Məhkəmə qərarları › İş №2(007)-2753/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2753/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2753/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 aprel 2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Nizami rayon qeydiyyat şöbəsində 08 aprel 2015-ci il tarixli 294 saylı akt qeydi ilə qeyd edilmişdir. Birgə nikahdan 13 fevral 2016-cı il tarixdə X8 və 10 mart 2019-cu ildə X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə hal-hazırda fikir ayrılıqları var. Ailə həyatında problemləri yaranmışdır. Cavabdehin ailəyə münasibətinin yalnış olduğu qənaətindədir, belə ki, cavabdeh ailəyə lazımi diqqət və qayğı göstərməyərək daha çox özü üçün vaxt ayırır. Bu səbəbdən münasibətləri pozulub və hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Lakin, ailə münasibətlərinin düzələcəyinə ümid edir. Hesab edir ki, ailə münasibətlərinin bərpası hələ ki, mümkündür. Bununla yanaşı, faktiki olaraq ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların xərclərində tamamilə iştirak etmədiyi üçün, qanunvericilikdə nəzərdə tutulduğu kimi, məhkəməyə müraciət edərək, məhkəmə qaydasında cavabdehdən tutulmalı olan alimentin təyin edilməsini doğru hesab etmişdir. Məlumat üçün məhkəməyə bildirir ki, cavabdehin rəsmi iş yeri və stabil qazancı var. Belə ki, cavabdeh “Caspian Marine Services Limited” təşkilatında çalışır və kifayət qədər yaxşı əmək haqqı alır. Bu əsasla hesab edir ki, birgə nikahdan olan 13 fevral 2016-cı il təvəllüdlü X8 və 10 aprel 2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən, onun aylıq qazancının və bütün gəlirlərinin üçdə biri miqdarda aliment tutulmalıdır. Bundan əlavə, məhkəməyə bildirmək istəyir ki, o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 35 saylı tam orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyir. 10 aprel 2019-cu il təvəllüdlü uşaqları X3 doğulması ilə əlaqədar 24 may 2019-cu il tarixdən başlayaraq, 09 mart 2022-ci il tarixinədək 3 (üç) il müddətinə öz hesabına analıq məzuniyyətindədir. Bu səbəbdən əmək haqqı almır. Gəliri yalnız ayda 28 manat təşkil edən sosial müavinətdən ibarətdir. Buna qədər işlədiyi son ildə aylıq qazancı orta olaraq 260 manat təşkil etmişdir. İddia tələbi üzrə Cavabdeh, birgə nikahlarından doğulmuş 13 fevral 2016-cı il təvəllüdlü X8 və 10 aprel 2019-cu il təvəllüdlü X2 üçün, uşaqlar yetkinlik yaşına çatanadək, hər ay qazancının və bütün gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi, həmçinin 10 aprel 2019-cu il tarixdə doğulmuş uşaqları X3 3 yaşı tamam olana qədər, yəni, 10 aprel 2022-ci il tarixinədək cavabdehdən onun xeyrinə aylıq 200 manat məbləğində sabit pul məbləği olaraq alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak etməsinə baxmayaraq, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 029436 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 08 aprel 2015-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 294 nömrə ilə qeyd edilmişdir, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir; - AZ-İİİ seriyalı 721062 saylı və AZ-İV seriyalı 266804 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 13 fevral 2016-cı il tarixdə, X5 10 mart 2019-cu il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır; - Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş 05 iyul 2021-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında elektromexanik vəzifəsində işləyir, aylıq əmək haqqı 3.371 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 08 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 13 fevral 2016-cı il təvəllüdlü Əli adlı və 10 mart 2019-cu il təvəllüdlü Ədalət adlı uşaqları doğulmuşlar. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, bir yerdə yaşamırlar, ayrıldıqdan sonra uşaqlar ananın yanında qalmışlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya köməklik göstərməmiş, uşaqların maddi tələbatlarını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və ananın uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılmalı olmasını nəzərə alaraq, uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə atadan ananın xeyrinə uşaqların yetkinlik yaşına çatanadək alimentin hansı qaydada və məbləğdə tutulmalı olmasını müəyyən edərkən qeyd edir ki, aliment ödəməli olan ata işləyir, əmək haqqı müntəzəm olmaqla hazırda 3371 manat həcmindədir, alimentin 2 uşağa görə cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulması mümkündür, uşaqların, eləcə də valideynlərin mənafeyinə zidd deyil, ona görə iddiaçının iddiası həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı maddi cəhətdən köməklik göstərməmişdir. Halbuki, tərəflərin ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının həmin hüququ təmin edilməklə onların birgə nikahından doğulmuş 10 aprel 2019-cu il tarixli X3 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının və uşağın mənafeyini, habelə iddiaçının onun yanında qalan uşaqlara baxması ilə əlaqədar hal-hazırda işləmədiyini, cavabdehin isə işlədiyi halda arvadına maddi cəhətdən köməklik etmədiyini nəzərə alır və belə qənaətə gəlir ki, sözügedən aliment 200 manat məbləğində müəyyən edilməklə, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 07 iyun 2021-ci il tarixdə daxil olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq, 13 fevral 2016-cı il təvəllüdlü X6 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməli, həmçinin 10 aprel 2019-cu il təvəllüdlü X3 3 yaşına qədər hər ay 200 (iki yüz) manat məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, hazırkı qətnamə alimentin alınması ilə bağlı olduğundan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq, 13 fevral 2016-cı il təvəllüdlü X6 və 10 aprel 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq, 10 aprel 2019-cu il təvəllüdlü X3 3 yaşına qədər hər ay 200 (iki yüz) manat məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar