Məhkəmə qərarları › İş №2(007)-2412/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2412/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2412/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 17 dekabr 2009-cu il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 05 mart 2010-cu il təvəllüdlü X2 doğulmuşdur. Nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1488/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan alimentin məbləği bir neçə dəfə artırılmış və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-824/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 2555/2019 saylı. xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çalanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 200 manat tutulması qət edilmişdir. Amma cavabdeh ümumiyyətlə məhkəmə qətnamələri ilə müəyyən edilmiş məbləğləri heç vaxt tam şəkildə ödəməmiş və 2023-cü ilin avqust ayına qədər 10000 manata yaxın aliment borcu yaranmışdı. O isə azyaşlı uşağını yaxın qohumların köməyi və borc-xərclə çətinliklə dolandırırdı. Buna baxmayaraq, 2023-cü ilin avqust ayında cavabdehin aliment borcuna görə məsuliyyətə cəlb edilməsinin qarşısını almaq üçün, həmin vaxta qədər yığılmış aliment borcunu tələb elməkdən imtina etmişdir. Bu barədə imtina ərizəsi yazdırarkən Biləsuvar rayon İcra şöbəsinin məmurları onu aldadıblar. O həmin vaxta qədər yığılmış borcu güzəşt elmək istədiyi halda, ərizəni elə yazdırıblar ki, guya o ümumiyyətlə aliment tələb etməkdən imtina edir. O isə borcu bağışlasa da, həmin vaxtdan sonrakı cari aliment ödənişlərindən imtina etmək fikri olmayıb. İcra məmuru ona ərizəni yanlış yazdırdığı üçün Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-169/2023 nömrəli qərardadı ilə əvvəlki məhkəmə qətnamələri üzrə icra sənədlərinin icrasına ümumiyyətlə xitam verilmişdir. Hazırda o 2023-cü ildən sonrakı dövr üçün də aliment tələb edə bilmir və bundan sonra başa düşmüşdür ki, onu Biləsuvar rayen İcra şöbəsində aldadıblar. Göstərilənləri nəzərə alaraq o yenidən uşağın saxlanması üçün aliment tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən xahiş edir ki, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-824/2023 nömrəli qətnaməsi ilə həmin vaxt alimentin məbləğinin sabit pul məbləğində 200 manat müəyyən edildiyini və 2024-cü ildə uşaqlar üçün yaşayış minimumun 235 manat müəyyən edildiyini nəzərə alsın. Belə ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Əslində bu məbləğ də yetərli deyil. Ona görə də, uşağın saxlanması üçün hər ay cavabdehdən 250 manat ödənilməsini tələb edir. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 250 manat aliment və mediasiya xərci olan 60 (altmış) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının öz ərizəsinə əsasən alimentə xitam verilmişdir. O, bu 13 il ərzində ona aliment ödəməmişdir. Əlildir, iddiaçı bunu bilir. O vaxtı ona ölkədən çıxmaq üçün razılıq lazım idi. Elə razılaşmışlar ki, iddiaçı alimentdən imtina etsin, o da ona razılıq versin. Bundan başqa o, öz pensiya kartını da iddiaçıya vermişdir. Sonra iddiaçı həmin kartı itirdi və ona dedi ki, yenidən kartı çıxartdırsın. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Hazırkı məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-1488/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Əliyeva (Maqsudova) Cəmilə Məhəmməd qızı arasında 17 dekabr 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 1261 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 05 mart 2010-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsində qalması, Cavabdeh 19 aprel 2013-cü tarixdən başlayaraq 05 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2555/2019 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmış, tərəflərin birgə nikahından doğulmuş 05 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat, uşağın müayinə və müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-824/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2555/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, 05 mart 2010-cu təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat aliment tutulması qət edilmişdir. - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(022)-169/2023 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-1488/2013 saylı icra sənədi üzrə tələbkar İddiaçı borclu Cavabdeh qarşı 05 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat aliment tutulmasına dair tələbindən imtinası qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixli MŞB/2-00189/2024 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh poçt vasitəsi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün dəvət olunsa da ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərcini ödəmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 05 mart 2010-cu il təvəllüdlü X2 doğulmuşdur. Hazırda uşaq anasının himayəsindədir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 05 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumu ödəməkdən azad edilmişdir, iddiaçı tələb etdiyindən isə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyul 2024-cü il tarixdən başlayaraq, 05 mart 2010-cu il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar