Məhkəmə qərarları › İş №2(007)-2484/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2484/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2484/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşının keçmiş qardaşı arvadı, həmçinin dayısı qızıdır. Məlum şəxs 2020-ci ilin avqust ayında həyat yoldaşı Kamil Qarayevdən boşanmışdır. Lakin buna baxmayaraq, məlum şəxs bu günə qədər keçmiş həyat yoldaşının özünə və onun ailə üzvlərinə qarşı son dərəcə qərəzli münasibət bəsləyir. Həddi görünmədiyindən, belə arzuolunmaz və qeyri-insani münasibətin hədəfində o da olmuş və hələ də olmaqdadır. Belə ki, 19 may 2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin inzibati binasında Cavabdeh "alimentin artırılması tələbinə" dair hakim Ülkər Yusifova tərəfindən baxılan mülki işə görə həmin işdə nümayəndə qismində iştirak edən qaynanası X1 ilə bərabər məhkəməyə gəlmiş, işə açıq məhkəmə iclasında baxıldığından iclas zalında o da olmuşdur. Onu zalda görən Cavabdeh onu tanımadığı üçün əvvəlcə maraqla ona nəzər yetirmiş, ondan qarşıda əyləşdiyi üçün dəfələrlə saçını düzəltmək bəhanəsi ilə arxaya çevrilərək ona hiddətli baxış keçirmişdir. Məhkəmə prosesi bitdikdən sonra cavabdeh qaynanası ilə ünsiyyəti zamanı ona xoşagəlməz atmacalar ünvanlanmış, daha dəqiq onu “ailə dağıdan” adlandırmaqla bir sıra təhqiramiz və kobud ifadələrlə onun şərəf və ləyaqətini qəsdli şəkildə alçatmışdır. Öz növbəsində o da onun qanunsuz hərəkətlərinə qarşı dözümlü davranmayıb ona etirazını bildirilmiş, həddini və yerini göstərmiş, lakin o, buna məhəl qoymayaraq aksinə səs tonunu yüksəltməklə onu təhqir etməyə davam etmişdir. Onun səs tonu və hərəkəti ətrafdakı şəxslərin diqqətinə səbəb olduğundan, nəticədə mühafizə polisi ona öz kəskin iradını bildirərək ondan məhkəmə zalını tərk etməyi tələb etmişdir. Nəticə etibarı ilə o, birbaşa və dolayısı ilə ona ünvanladığı ittiham xarakterli ifadələrində onu “ailə dağıdan və küçə qadını” kimi qələmə vermiş, bununla da ona böhtan ataraq təhqir etmişdir. Halbuki, o hazırda evlidir və heç kimin ailəsini də dağıtmamışdır. Həyat yoldaşı X2 onunla sərbəst şəkildə ailə qurub. Həm onun, həm də onun ikinci evliyi olsa da, bu ona dəlalət edə bilməz ki, o kiminsə ailəsini dağıtmışdır. Mənəvi məsuliyyəti ağır olan belə ittiham hökm sübuta yetirilməlidir. Ümumiyyətlə Cavabdeh bu mövzuda danışmağa mənəvi haqqı yox idi və ola da bilməz. Çünki cavabdeh özü öz ailəsini heç bir əsaslı səbəb olmadan həkimə getmək adı altında məhkəməyə müraciət edərək dağıdıb, ona bəslənən dözümlü və saf münasibətə qarşı nəticə etibarı ilə nankorluq edib və etməkdədir də... Onun oxşar münasibəti hətta qardaşı arvadına qarşı da mövcuddur. Təkzibedilməz məlumatlara görə bu şəxs mütəmadi olaraq “Sevinc” adlı qardaşı arvadını anası İlhamə Zamanova ilə əlbir olaraq təhqir edib alçatmaqdan, onu öz ailəsindən didərgin salmaq üçün məkirli cəhdlər etməkdən çəkinmir. Təsadüfi deyil ki, cavabdehin və onun anasının qeyd olunan pis əməllərindən bezən gəlin bir müddət əvvəl evi uşaqları ilə bərabər tərk etmək məcburiyyətini yaşayıb və hələ də evə qayıtmayıb. Digər tərəfdən cavabdeh o şəxsdir ki, atası Qabil Zamanov onu ağır küçə söyüşləri ilə təhqir edib alçaldır və cavabdehin özü atasının bu söyüşlərindən demək olar ki, zövq alır. Bu hal cavabdehi və onun ailəsini yaxından tanıyan hər kəsə məlumdur. Belə olan təqdirdə məlum şəxsin onu “ailə dağıdan və küçə qadını” kimi qələmə verməsi gülünc doğurur. Belə hərəkət yuxarıda da qeyd etdiyi kimi cavabdehin keçmiş həyat yoldaşına və onun ailə üzvlərinə qarşı bəslədiyi qərəzli münasibətin hədsizliyini ehtiva edir ki, bundan haqsız şəkildə o da mənəvi zərər görməkdədir. Qeyd etdiyi kimi Cavabdeh ilk dəfə 19 may 2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin inzibati binasında onun ünvanına “ailə dağıdan və küçə qadını” ifadələrini səsləndirməklə onun şərəf və ləyaqətini alçatmışdır. Nəticə etibarı ilə o bu hadisəyə dözümlü yanaşaraq onun qeyd olunan mənəviyyat və qanuna zidd olan əməlini unutmağa qərar vermişdir. Lakin onun dözümlü və hüquqi müstəvidə hərəkətsiz olmağından sui-istifadə edən Cavabdeh 30 iyun 2023-cü il tarixdə əvvəllər etibarnamə üzrə hüquqlarının müdafiəsində dayanmış, hüquq müdafiəçisi X4 ilə telefon vasitəsilə ünsiyyəti zaman, təkrarən onu “küçə qadını və ailə dağıdan” kimi qələmə vermiş, bu baxımdan Samır Zeynalovu onunla ünsiyyətə görə qınamışdır. Cavabdeh analoji hərəkətini 15 iyul 2023-cü il tarixdə yenə də Samir Zeynalovla yaratdığı telefon əlaqəsi zamanı təkrarlamışdır. Bundan sonra Samir Zeynalov ona məlumat verərək belə bir tükürpədən halın olduğunu bildirmiş, Cavabdeh qeyd olunan ittihamlarına aydınlıq gətirməyi ondan xahiş etmişdir. Cavabdehin oxşar hərəkətləri və ittihamlarının təkrarlandığından və bu haqda üçüncü şəxsdən də məlumat aldığından yaranmış vəziyyət onu dərindən sarsıtmış, məyusluğuna və qəzəbinə səbəb olmuşdur. Məhz bundan sonra qərara gəlmişdir ki, cavabdehin qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsin. İstisna etmir ki, cavabdeh barəsində səsləndirdiyi məlum ifadələri başqa şəxslərin də yanında səsləndirmiş, barəsində mənfi rəyin yaranmasına baiskarlıq etmişdir. İctimai mühitdə “küçə qadını və ailə dağıdan şəxs" arzuolunmaz hesab olunur. Belə ifadələr xoşagələn olmadığından istənilən şəxs haqqında mənfi rəyin yaranmasına səbəb olduğu üçün cavabdehin məlum hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığı şübhəsizdir. Göstərilənlərə əsasən, barəsində səsləndirdiyi təhqir və böhtan xarakterli ittihamedici ifadələrin nəticəsində ona vurduğu mənəvi zərərə görə Cavabdeh 1000 (min) manat pul məbləğinin tutularaq ona ödənilməsi haqqında qanuna və sübutlara söykənən qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə cəfəngiyyatdır. Yazılanların heç birini qəbul etmir. İddiaçı ilə aralarında qarşılıqlı mübahisə olub. Hazırkı iş üzrə qeyd edir ki, tərəfindən İddiaçı şərəf və ləyaqəti alçaldılmamış və ona heç bir zərər vurulmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi halları mötəbər sübutlarla əsaslandıra bilmədiyi üçün iddiaçının fikir və ya fərziyyələri onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunun ləkələnməsi nəticəsinə gəlməyə, mənəvi zərərin ödənilməsi ilə bağlı onun mülki məsuliyyətə cəlb olunmağına əsas ola bilməz. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, o, cavabdehi artıq 2-ci dəfədir ki, məhkəmə iclasında görür. O, qaynanasını məhkəmənin hakimi Ü.Yusifovanın prosesinə gətirmiş, iclas zalında oturmuşdur. Həmin iş üzrə prosesdə 10 dəqiqə fasilə olmuşdur. Fasilə zamanı cavabdeh ona söz atmağa başlamış, ona ailə dağıdan olduğunu demişdir. Bundan başqa, onun haqqında müxtəlif insanlara yazmışdır. Cavabdeh qeyd edir ki, guya ona aliment almayacağını demişdir. Cavabdehin aliment alıb-almayacağı ona maraqlı deyil. O, cavabdehin ondan üzr istəməsini tələb edir, üzr istəmirsə də təzminatını ödəsin. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun məhkəmənin hakimi Ü.Yusifovanın icraatında alimentin artırılması ilə bağlı iddiası olmuşdur. Məhkəmə prosesində onun tələbi uşağının atasına olmuşdur. Proses başlayandan bitənə kimi iddiaçı zalda ona demişdir ki, niyə alimentin artırılması ilə bağlı iddia qaldırıb. Hakim müşavirə otağına gedənə hazırkı iddiaçı ona aliment ala bilməyəcəyini demişdir. O zalda söyüş belə söyməmişdir. Zaldan çıxanda isə Gülarə onun üzərinə hücum çəkmişdir. İddiaçının məhkəməyə şahid qismində dəvət etdiyi X4 isə onun əleyhinə danışır. O, həmin şahidi sosial şəbəkələrdən əngəlləmişdir. O, iddiaçıdan üzr istəməyəcək, çünki günahkar deyil. O, iddiaçının əvvəllər tanımamış, görməmişdir. Onun keçmiş həyat yoldaşı və iddiaçının indiki həyat yoldaşı qardaşdırlar. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirdi ki, o, Gülarə xanımı 2023-cü ilin may ayından tanıyır. Cavabdeh Afət xanımın isə əvvəllər etibarnamə üzrə öz istəyi ilə nümayəndəsi olmuşdur, sonuncunun hüquqlarını səmərəli şəkildə müdafiə etmişdir. Lakin sonradan cavabdehlə olan münasibətləri korlanıb, cavabdeh düşmənçilik edib. 30 iyun 2023-cü ildə Gülarə xanımla bağlı söhbətləri olan zaman cavabdeh onu küçə qadını ilə ünsiyyətdə olmağa görə ittiham etmişdir. 15 iyun 2023-cü il tarixində Afətlə onun yazışması olmuşdur. Afət ona 10 il müddətinə etibarnamə verib. O, Gülarə xanımdan küçə qadını ifadəsi ilə bağlı soruşmuşdur. Cavabdeh Sabunçu Rayon Məhkəməsində prosesi olmuşdur. Orada qaynanası Məlahət Qarayevaya demişdir ki, sən küçə qadınını yəni iddiaçını özünə gəlin etmisən. Afət xanım ona düşmənçilik bəsləsə də, o düşmənçilik etmir. Ü.Yusifovanın prosesində isə o, iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən sübut qismində məhkəməyə “whatsapp” proqramında əks olunmuş yazışma təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən onun şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılması sübuta yetirilmədiyindən, İddiaçı iddia tələbi təmin edilməməlidir. Bu zaman qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin birinci hissəsinə münasibətdə onun tələbinin əsasını təşkil edən əsas hal kimi qeyd edir ki, cavabdeh alimentin artırılması ilə bağlı məhkəmənin digər hakiminin keçirdiyi məhkəmə prosesində fasilə zamanı, habelə şahid qismində dəvət edilmiş şəxslə yazışması zamanı onun şərəf və ləyaqətini alçatmışdır. Lakin təqdim edilmiş vhatsapp yazışmasında cavabdehin konkret olaraq iddiaçını təhqir etməsi sübuta yetirilməməklə yanaşı, cavabdehin özü də iddianı həmin hissədə qəbul etməmiş, iddiaçı isə bunun əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat pulun tutularaq ona ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə isə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onun şərəf və ləyaqətinin alçaldılması nəticəsində yayılan məlumatlar ilə bağlı olmuşdur, bundan irəli gəlmişdir. Məhkəmə qeyd edir ki, həmin tələb şərəf və ləyaqətin alçaldılmasından törəmə tələbdir, hansı ki, həmin hissədə iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı hansı ki, özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid ifadəsi ilə də iddianın əsaslı olmasına dəlalət edə biləcək hər hansı hal müəyyən edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar