Məhkəmə qərarları › İş №2(007)-2696/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2696/2021

17.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2696/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə ********* saylı “Payçı Müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 182960 (yüz səksən iki min doqquz yüz altmış) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 17-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 13220 manat (on üç min iki yüz iyirmi) manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh, Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 182960 manat kredit götürmüşdür. Tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK -dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcədə kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 1, mənzil 23, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34 bina 1 mənzil 23, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X1 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh, Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34 bina 1 mənzil 23, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 17.02.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 17 fevral 2016-cı il tarixli “Payçı Müqaviləsinin” ləğv edilməsi Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 1, 23 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK -ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, zamin onlar durmuşdur. MTK ilə payçı müqaviləsi bağlayıb. Bankın əmlakı deyil. 182960 manat kredit götürülüb. Mənzilin dəyəri 182960 manatdır. Bu günədək 13.220 manat borcu yığılıb. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sözü gedən mənzilə görə 182000 manat ödəniş edib almışdır. Pandemiya dövrü olduğundan, ona 300000 manat ziyan dəyib. Əvvəllər ödənişləri vaxtı-vaxtında yerinə yetirirdi, lakin sonra pandemiyaya görə gecikmələr oldu. X2 da yaxınlaşdı, amma onlarda heç bir güzəşt etmədilər. Onun 2 ay gecikməsi olub. Ödənişi tam şəkildə ödəməsinə söz verir. Təxminən 17000-18000 manat ödəmişdir. Hər ay 1503 manat ödəniş olmalı idi. O, hər ay bəzən 500 manat, bəzən 1000 manat ödəyirdi. Pandemiyaya görə gecikmələr oldu. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2016cı il tarixdə ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 1, blok 1, 5-ci mərtəbə, mənzil 23, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzilin 1kv.m 1781.50 manat olmaqla, ümumi dəyəri 182960 manata Cavabdeh satılmışdır. İş materiallarında olan 17.02.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MTK Qara Qarayev filialı ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərtilə ona mənzilin satılmasına icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016-AF-QQ nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh İddiaçı MTK ilə imzalanmış 17 fevral 2016-cı il tarixdə ********* saylı alqı-satqı müqaviləsinin predmeti olan mənzilin alınması üçün 182960 (yüz səksən iki min doqquz yüz altmış) manat məbləğində 240 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016-AF-QQ nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MTK Cavabdeh kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə Nəbiyeva Minayə Hüseyn qızı arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016-AF-QQ nömrəli zaminlik müqaviləsindən görünür ki, Nəbiyeva Minayə Hüseyn qızı kredit müqaviləsinin təminatı olaraq zamin durmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 05.05.2021-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-ci il tarixli Təminatlı Kredit müqaviləsinə (bundan sonra "Kredii müqaviləsi) əsasən Bank Cavabdeh 182960.00 (yüz səksən iki min doqquz yüz altmış) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 17-i tarixindən gec olmayaraq ödəməli idi. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin 05.05.2021-ci il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 13220 (on üç min iki yüz iyirmi) manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit Müqaviləsinin 13.2-ci bəndinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit Müqaviləsinin 13.9-cu bəndinə əsasən Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 17.02.2016-ci il tarixli, 1-17-02-2016-AF-QQ №-li "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin (bundan sonra "Alqı-satqı müqaviləsi") predmeti olan Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 1, 23 №-li mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Yuxarıda göstərilənləri əsasən 5 (beş) iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə borcu 13220 (on üç min iki yüz iyirmi) manat məbləğində borcu ödənilməsə, ABB borcu tələb etməklə 17.02.2016-ci il tarixli - Zaminlik müqaviləsinə Cavabdeh zamini “XƏZƏR İNŞAAT XXİ ƏSR" MTK-ya müraciət edəcək, o, isə öz növbəsində Alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34, bina 1, 23 №-li mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İş materiallarında olan “Nizami-4” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 23.04.2021-ci il tarixli 103/21 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanında yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MTK ilə Cavabdeh arasında 17 fevral 2016-cı il tarixdə ********* saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016-AF-QQ nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında imzalanmış 17 fevral 2016-cı il tarixdə ********* nömrəli müqavilənin predmeti olan ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı 23 №-li mənzilin alınması məqsədi ilə Cavabdeh 240 ay müddətinə 182960 manat məbləğində kredit vermişdir. "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Mənzil Tikinti Kooperativi (zamin) və Nəbiyeva Minayə Hüseyn qızı (zamin) arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016-AF-QQ nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı Mənzil Tikinti Koorperativi, Nəbiyeva Minayə Hüseyn qızı, "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02- 2016-AF-QQ nömrəli təminatlı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdələrinə götürmüşlər. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 182960 manatın 240 ay müddətinə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin iəğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitəsifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitəsifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2016-cı il tarixdə ********* nömrəli alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiyməti olan 182960 manata bərabər tutulan məbləği “Alıcı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən alıcı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MMC" birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MMC” "xxxx" ASC və “alıcı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Alıcı”-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəninə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MMC” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Həmin müqavilənin 8.11-ci bəndinə əsasən alıcı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Alıcı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış 17.02.2016-cı il tarixli, 1-17-02-2016- AF-QQ nömrəli təminatlı kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 17.02.2016-cı il tarixli, ********* №-li İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı 23 №-li mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3- cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 17.02.2016-cı il tarixli, ********* №-li İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı 23 №-li mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Beləliklə, məhkəmə mülki işin materiallarını araşdırıb, tərəflərin izaharlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən payçı (alqı-satqı) müqaviləsi ləğv edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı Mənzil Tikinti Koorperativinə məxsus ünvan 1, sahəsi 102,7 kv.m olan, 3 otaqlı 23 №-li mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Koorperativinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 17 fevral 2016-cı il tarixli Payçı müqaviləsi ləğv edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi, 24/34 bina 1, 23 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılmalıdır. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 17 fevral 2016-cı il tarixli Payçı müqaviləsi ləğv edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi, 24/34 bina 1, 23 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar