Məhkəmə qərarları › İş №2(007)-2608/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2608/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2608/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Əlləzova (Eyvazova) Sima Mahmud qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əlləzova (Eyvazova) Sima Mahmud qızının Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlləzova (Eyvazova) Sima Mahmud qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X1 üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, 29 sentyabr 2012-ci il tarixində el adəti ilə nikaha daxil olmuşdur. Elə o tarixdə də cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Nizami İsmayılov küçəsi 4, mənzil 67-yə gəlin gəlmişdir. Bu nikahdan 15 dekabr 2014-cü ildə Xədicə adlı qızları dünyaya gəlmişdir. Cavabdeh Nizami Rayon Məhkəməsinə boşanma ərizəsi ilə müraciət edib. Nizami Rayon Məhkəməsinin 06 iyun 2020-ci il qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh artıq 2019-cu ilin əvvəlindən onu və uşağı atıb gedib və uşağın saxlanılmasına heç bir maddi kömək göstərməmişdir. Nizami Rayon Məhkəməsinin 06 iyun 2020-ci il İş N 2(007)-477/2020 saylı qətnaməsi ilə 06 iyun 2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və 507 nömrə ilə qeydə alınmış nikah pozulmuş və birgə nigahdan dünyaya gəlmiş 15 dekabr 2014-cü il təvəddüdlü X5 onun yəni İddiaçı yanında saxlanılması haqqında qərar qət edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı (İddiaçı) çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 15 dekabr 2014-cü il tarixdə doğulmuşdur. - İİİ-AH Seriyalı 840137 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 15 dekabr 2014-cü il tarixdə doğulmuşlar. Atası Cavabdeh, anası Əlləzova (Eyvazova) Sima Mahmud qızıdır; Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə Əlləzova (Eyvazova) Sima Mahmud qızı ailə həyatı qurmuşlar. Birgə nikahlarından 15 dekabr 2014-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, ayrıldıqları zaman uşaqlar ananın yanında qalmışdır. Ayrı yaşadıqları müddətdə cavabdeh yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. İddiaçı hazırda yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə 15 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 170 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 02 sentyabr 2020-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Əlləzova (Eyvazova) Sima Mahmud qızı qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Əlləzova (Eyvazova) Sima Mahmud qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar