Məhkəmə qərarları › İş №2(007)-2529/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2529/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2529/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən hər bazar günü övladını yaşadığı binanın yanında yerləşən “Səməd Vurğun” adlı parkda görüşə aparır. xx.xx.2024-cü tarixində də övladını hər zaman olduğu kimi qarşı tərəflə görüşə aparıb. Lakin həmin gün qarşı tərəf çox aqresiv şəkildə görüşə gəlib. İlk dəqiqədən uşaq ona tərəf getmək istəmədiyi üçün ilk öncə uşağa acıqlanaraq "hayasız, bura gəl" ifadəsini işlədib. Daha sonra eyni aqresiya ilə "cəhənnəm ol, skameykada otur" tərzində ifadə işlədib. Heç bir səbəb olmadan, qarşı tərəfə qarşı heç bir artıq söz və hərəkət etmədiyi halda belə rəftar gördükdən sonra parkı tərk etmək qərarına gəlib. Arxasınca gəlib uşaq istəmədiyi halda qucağına alıb onun yanından kənarlaşdırıb, uşaq isə ağlamağa başlayıb. Uşağı yerə qoymağını, uşağın qorxduğunu qeyd etsə də, əhəmiyyət verməyib, uşaq isə qışqırmağa və ağlamağa davam edib. Daha sonra telefonunu çantasından götürüb uşağı videoya çəkmək qərarına gəlib ki, icra məmuruna bildirsin. Çünki qarşı tərəfin bu davranışı uşaq istəmədiyi halda onu qorxudur, həyəcan, stress yaşamağına səbəb olurdu. Bunu gördükdə dərhal üstünə hücum çəkərək onun telefonunu əlindən alıb. Telefonunu qaytarmağını dəfələrlə tələb edib. Lakin ona parkın ortasında təhqirlər, nalayiq ifadələr işlətməyə başlayıb. Cəmiyyət içində olublar, bazar günü və parkda həmin gün 50 nəfərdən çox adam var idi. Qeyd edir ki, “Səməd Vurğun” adlı park onun yaşadığı binanın ərazisində yerləşir. Belə bir vəziyyətdə o, cəmiyyət içində, qarşı tərəf Cavabdeh tərəfindən dəfələrlə nalayiq ifadələr və söyüşlərə məruz qalıb. Bu hadisə azyaşlı övladının gözü qarşısında olub və övladı bundan çox böyük qorxu və həyəcan keçirdib. Qeyd edir ki, qarşı tərəflə olan bu mübahisələri zamanı telefonunda səs yazı funksiyası açıq qalıb. Həmin o səs yazı vasitəsilə qarşı tərəfin onu cəmiyyət içində hansı söyüşlərlə söydüyü sübuta yetirilə bilər. Məhkəməyə təqdim etdiyi 4 nömrəli səsdə özü cəmiyyət içində onu təhqir etdiyini, onun isə cavabdehə heç bir təhqir və artıq-əskik hərəkət etmədiyini dostu ilə danışığı zamanı etiraf edib. Sadəcə olaraq telefonunu verməsini, buna haqqı olmadığını bildirir. Cavabdeh isə buna cavab olaraq onu nalayiq ifadələrlə söyüb, anasına qarşı isə ağır qarğışlar etməyə davam edir və parkı tərk edir. Ətrafdakı insanlar yaxınlaşıb ona və övladına kömək ediblər. Həmin vaxt o və övladı qorxu, stress və həyəcan içində idilər. Parkda hadisəni görən şahidlərdən biri polisə zəng edərək öz telefonunu ona verib polisə şikayət etməyi üçün köməklik göstərdi. Beləliklə, o, oğurlanan telefonu üçün Nəsimi rayon polis idarəsinin 22-ci polis bölməsinə müraciət edib. Şahid qismində həmin şəxs polisə izahatında qarşı tərəfin onu cəmiyyət içində təhqir edib, alçaldıcı ifadələr işlətdiyini qeyd edib. Cəmiyyət içində təhqir olunduğu və azyaşlı övladının gözü qarşısında bu baş verdiyi üçün və yaşadığı binanın ərazisində, o qədər camaatın içində təhqir olunduğu, anasına qarşı da, həmçinin təhqir və qarğış edildiyi üçün haqqını tələb edir. O, Azərbaycan Respublikasının vətəndaşıdır. Öz hüquqlarını, azadlıqlarını, vəzifələrini çox gözəl bilir, Konstitusiyanın müddəalarına da əsasən bəllidir ki, onun hüququ digər bir vətəndaş tərəfindən çox kobud və nalayiq formada pozulub. Bunun üçün həm məhkəməyə təqdim etdiyi səs yazısı, həm “Səməd Vurğun” adlı parkının kameraları ilə bu təsdiq oluna bilər, həm də Nəsimi rayon 22-ci polis bölməsinin qarşı tərəf haqqında çıxardığı qərarda və şahidlərdən birinin polis bölməsinə gələrək yazdığı izahatında öz əksini tapıb. Telefonu qarşı tərəfdə olduğu müddət ərzində qarşı tərəfin onun cəmiyyət içində hüququnu pozub getdikdən sonra öz dostunu çağıraraq onun və anasının haqqında iyrənc, nalayiq, namusuna, əxlaqına toxunaraq söyüşlər, ifadələr işlətməyi səs yazısında qeyd edilib. Onun şəxsi telefonuna dostu ilə birlikdə daxil olmağa çalışıb. Hətta ölkənin qanunlarını ağır formada söyməyidə səs yazısına düşüb. Yəni, bu insan bütün bunları heç nədən qorxmayaraq açıq şəkildə etmək cəsarətini özündə görüb. Dəfələrlə o və anası, mərhum atası anasının evində təhqir olunublar. Öz ailə üzvlərinin yanında ağır formada şiddətə məruz qalıb, lakin həmin ərəfələrdə qarşı tərəflə ailəli olduğu üçün şikayət etməyib. Sadəcə ayrılmaq qərarı verib və ayrılıb ki, bu insan həddini və yerini bilsin. Lakin bu dəfə o, evində yox artıq cəmiyyət içində təhqir olunub. Məhz buna görə də, öz hüquqlarından istifadə edərək qarşı tərəfin cəmiyyət içində, yaşadığı binanın ərazisində, azyaşlı övladının gözü qarşısında onu təhqir etdiyinə görə ona övladına və ailəsinə qorxu, həyəcan, stress yaşatdığına görə, bir sözlə, hüquqlarını açıq-aşkar pozduğuna görə Cavabdeh 15000 manat məbləğində təzminat tələb edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh onun şərəf və ləyaqətinə vurduğu ziyana görə 15000 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə qızı Aida Bilalzadəylə ananın iştirakı ilə həftənin bazar günü saat 14:00-dan 16:00-a dək görüş təyin olunub. Bundan əlavə qərarda 1 ildən sonra uşaq ilə ünsiyyətin ananın iştirakı olmadan həyata keçiriləcəyi barədə qərar qəbul edilib. Lakin qarşı tərəf qızı ilə görüşdə süni maneələr yaradaraq qızında ona qarşı aqressiya, qorxu yaradır. Dəfələrlə görüşdən yayınır və görüşə gələn zaman onun xəbəri olmadan smartfonda səs yazma proqramından istifadə edərək, uşağı 10-15 dəqiqə saxlayıb sonra evə aparır, uşağı özünə tərəf sıxır, onunla ünsiyyətinə mane olur. xx.xx.2024 tarixində yenə də, onun təkidi və icra məmurunun dəstəyi ilə qızını “Səməd Vurğun” adlı parka gətirib. Qarşı tərəf yenə də xəbəri olmadan səs yazma proqramın aktiv edib. Heç 5 dəqiqə olmamış uşağın əlindən tutaraq qaçırtmağa başlayıb. Bunu etməkdə məqsədi onu özündən çıxartmaq idi. O, qarşı tərəfin bu hərəkətin görüb qışqıraraq “uşağı mənə qarşı öyrədirsiz” deyə özündən çıxıb. Qızının ondan qaçmağını qəbul etməyərək onu qucağına alıb. Qarşı tərəf ona qarşı yalançı fikir formalaşdırmaq məqsədilə telefona çəkməyə başlayıb, onu çəkməyinə mane olmaq üçün telefonu iddiaçıdan alıb. Aldıqdan sonra bildirib ki, məhkəmənin ona ayırdığı ünsiyyət vaxtı bitdikdən sonra telefonu qaytaracaq. Məqsədi uşağı ilə çox vaxt keçirmək idi. Sonradan iddiaçı onun uşaqla görüşünə qəsdlə mane olmağa çaİışdığı üçün aralarında qısa mübahisə yaranıb, iddiaçının onu təhdidlə video çəkiliş etməsindən hiddətləndiyi üçün uzaqlaşıb ki, artıq heç bir hərəkətə və sözə yol verməsin. Dəmiryol idarəsinin qarşısında dayanıb dostu ilə əlaqə yaradıb, telefonu geri qaytarıb. O, telefon onda olduğu zaman öz telefon ilə digər şəxslər ilə danışıb. Təbii ki, bu məsələlərdən agressiv olub, digər səxslər ilə telefon danışıqlarında nəlayiq sözlər işlədib. Amma qarşı tərəf qanunsuz gizli səs yazısı olduğu üçün bu səs yazıların əldə edib. Bu səs yazılarını kəsərək yalandan böhtan ataraq bunun cəmiyyət içində etdiyini yalandan iddia edir. Nəsimi rayon Polis bölməsinə müraciət etmələrinə baxmayaraq əməliyyatçı video və səs yazılarını diqqətlə araşdıraraq onun etdiyi əməldə heç bir cinayət tərkibinin olmaması barədə qərar qəbul edib. Eyni zamanda parkda “uşağı mənə qarşı öyrədirsiz” deyə qışqırmağını rəhbər tutaraq ona ictimai əsayişi pozduğuna dair inzibati qaydada cərimə müəyyən edilib. O, uşağına qarşı heç vaxt aqressiv olmayıb. Uşaqda da ona qarşı həmişə mehribançılıq olub. Bunu sübut edən video və şəkillər də var. O, parkda olduğu vaxt qarşı tərəfi təhqir etməyib. Hesab edir ki, o, iddiaçını qarşılıqlı olaraq, cəmiyyətdə təhqir etmədiyi üçün heç bir təzminat ödəməməlidir. Qarşı tərəfin etdiyi bu şər böhtanlar onu qızından ayırmaq və qanunsuz yollarla ona maddi ziyan vurmaqdır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. O, yuxarıda göstərilən hallara yol verməyib. Qeyd edilənlərə əsasən onun etirazını qəbul edib, iddianın əsassız olduğundan təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaq cavabdehə yaxınlaşmır deyə, cavabdeh ondan acıq çıxıb. O və uşağı həmin hadisənin hələ də travmasını yaşayır. Çünki o, həmin ərazidə yaşayır, uşağı hər axşam o parkda oynayırdı. İndi uşağı həmin parka getmək istəmir. Onun əmisi Azərbaycan Respublikasının Milli X3, 1992-ci ildə Şuşa döyüşlərində şəhid olub. Əmisi ona görə şəhid olmayıb ki, onun ailə üzvlərini cavabdeh parkda təhqir etsin. Parkda tanıdığı şəxslər yox idi, kənar yerdən gələnlər idi. Birdə kofe aparatını işlədən şəxs var idi. Həmin şəxs onu və uşağını tanıyır. Orada tələbələr var idi. Tələbənin biri ona köməklik edib, öz telefonundan DİN-in “102 qaynar xətti”nə zəng edib. Nikahlarının pozulmasının səbəbi də cavabdehin onu anasının evində təhqir etməsi olub. Uşaqlarının 4 yaşı var. Məhkəmə sübut kimi səs yazıları təqdim edib. Cavabdeh uşağa qarşı aqresiv davrandığını görəndə mobil telefonda səs yazısını açıb, bunda məqsədi həmin səs yazısını icra məmuruna təqdim etmək idi. Səs yazısını qeyd etmək məqsədi əvvəlcədən yox idi. Cavabdeh isə mobil telefonu ondan alaraq gedib və onun haqqında dediyi bütün ifadələr qeydə alınıb. Cavabdeh onu təhqir edəndə, o cavabdehə cavab verməyib. Cavabdeh dostunun yanında onun haqqında söyüş söyüb. Həmçinin, cəmiyyət içində onu təhqir edib. Məhkəmə iclasında Cavabdeh etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 3 ilə yaxındır ki, rəsmi olaraq uşağa aliment ödəyir. Onlar iki ildən çoxdur ki, ayrılıblar. Cavabdeh müxtəlif bəhanələr gətirərək uşağı ilə ünsiyyətinə mane olur, o, uşağını görə bilmir. Məhkəmə qərarı ilə bir il ərzində hər həftənin bazar günü ananın iştirakı ilə, bir ildən sonra isə ananın iştirakı olmadan uşağı ilə görüş hüququ verilib. Qarşı tərəf uşağı evə aparmağını istəmir, uşaqla 8 dəfə görüşüb, görüş 5-10 dəqiqə baş tutub. İddiaçı səsini yazır, video çəkir. Sonuncu dəfə o, uşağı ilə görüşmək üçün icra məmuruna zəng edib. İddiaçı səhər işi olduğunu, günorta saat 3-də uşağı gətirə biləcəyini bildirib, o da razılaşıb. Saat 15:00-da uşağı ilə görüşmək üçün parka gələndə iddiaçı məqsədli şəkildə səs yazısını qeyd edib və video çəkib, məhkəmə üçün material hazırlayıb. Halbuki, o, həvəslə uşağı ilə görüşmək üçün oraya gəlib. O, cəmiyyət içində iddiaçını təhqir etməyib, uşağını qucağında saxlayanda sadəcə “Aida, hayasızlıq etmə” deyib, öz uşağıdır, özü bilər. Polis bölməsindən onu çağırıblar, polis bölməsində iddiaçının onun səsini yazdığını bilib. Nəticədə, o, inzibati qaydada cərimələnib, o, inzibati xəta haqqında qərarı mübahisəndirməyib, cəriməni ödəyib. Görüşdən sonra o, iddiaçının telefonunu götürüb gedib. İddiaçı onun uşaqla ünsiyyətini mane olur, uşaq onun soyadını daşıyır. İddiaçı uşaq qədri bilir? O, heç öz atasının qədrini bilmir. Özü iddiaçını cəmiyyət içində təhqir etməyib. İddiaçı səs yazmaqda məqsədi təzminat almaq deyil, səs yazılarını icra məmuruna təqdim edib, uşaqla ünsiyyətinə mane olmaqdır. Məhkəmə qərarına əsasən o, bir il sonra uşağı ilə ananın iştirakı olmadan görüşə bilər. Onun səs yazısı qanunsuz şəkildə yazılıb. İddiaçı səs yazısının qeyd edildiyini bildiyi üçün ona söyüş söyməyib. O, söyüşləri cəmiyyət içində etməyib, onun telefonla başqa şəxslə danışdığı məsələlərin heç kimə aidiyyəti yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nəsimi RPİ-nin 22-ci PŞ-nin tətqiqatçısının xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri gissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. - xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:05 radələrində ünvan 1 ünvanında ictimai asayişi pozaraq xırda xuliqanlıq inzibati xətanı törətmişdir. Nəticədə, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Məhkəməyə iddiaçı tərəfindən səs yazılıları olan 1 ədəd flaşkart təqdim edilmişdir. Hazırkı mübahisə ilə əlaqədar iş materialları və məhkəmə iclasında verilmiş izahatlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə övladı ilə Cavabdeh ünsiyyətini təmin etmək üçün “Səməd Vurğun” adlı parkda görüşmüşdür. Görüş zamanı İddiaçı azyaşlı övladının cavabdehlə ünsiyyətdən imtina etməsi və onunla ünsiyyət yaratmamasını mobil telefonu ilə video çəkiliş etmişdir. Bu zaman cavabdeh əsəbləşərək iddiaçının mobil telefonu onun əlindən almışdır. Bundan sonra isə iddiaçı dəfələrlə cavabdehdən mobil telefonun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə telefonu geri verməkdən imtina etmişdir. Cavabdeh uşaqla ünsiyyətinin təmin edilməsi üçün bir neçə dəfə uşağa müraciət etsə də, uşaq görüşdən imtina etmiş və səsini ucaltmışdır. Bundan sonra tərəflər arasında mübahisə yaranmış və cavabdeh iddiaçı barəsində cəmiyyətdə nalayiq ifadələr səsləndirmişdir. Daha sonra cavabdeh mobil telefon ilə birlikdə həmin ünvandan uzaqlaşmışdır. Məhkəməyə iddaçı tərəfindən təqdim edilmiş səs yazılıları ilə qeyd edilənlər öz təsdiqini tapmışdır. Digər səs yazılarında isə cavabdeh ilə digər şəxslərin ünsiyyəti əks olunub, cavabdeh həmin şəxsə “ona caamatın içində itin sözünü, şərəfsizsən dedim, cındırın balası cındır və s.” ifadələrini səsləndirdiyini bildirmişdir. Daha sonra cavabdeh tanışı Elşad İsmayılov vasitəsi ilə həmin telefonu iddiaçının yaşadığı ünvana aparıb orada binanın nəzarətçisinə iddiaçıya təhvil vermək məqsədi ilə vermişdir. Hazırda isə iddiaçı Cavabdeh onun şərəf və ləyaqətinə vurduğu ziyana görə 15000 manat məbləğin alınaraq ona ödənilməsi xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş 1 ədəd flaşkartda iddiaçının və cavabdehin səs yazıları öz əksini tapmışdır. Həmin səs yazılarının onlara məxsus olmasını hər iki tərəf qəbul etmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar və tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqəti ictimai yerdə, yəni parkda müxtəlif ifadələrlə təhqir olunmuşdur. Beləki, səs yazıları məhkəmə iclas zalında hər iki tərəfin iştirakı ilə dinlənilmiş və tərəflər səslərin onlara aid olduğunu qeyd etmişlər. Səs yazıdan görünür ki, cavabdeh hələ iddiaçının yanında olanda, yüksək səslə ona açıq-aşkar təhqirlər etmişdir və telefonunu əlindən almışdır. Cavabdeh bildirmişdir ki, səs yazı qanunsuz olaraq gizli formada yazılmışdır. Lakin iddia ərizəsinə verdiyi etirazda cavabdeh iddiaçı haqqında qeyd etmişdir ki, “dəfələrlə görüşdən yayınır və görüşə gələn zaman mənim xəbərim olmadan smartfonda səs yazma proqramından istifadə edərək uşağı 10-15 dəqiqə saxlayıb sonra evə aparır.....”. Beləliklə cavabdeh özü etiraf edir ki, iddiaçı ilk dəfə deyil, əvvəllər də səs yazmış və bunu cavabdeh bilmişdir. Deməli, cavabdeh həmin günü də səsinin yazılacağını bilə bilərdi, daha doğrusu bilməli idi. Nəticədə, səs yazının gizli formada aparılması öz təsdiqini tapmır. Digər bir tərəfdən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:05 radələrində ünvan 1 ünvanında ictimai asayişi pozaraq xırda xuliqanlıq etməklə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. Qeyd olunan qərardan cavabdeh şikayət verməmişdir və təyin olunan cəriməni məhkəmədə verdiyi ifadəsinə və işə əlavə olunan sənədlərə əsasən ödəmişdir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixdə ictimai yerdə ictimai qaydanı pozması işin mübahisəsiz halı kimi qəbul olunur. Həmçinin, Nəsimi RPİ-nin 22-ci PŞ-nin tətqiqatçısının xx.xx.2024-cü il tarixli qərarından Şahid izahatından bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Nəsimi rayonu, Səməd Vurğun parkında olan zaman parkda bir nəfər kişinin qadın ilə mübahisə etdiyini, səs-küy saldığını və onların yanında azyaşlı uşağın olduğunu görmüşdür. Mübahisə zamanı kişi qadının əlindən telefonu dartaraq alıb cibinə qoyduğunu görmüşdür. Qadın kişindən israrla telefonunu qaytarmasını istəmiş və kişi isə onun dediklərinə məhəl qoymamışdır. Bu zaman qeyd edilən ünvanda səs-küy baş vermişdir. Onların mübahisəsində ona bəlli olmuşdur ki, həmin şəxslər ər-arvad olmuşlar yə boşanmışlar. Onlar arasında nəsə problem olmasını anlamışdır. Kişi qadınla kobud rəftar edərək nəlayiq ifadələr işlətmişdir. Həmin şəxslərin bir-birinə zor tətbiq etmələrini görməmişdir. Mübahisə 5-7 dəqiqə davam etmişdir.Həmin vaxt parkda 4-5 nəfər insan olmuşdur. Orada olan zaman kişi qadından aldığı telefonu cibinə qoyub getmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.. 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Yuxarıda sadalanan normaların məzmunundan və mahiyyətdən müəyyən edildiyi kimi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə cavabdeh tərəfindən “Səməd Vurğun” adlı parkda cəmiyyət içində, həmçinin daha sonra tanışı ilə ünsiyyət zaman iddiaçı barəsində işlədilmiş ifadələrin şərəfinə və ləyaqətinə xələl yetirən ifadələr olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçı təhqir olunduğundan, burada iki meyar, yəni şərəf və ləyaqətin alçaldılması və bunun yayılması, yəni iki şəxsdən çox insanın yanında edilməsi nəzərə alınmalıdır. Hadisənin iddiaçının yaşadığı yerə yaxın ərazidə, onu və ailəsini tanıma etimalı çox olan insanların olduğu yerdə, həftəsonu hər kəsin gedə biləcəyi ictimai yerdə (parkda) törədilməsi, azyaşlı övladının yanında baş verməsi, eyni zamanda cavabdeh tərəfindən tanışı ilə ünsiyyət zamanı bildirililməsi iddiaçının şərəf və ləyaqətinə xələl yetirməsi, mənəvi sarsıntı və iztirab keçirməsi halını labüd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələgörə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı iddia tələbində 15000 manat məbləğində şərəf və ləyaqətinə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə “Səməd Vurğun” adlı parkda, yəni iddiaçının yaşadığı ünvanının yaxınlığında, onun və ailəsini tanıma etimalı çox olan insanların olduğu yerdə, həftəsonu hər kəsin gedə biləcəyi ictimai yerdə və daha sonra başqa şəxslə ünsiyyət zamanı səsləndirdiyi “ona caamatın içində itin sözünü, şərəfsizsən dedim, cındırın balası cındır və s.” məzmununda iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar səsləndirdiyinə görə cavabdehdən zərərin əvəzi kimi 1000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı şərəf və ləyaqətinin ləkələnməsi ilə əlaqədar 1000 manat məbləğində zərər Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 126 manatı ona, dövlət rüsumunun 9 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı şərəf və ləyaqətinin ləkələnməsi ilə əlaqədar 1000 manat məbləğində zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 9 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 126 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar