Məhkəmə qərarları › İş №2(007)-2451/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2451/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2451/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 nömrəli xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş aliment məbləğinin ¼ hissəsinin sabit pul məbləğinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsində 20 iyul 2004cü il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Bundan sonra digər Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 25 iyul 2018-ci il təvəllüdlü qızı X5 doğulmuş, nikahları pozulmuşdur. Bakı şənəri Nizami Rayon Məhkəməsinin 2(007)- 50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment və 25 iyul 2018-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2005ci il təvəllüdlü X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 ilə birgə nikahlarından doğulmuş 25 iyul 2018ci il təvəllüdlü X2 qidalanmasını təmin etmək məqsədilə hər ay 220 manat pul ödəyir. Cavabdeh1 ilə birgə nikahından doğulmuş 05 yanvar 2005-ci il təvəllüdlü X3 qidalanmasını təmin etmək məqsədilə hər təqvim ayı 220 manat pul vəsaiti ödəyir. İşin faktiki hallarından görünür ki, 2 qətnamə mövcuddur belə olan halda hər iki uşağa görə 1\4 hissədə aliment qüvvədə saxlanılmışdır alimentin 1/4 hissədə tutulması, həmçinin hazırda işləmədiyi və qazancının və gəlirlərinin mövcud olmadığı halda yolverilməzdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin iddia tələbində sabit pul məbləği kimi, hər uşağa 175 manat olmaqla, alimentin 350 manat sabit pul məbləğində müəyyən edilməsinin nəzərdə tutduqlarını, hazırda iddiaçının işləməsini, lakin əmək haqqının yüksək olmamasını və sabit olmamasını, qanunda iki uşağa görə qazancın və gəlirlərinin 1\3 hissəsi məbləğində aliment tutulması nəzərdə tutlmasını, əsas gətirərərk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddiaçı alimenti ödəməkdən yayınmaq istəyir, alimenti vaxtı-vaxtında ödəmir. Bildirdi ki, övladı azyaşlı olduğuna görə hal-hazırda işləmir, heç bir gəlir yeri yoxdur, maddi vəziyyəti ağırdır və uşağını böyütməkdə çətinlik çəkir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3517/2021 saylı qətnaməsi ilə onun uşağına görə iddiaçının qazancının ¼ hissəsi məbləğində təyin olunmuş rayon məhkəməsinin qətnaməsinin iki ay deyildir ki, qüvvədə saxlanılmışdır. İddiaçının gəliri yüksək olmuşdur onun küllü miqdarda alımet borcu vardır. Onları ödəmir. Göstərilənlərin nəzərə alınmasını İddiaçı iddiasının təmin etməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 ərizə verərək, iddia tələbini qəbul etdiyini, övladının saxlanılmasına görə iddiaçıdan tutulan alimentin azaldılaraq sabit pul məbləğində müəyyən edilməsini, məhkəmə iclasına özü və nümayəndəsi X7 iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 25 iyul 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq onun qazancının və ya (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X5 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5317/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilməmiş həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(007)-50/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əvvəl Cavabdeh1 ilə sonra isə Cavabdeh2 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. İddiaçının Cavabdeh1 ilə birgə nikahlarından 05 yanvar 2005-ci il təvəllüdlü X4, digər Cavabdeh2 ilə birgə nikahlarından isə 25 iyul 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İddiaçının hər iki qadınla ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutularaq cavabdehlərə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən Cavabdeh1 münasibətdə qəbul edildiyi üçün təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçıdan hər ay 175 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan iddiaçının övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(007)-50/2020 nömrəli qətnaməsi ilə aliment tutulmasına maneə yoxdur, Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də qüvvədə qalanmışdır. Hazırda müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçının İddiaçı vəkili və nümayəndəsi X6 məhkəmə iclasında iddiaçının əmək haqqısının stabil olmamasını, iki uşağa görə qazancın vəya gəlirin 1\3 hissəsi miqdarında aliment tutulmalı olmasını göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin həmin dəlilərini əsassız sayaraq yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal, yəni iddiaçının gəlirinin stabil olmaması iki uşağa görə aliment ödəməsi halları alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Göründüyü kimi, aliment məbləği təyin olunduqdan sonra iddiaçının aliment məbləğinin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində əsaslı dəyişikliklər olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi birinci cavabdehə münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilməli, İddiaçı məhkəmə qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulmalı, iddia tələbi digər Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli, cavabdehlərin ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1002/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilsin, İddiaçı məhkəmə qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı dövlət rüsumuna görə 30 manat tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar