Məhkəmə qərarları › İş №2(007)-275/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-275/2022

17.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-275/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, 5 Saylı "Asan Xidmət" mərkəzinin notariat ofisinə və Bakı Şəhəri 32 saylı notariat ofisinə qarşı "pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, 5 Saylı "Asan Xidmət" mərkəzinin notariat ofisinə və Bakı Şəhəri 32 saylı notariat ofisinə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2011-ci ildə ondan birgə iş qurmaq məqsədilə 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində pulu geri ödəmək şərti ilə borc götürmüşdür. Aralarında olan razılığa əsasən Cavabdeh1 həmin borcu 01 may 2014-cü il tarixədək ona geri ödəməli idi. Daha sonra aralarında bağlanan 07 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh1 ona 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcu 01 noyabr 2014-cü ilədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəliyin icrası göstərilən tarixədək cavabdeh tərəfindən icra olunmamışdır. Öhdəliyin icrası üçün müəyyən olunmuş vaxtdan təxmini 2 il keçdikdən sonra, borclu tərəfindən 41.000 (qırx bir min) ABŞ dolları məbləğində son ödəniş yalnız 01 avqust 2016-cı il tarixində icra edilmişdir. Bundan sonra aralarında olan razılığa əsasən 05 yanvar 2019-cu ildə borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında saziş bağlanmış və həmin sazişə görə Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu 05 yanvar 2022-ci ilədək ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, həmin sazişin bağlanmasından 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. Buna görə də hesab edirik ki, hazırda aralarında olan 17.09.2014-cü il tarixli borcun etirafı haqqında müqavilənin və 05.01.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında sazişin ləğv edilməsi. Eyni zamanda 60.000 (altmış min) ABŞ dolları məbləğində borcun Cavabdeh1 tutularaq ona ödənilinəsi zərurəti vardır. Qeyd olunanlara əsasən Cavabdeh1 ilə aralarında olan 17.09.2014-cü il tarixli borcun etirafı haqqında müqavilənin, borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında 05.01.2019cu il tarixli sazişin ləğv olunması və 60.000 (altmış min) ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 60.000 (altmış min) ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsi ilə hesablanaraq tutulması və həmin pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, 5 Saylı "Asan Xidmət" mərkəzinin notariat ofisinə və Bakı Şəhəri 32 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, 5 Saylı "Asan Xidmət" mərkəzinin notariat ofisi və Bakı Şəhəri 32 saylı notariat ofisi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 05.01.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bakı şəhəri 32 saylı notariat kontorunda 3M-269 reyestr nömrəsi ilə təsdiq edilmiş, 07 sentyabr 2014-cü il tarixli "Borcun etirafı Müqaviləsi"nə əsasən borc verən İddiaçı borc alan Cavabdeh1 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində borc pul verdiyini etiraf edib. Son ödəniş 01.08.2016-cı il tarixdə 41.000 (qırx bir min) ABŞ dolİarı ödənilmişdir. Hazırki sazişlə tərəflər qeyd olunan müqaviləyə dəyişiklik etməklə borc verən İddiaçı 60.000 (altmış min) ABŞ dolları məbləğini 05.01.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürərək razılığa gəlmişlər. - 07.09.2014-cü il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh1 bu müqaviləni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq aşağıdakı məzmunda bağlamışlar; «ikinci» tərəf «Birinci» tərəfə 101.000 (bir yüz bir min) ABŞ dolları, yəni ABŞ dollarının bu günə olan məzənnəsi ilə 79184 (yetmiş doqquz min yüz səksən dörd) manat borcunun olduğunu etiraf edir. «İkinci tərəf» «Birinci tərəfə» olan borcunu 01.11.2014-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən həll edilir. Müqavilə imzalandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunanadək qüvvədədir. Müqavilə üzrə notariat xərcləri Cavabdeh1 tərəfindən ödənilmişdir. Müqavilə 3 (üç) nüsxədən ibarət tərtib edilib, onlardan biri Bakı şəhəri 32 saylı notariat kontorunun işlərində saxlanılır, digər iki nüsxə isə tərəflərə verilmişdir. - 28.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 İddiaçı 2011-ci ildə 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində borc almışdır. Daha sonra aralarında 07 sentyabr 2014-cü il tarixində borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində olan borcunu 01.11.2014-cü il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra 01 avqust 2016-cı ildə Cavabdeh1 tərəfindən 41.000 (qırx bir min) ABŞ dolları ödəniş edildikdən sonra aralarında 05 yanvar 2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır. Həmin sazişə əsasən borc alan Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 60.000 (altmış min) ABŞ dolları məbləğində borcun 3 (üç) gün ərzində ona ödənilməsini xahiş edir. Belə ki, tələb olunan məbləğ 3 (üç) gün ərzində ödənilməsə, məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi xidmətə görə ödənilən məbləğ borcludan tələb olunacaqdır. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh1 2011-ci ildə 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində pulu geri ödəmək şərti ilə borc götürmüşdür. İddiaçı ilə aralarında olan razılığa əsasən Cavabdeh1 həmin borcu 01 may 2014-cü il tarixədək iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. Borclu qeyd olunan tarixdə borcunu ödəməmişdir. 07 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh1 ona 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcu 01 noyabr 2014-cü ilədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəliyin icrası göstərilən tarixədək cavabdeh tərəfindən icra olunmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, cavabdeh 41.000 (qırx bir min) ABŞ dolları məbləğində pulu 01 avqust 2016-cı il tarixində ödəmişdir. 05 yanvar 2019-cu ildə borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında saziş bağlanmış və həmin sazişə görə Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu 05 yanvar 2022-ci ilədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin borclu tərəfindən yenə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 2011-ci ildə 101.000 (bir yüz bir min) ABŞ dolları məbləğində pulu geri ödəmək şərti ilə borc götürmüşdür. 01 avqust 2016cı il tarixində həmin məbləğdən 41.000 (qırx bir min) ABŞ dolları məbləğində pulu ödəmişdir. 05 yanvar 2019-cu ildə borcun etirafı haqqında müqaviləyə dəyişiklik edilməsi haqqında saziş bağlanmış və həmin sazişə görə Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu 05 yanvar 2022-ci ilədək ödəməyi öz öhdəsinə götürsə də saziş üzrə götürdüyü öhdəliyə əməl etməyib. Göründüyü kimi sazişdə göstərilən müddət bitdiyindən iddiaçının vəkili və nümyəndəsi iddia ərizəsinə dəqiqləşmə verərək yalnız qalan 60.000 (altmış min) ABŞ dollar məbləğində borc pulun ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsi ilə hesablanaraq tutulmasını xahiş etdi. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh saziş üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və saziş üzrə risk dairəsinə daxil olan öhdəliyini icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin dəqiqləşməsi ərizəsindən göründüyü kimi iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dövlət rüsümuna aid hissəsindən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanaraq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar