXX Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” X1 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1758 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Ağayeva” soyadında qalmışdır.

11. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi ” barədə 19 mart 2025-ci il tarixli, MŞB/8/2025-00507 saylı arayışdan görünür ki, hər iki tərəf 19 mart 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş. XXX Cavabdeh tam mediasiya sessiyasına getməkdən imtina etmişdir. Mediasiya xərci olan 60 manatı XXX Cavabdeh ödəmişdir.

12. "xxxx" MMC-nin XXX Cavabdeh verdiyi arayışdan görünür ki, XXX Cavabdeh həqiqətən də "xxxx" MMC-də 2019-cu ildən nəzarətçi-kassir vəzifəsində işləyir. Vergilər çıxılmaqla maaşı 560,88 manat təşkil edir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh XXX Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 1 övladları doğulmuşdur. Tərəflərin nikahı pozulmamışdır, lakin bir ildən çoxdur ayrı yaşayırlar. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat məbləğində alimentin və Ağayeva Əsra Cavabdeh qızının 3 yaşı tamam olanadək 100 manat alimentin cavabdeh XXX Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının:

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:

3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:

8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı:

8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

21. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. 23 Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, XXX Cavabdeh 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göründüyü kimi 2025-ci il üzrə minumum əmək haqqı 400 manatdır və qeyd olunan plenum qərarına əsasən XXX Cavabdeh Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində aliment İddiaçı xeyrinə tutulmalıdır.

24. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

25. Məhkəmə iddia tələbinin “Ağayeva Əsra Cavabdeh qızının 3 yaşı tamam olanadək 100 manat alimentin cavabdeh XXX Cavabdeh tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin mənafeyi, onun aylıq gəliri və həmçinin 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

27.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

28. Qanunvericiliyin tələbinə görə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunmuşdur.

29. Odur ki, alimentin tutulması ilə bağlı ödənilməli olan 49.52 manat dövlət rüsumu ödənilmiş mediasiya xərcindən az olduğundan cavabdeh dövlət rüsumu ödəməkdən azad edilir və dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

30. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, XXX Cavabdeh 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. XXX Cavabdeh 17 iyul 2023-cü il təvəllüdlü Ağayeva Əsra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə adi edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar