Məhkəmə qərarları › İş №2(007)-2370/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2370/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2370/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 iyun 2018-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət" Mərkəzi qeydiyyat şöbəsində 1381 nömrə ilə rəsmi şəkildə nikaha daxil olub. Birgə nikahdan 29 oktyabr 2019-cu il təvəllüdlü X4 adında övladları dünyaya gəlib, nikahlarının ilk günlərində cavabdehlə münasibətləri yaxşı olmuş, sonradan isə aralarındakı münasibət korlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3035/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikaha xitam verilib və 29 oktyabr 2019-cu il təvəllüdlü X4 onun yanında saxlanılıb. Nikahlarına xitam verildikdən sonra yetkinlik yaşına çatmayan uşaqları onun himayəmdə qalıb və onun üçün tək uşağın xərclərini ödəmək çətindir. Hesab edir ki, cavabdehdən alimentin tutulmasının başlama müddəti hesab edir ki,tərəfimdən 16 saylı Mediasiya Təşkilatına müraciət etdiyim xx.xx.2023 - cü il tarixdən hesablanmalıdır.Qeyd edilənlərə əsasən Cavabdeh övladları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin kifayət qədər gəliri var. Həm də cavabdeh qürurla İcra Hakimiyyətində övladına bahalı dükanlardan (port bakudan) geyim aldığını da deyirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdeh uşağın saxlanılmasından yayınmır. Cavabdeh 10 gün əvvəl iddiaçıya 170 manat ödəniş etmiş, həmçinin bundan əvvəl də 50-90 manat miqdarında aylıq ödəniş etmişdir. Cavabdehin əmək haqqı məbləği azdır və 250 manat məbləğində alimenti ödəyə bilməyəcəkdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3035/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 29 iyun 2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanılmış və 1381 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 29 oktyabr 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. - AZ-İ seriyalı 365166 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 304 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Əsədov”, qadına “Əsədova” soyadı verilmişdir; - AZ-İV seriyalı 379872 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 oktyabr 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Elekton məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh (işəgötürən: Cavabdeh) reportyor vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 250 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından 29 oktyabr 2019-cu il tarixdə X4 doğulmuşdur. Tərəflərin nikahları pozulmuş və bu zaman uşaq ananın himayəsində saxlanılmışdır. Onlar hazırda bir yerdə yaşamırlar. İddiaçı qeyd edir ki, cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay uşağa görə 250 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay 250 manat alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli və uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 19 iyul 2023-cü il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 fevral 2023-cü il tarixdən başlayaraq, 29 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməli, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində (xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən) pulun ödənilməsi səbəbindən və alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğundan tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyul 2023-cü il tarixdən başlayaraq, 29 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar