Məhkəmə qərarları › İş №2(007)-2737/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2737/2023

27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2737/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün, Nizami Rayon Məhkəməsinin 2(007)-1669/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş uşağa görə 193 manat alimentin azaldılaraq sabit pul məbləğində 100 manat aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahda olan zaman xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Nizami Rayon Məhkəməsinin 2(007)1669/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması göstərilmişdir. Hazırda o, heç bir yerdə işləmədiyi üçün və real gəliri olmadığından qeyd olunan alimenti ödəməkdə çətinlik çəkir. Bu kimi halları məhkəmə qətnamə çıxararkən nəzərə almamışdır. Belə olan halda bildirmək istəyir ki, o, uşağını saxlamaqdan və ona qayğı göstərməkdən yayınmır, ancaq maddi cəhətdən durumu çətin olduğu üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, məlum qətnamədə göstərilən alimentin miqdarı azaldılsa daha ədalətli olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, hazırki alimentin uşağın saxlanılmasına kifayət etmədiyini, alimentin məbləğinin azaldılması üçün əsasların olmadığını, övladını tək başına saxlamaqda çətinlik çəkdiyini, iddiaçının usta işlədiyini, bəzən 2 günə 700 manat qazandığını, kirayədə qalmadığını bildirdi və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB/16- 01515 saylı arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1669/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Beləliklə, tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin rəsmi nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaq hazırda ananın yanındadır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1669/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 193 manat aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdeh müəyyən olunmuş sabit pul məbləğində 193 manat alimentin azaldılaraq hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola biləcək hər hansı sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində yalnız işləməməsinə istinad etməsi aliment miqdarının azaldılması üçün əsas ola bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının ödəməli olduğu və azaldılmasının xahiş etdiyi sabit pul məbləğində 193 manat aliment 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğundur. Məhkəmə sadalanan bu halları nəzərə alaraq aliment miqdarının dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar