Məhkəmə qərarları › İş №2(007)-2358/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2358/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2358/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Emin oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3793/2021 saylı qətnaməsi ilə pozulmuş və bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2019-cü il təvəllüdlü X5 adlı bir övladları vardır. Cavabdeh nikahları pozulduğu həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Cavabdehin qazancı qeyrimüntəzəm və dəyişkən olduğundan uşağın saxlanması üçün ondan hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbinə etiraz: Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, o, X1 Uşaq- Gənclər Gimnastika Məktəbi PHŞ-da yardımçı fəhlə işləyir və əmək haqqısı 359 manat təşkil edir. Əmək haqqısından başqa gəlirləri yoxdur. O, aliment ödəməkdən imtina etmir, lakin 235 manat aliment ödəyə bilməz, buna əmək haqqısı imkan vermir. Ona görə də, iddianın qismən təmin edilməsini və alimentin miqdarının əməmk haqqısının dörddə bir hissəsində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı Rusiya vətəndaşı deyildir, lakin iddiaçı hal-hazırda Rusiyada müharibə şəraitində yaşayır və maddi vəziyyəti çətindir. İddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olur, miqrantlara qarşı Rusiyada böyük təzyiq var, ona görə də hal-hazırda işsizdir və alimentə ehtiyacı vardır. 2021-ci ildə nikah pozulan zaman iddiaçı aliment istəməmişdir. Cavabdeh özü də bildirdi ki, uşağı iddiaçıdan almaq istəmiş, alimentdən imtina etməsini şərt qoymuşdur ki, uşağı ona versin. Cavabdeh iddianı qəbul edir, sadəcə məbləğdə tərəddüd edir. Cavabdeh etiraz ərizəsində qeyd edir ki, 310 manat əmək haqqı alır və əmək haqqısının ¼ hissəsində aliment təyin edilməsini istəyir. Onlar isə bu məbləğlə razı deyillər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə uşaqlar üçün yaşayış minimumu 235 manat olaraq müəyyən edilmişdir. Hal-hazırda bu məbləğ məhkəmədə mübahisələndirilir. Cavabdehin gələcəkdə əmək haqqısı imkan versə əmək haqqısının ¼ məbləğində alimentin tutulması ilə bağlı iddia ilə müraciət edilər. İddiaçı istəyir ki, övladının dolanışığı üçün uşağın atası aliment ödəsin. Tərəflər arasında mediasiya prosesi zamanı barışıq sazişi olmamış, belə bir saziş olsa idi, məhkəmənin qətnaməsində qeyd edilərdi. Cavabdeh əgər uşaqla görüşə bilmirsə bununla bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianı qismən qəbul etdiyini, aliment ödəməkdən imtina etmədiyini bildirdi və alimentin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 310 manat əmək haqqısı olan işdə işləyir. Əlavə işdə işləyə bilmir, bunun üçün vaxtı yoxdur. O, iddiaçıya da 310 manat əmək haqqı aldığını bildirmişdir. Uşağı üçün 100-150 manat, elə olub ki, 200 manat göndərmişdir. Yerdə qalan 110 manatla ayın sonunu gətirmək onun üçün çox çətin olmuşdur. Elə olub ki, xeyir iş, ad günü mərasimlərinə çağırıblar, lakin o gedə bilməmişdir. İddiaçıya 100-150 manat alimentlə razılaşmağı təklif etmiş, lakin o razılaşmamışdır. Buna görə də əmək haqqısının ¼ məbləğində alimentin təmin edilməsini istəyir. Çünki onun yaşam tərzi də çətinləşir. Həmçinin, onlar iddiaçı ilə aralarında barışıq sazişi bağlamışdır. Barışıq sazişi halhazırda onda yoxdur. İddiaçı özü notarial ərizə təqdim edib ki, aliment və əmlak tələbi yoxdur. İddiaçının ikili vətəndaşlığı var. İddiaçı miqrant deyildir, Rusiya vətəndaşıdır və ona dediyinə görə orada iki yerdə işləyir. İddiaçı Rusiya vətəndaşı olduğuna görə övladları da Rusiya vətəndaşıdır, Rusiya isə aylıq olaraq uşağın saxlanması üçün uşaq pulu ödəyir. İddiaçı işləyir, lakin onun gəliri barədə sübutu yoxdur. Onlar boşanan zaman qarşı tərəf ona bildirmişdir ki, uşaq onda qalsın, uşağı Rusiyaya aparsın və onun aliment tələbi olmayacaqdır. O da bununla razılaşmışdır. O, laqeyd ata olmadığı və uşağına daha yaxın olmaq üçün burada olan işindən çıxaraq Rusiyaya getmişdir. Orada mağazada satıcı, restoranda ofisiant işləmişdir. İddiaçı tələb etməsə də, o, iddiaçının kirayə qaldığı evin pulunu da, uşağının qidasını da alıb vermişdir. Bu rəsmi şəkildə olmaya bilər, lakin onun vicdanı və məsuliyyəti bunu etməyə yol vermişdir. Bir valideyn olaraq borcunu yerinə yetirmişdir. İddiaçının vəkilinin Rusiyada baş verən müharibə şəraitini qeyd etməsi barədə bildirdi ki, özü miqrant, iddiaçı isə Rusiya vətəndaşı olmuşdur. O, orada olan proseslərə görə ölkəyə qayıtmalı olmuş, yenidən öz ölkəsində sıfırdan bir həyata başlamış, bir müddət işsiz qalmışdır. Buna baxmayaraq övladı üçün xırda məbləğlər, 100-150 manat da olsa göndərmişdir. Aldığı əmək haqqı ilə övladının yanına gedə bilmir, onun istədiyini təmin edə bilmir. Ancaq telefonla video zəng vasitəsilə övladını görür. Onun nə daşınar, nə də daşınmaz əmlakı yoxdur, hətta daşınar əmlakını belə satıb uşağı üçün Rusiyaya köçmüşdür. Ata aliment hüququndan imtina edə bilməz. Onun yaşamaq hüququ əlindən alınır. O, 235 manat aliment ödəsə, qalan 70 manatla necə dolansın? Onun əmək haqqısı yüksək olsa idi, 235 manatın üzərinə 15 manat da qoyub uşağı üçün verərdi. Əvvəl bankda işləmişdir. İkinci ixtisası iqtisad üzrə olmuşdur. Bankda işləyəndə 1000 manat əmək haqqı alırdı və bu cür əmək haqqısı olan işdən çıxıb övladına görə Rusiyaya gedib ofisiant kimi işləmişdir. Bundan əlavə qeyd etdi ki, o, uşağını görməyə getməlidir, bunun üçün bilet pulu lazımdır, uşağına geyim almalıdır. O, bir ildən çoxdur ki, uşağını görə bimir, hətta bu yaxınlarda uşaqla danışmaq üçün zəng etmişdir. İddiaçı isə onu övladını göstərməməklə hədələyir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3793/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində saxlanılması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 20 saylı Mediasiya Təşkilatının MŞB/20/2024-00130 saylı xx.xx.2024-cü il tarixli “X3 sonra X7 bilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat poçtkargüzarlıq xərci çəkilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş X2 Uşaq- Gənclər Gimnastika Məktəbi X8 98 saylı, xx.xx.2024-cü il tarixli, 98 saylı arayışı ilə Cavabdeh X6-Gənclər Gimnastika Məktəbi PHŞ-da xx.xx.2023-cü ildən yardımçı fəhlə vəzifəsində işləməsi və onun əmək haqqısının 359 manat olması qeyd edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü, 78.1 və 78.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay 235 manat sabit pul miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini nəzərə alaraq, hesab edir ki, aliment iddia ərizəsinin verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Məhkəmə cavabdehin nikahın pozulması barədə məhkəməyə müraciət edilən zaman iddiaçı ilə aralarında barışıq sazişi bağlamaları barədə dəlilinə münasibətdə bildirir ki, nikahın pozulması barədə məhkəməyə müraciət olunmamışdan öncə xx.xx.2021-ci il tarixli “X3 sonra X7 Bilməməsi” barədə arayış tərtib edilmiş, tərəflər arasında Barışıq sazişi bağlanılmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar