Məhkəmə qərarları › İş №2(007)-2558/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2558/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2558/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştiraklarıilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 19 mart 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment və 19 mart 2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanması üçün Cavabdeh 200 manat yardım aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 11 iyul 2017-ci il tarixdə Cavabdeh ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-cı il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh birgə nikahdan olan uşağın saxlanması üçün heç bir məbləğdə maddi yardım etmir. Uşaq isə azyaşlı olduğundan o, heç yerdə işləyə bilmir. Cavabdehin rəsmi iş yeri olmasa da, hər ay sabit gəlir mənbəyi vardır. Cavabdehdən qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə aliment tutularaq ona ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə həqiqətən də xx.xx.2017-ci ildə nikaha daxil olmuşdur və xx.xx.2022-ci ildə X3 anadan olub. İddiaçı və azyaşlı övladı Mehrac Sadıqov hazırki günədək onunla birlikdə atası X2 məxsus olmaqla, Suraxanı rayonunun Binə südçülük sovxozu ərazisində tikdiyi özbaşına tikilidə yaşayırlar. Yaşadıqları müddətdə də o, evin və uşağının bütün xərclərini ödəmiş və ödəməkdə də davam edir, iddiaçı və övladı onunla birlikdə yaşaya-yaşaya ondan həm özünə, həm də uşağına görə aliment tələb edir? İndiyədək bu xərcləri ondan başqa kim ödəyirdi ki. İddiaçı başqa ünvanda, yəni atasıgildə formal olaraq qeydiyyatda olsa da, ərə gələndən onunla birgə əvvəlcə Masallı rayonunda atası evində yaşamış, sonradan kirayədə, daha sonra atasının alıb tikdiyi evdə yaşayır. Bundan başqa, o, xx.xx.2015-ci ildən hazırki vaxtadək Bakı Olimpiya Stadionu ərazisində, "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir. Onun əmək haqqı az olduğuna görə, çox vaxt suvaq ustası işləyən atası İltifat Sadıqov onun ailəsini saxlamağa maddi dəstək göstərir. İddiaçının tələbindən belə çıxır ki, o, aldığı əmək haqqının üzərinə 95 manat da dilənib iddiaçıya verməlidir, həmçinin ata evində onunla birgə yaşayan ailəsini də dolandırmalıdır. Məhz onun əmək haqqımın aşağı olması və maddi cəhətdən atasından asılı olmağına görə aralarında xırda söz-söhbətlər yaranmışdır ki, bu hal ailə münasibətlərinin pozulması üçün əsas ola bilməz. İddiaçının aliment tələbinə dair iddiasının əsassız və sübutsuz olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək etirazında qeyd etdikləri ilə eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 234553 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 11 iyul 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində həmin tarixdə 180 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Quliyeva soyadını qəbul etmişdir. - AZ-İV seriyalı 719611 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 2022-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01531 nömrəli ilkin mediasiya sessiyasında (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 19 mart 2022-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaq anasının himayəsindədir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 19 mart 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 08 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə, iddiaçının 19 mart 2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək cavabdehdən 200 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh 08 avqust 2023-cü il tarixindən başlayaraq, 19 mart 2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək 50 manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin etirazında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, etirazda qeyd olunan tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçının aliment tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 mart 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, Cavabdeh 08 avqust 2023-cü il tarixdən başlayaraq 19 mart 2022-ci il təvəllüdlü X1 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment tutulub, İddiaçı verilməli, qətnamə dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19 mart 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 08 avqust 2023-cü il tarixdən başlayaraq 19 mart 2022-ci il təvəllüdlü X1 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar