Məhkəmə qərarları › İş №2(007)-2693/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2693/2025

25.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2693/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən 12 may 2019-cu il təvəllüdlü X1 və 24 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 18 mart 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var. 12 may 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X4. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(007)- 828/2024 saylı qətnamə ilə iddia təmin edilmiş və İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, 27 aprel 2018-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 1292 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 12 may 2019-cu il təvəllüdlü X3 və 24 iyul 2021-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh uşaqların saxlanmasında ona heç bir kömək göstərmir, uşaqların təhsili ilə bağlı maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşaqları ilə maraqlanmır, maddi yardım göstərmir. Uşaqların normal saxlanması üçün normal vəsait lazımdır. Buna görədə rəsmi olaraq cavabdehdən uşaqların saxlanması üçün aliment tələb edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2 maddəsinə əsasən ilkin mediyasiya sessiyasında iştirak etmişdir və bu barədə məhkəməyə arayış da təqdim edir.

Tərəflərin izahatları :

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizəsini məhkəməyə təqdim edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq :

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

6. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;

7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

9. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

10. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

11. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

12. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

13. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar