Məhkəmə qərarları › İş №2(007)-2533/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2533/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2533/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan iki övladı vardır: 03 iyul 2005-ci il təvəllüdlü X4 və 08 mart 2011-ci il təvəllüdlü X5. Uşaqlar onun himayəsindədirlər, aliment məsələsi nikah pozularkən baxılmamış saxlanılmışdır. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh uşaqların saxlanması üçün ona yardım edə biləcək gücdədir. Buna görə də, sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 03 iyul 2005-ci il təvəllüdlü X4 və 08 mart 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 02 iyun 2021-ci il tarixə, saat 14:40-a təyin edilmiş məhkəmə hazırlıq iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, o cümlədən 16 iyun 2021-ci il tarixə, saat 10:00-a və 29 iyun 2021-ci il tarixə, saat 09:35-ə təyin edilmiş məhkəmə baxış iclasları ilə bağlı, təkrarən məhkəməyə ərizələr ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iclasların təxirə salınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə, həmçinin istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms bildiriş çatdırılmasına baxmayaraq, Cavabdeh təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 645560 saylı doğum haqqında şəhadətnamənin və AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X4 03 iyul 2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İİ seriyalı, 695362 saylı doğum haqqında şəhadətnamənin və AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 08 mart 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(007)- 237/2020 saylı qətnaməsindən görünür ki, Sülеymаnоv Rəşid Müzəffər оğlu ilə Mənsimоvа Хurаmаn Yusif qızı arasında 02 оktyаbr 2004-cü il tаriхdə Bаkı şəhəri Nizаmi rаyоnu VVАDQ şöbəsində nikаhın bаğlаnmаsı hаqqındа аkt qеydləri kitаbındа 657 sаylа qеyd еdilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikаhındаn dоğulmuş 03 iyul 2005-ci il təvəllüdlü X6 оğlu və 08 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək аnаlаrı İddiaçı yanında qalmаsı müəyyən edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(007)- 237/2020 saylı qərardadından görünür ki, iddiаçı Mənsimоvа Хurаmаn Yusif qızının cаvаbdеh Sülеymаnоv Rəşid Müzəffər оğlunа qarşı “nikаhın pоzulmаsı və аlimеntin tutulmаsı” tələbinə dаir iddiаsı аlimеntin tutulmаsınа dаir hissədə bахılmаmış saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 02 oktyabr 2004-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə birlikdə yaşamışlar, birgə nikahlarından 03 iyul 2005-ci il tarixdə Rəşad adlı, 08 mart 2011-ci il tarixdə Əsma adlı uşaqları doğulmuşlar. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş, bu zaman uşaqlar ananın yanında qalmışlar. Nikah pozularkən ana uşağın saxlanılması üçün aliment tələb etməmişdir. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşaqların və iddiaçının mənafelərini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanmalı olmasını, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 19 may 2021-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19 may 2021-ci il tarixdən başlayaraq, 03 iyul 2005-ci il təvəllüdlü X2 və 08 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 may 2021-ci il tarixdən başlayaraq, 03 iyul 2005-ci il təvəllüdlü X2 və 08 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu ondan alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar