Məhkəmə qərarları › İş №2(007)-281/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-281/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-281/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı olan “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 25 noyabr 2023-cü il tarixdən başlayaraq, 25 noyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və 25 noyabr 2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat Şöbəsində 01 iyul 2023-cü il tarixdə hər ikisinin qarşılıqlı razılığına əsasən nikah pozulmuş və bu barədə onlara nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Nikah pozulan zaman o, hamilə olsa da, nikahın pozulması barədə ərizə ilə o, müraciət etdiyindən, qeydiyyat şöbəsi hamilə olmağına əhəmiyyət vermədən, nikahın pozulmasına qərar vermişdir. Aralarında nikah pozulduqdan bir neçə ay sonra, 25 noyabr 2023-cü il tarixdə birgə nikahlarından X2 adlı bir uşağı anadan olmuşdur. Uşaq doğulan zaman və ondan sonra cavabdeh tərəfindən uşağın saxlanması üçün heç bir maddi yardım etməmiş, uşağı görməyə təşəbbüs belə göstərməmişdir. O, isə himayəsində körpə uşaq olduğundan, heç yerdə işləyə bilmirəm və təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh uşaq doğulduğu vaxtdan uşağın nə doğulmasında xəstəxana xərclərinin ödənilməsində, nə də hal-hazırkı vaxtadək heç bir məbləğdə maddi yardım etməmiş, uşağın heç bir tələbatını ödəməmişdir. Bu səbəbdən, alimentin məbləği uşaq doğulduğu gündən hesablanmalıdır.

İş materialları :

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 49 saylı evdə qonşuların aktına əsasən qeydiyyatsız yaşayır.

5. “Mediasiya Şurası” Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/6-0143 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Qanuni nümayəndə Fərmanovana ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə Fərmanovana tərəfindən 50 manat mediasiya, 10 manat kargüzarlıq xərci ödənilmişdir .

6. AZ-İV seriyalı, 964798 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə doğulmuş və bu 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 583 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-İ seriyalı, 448149 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanılmış nikah tərəflərin razılığı ilə 5 saylı Bakl “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 150 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2880/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşə “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-694/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın inkar edilməsi barədə iddia tələbi rədd edilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə Fərmanovana iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh bu müddət ərzində övladı ilə bir dəfə də, olsun maraqlanmamışdır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İddiaçı ilə Cavabdeh 2022-ci il tarixdə nikaha daxil olmuş və 01 iyul 2023-cü il tarixdə tərəflərin nikahına 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xitam verilmişdir.

14. Nikah pozulduqdan sonra, xx.xx.2023-cü il tarixdə X2 anadan olmuşdur.

15. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2023-cü il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tutulması tələbini irəli sürmüşdür.

16. Hazırki mülki iş üzrə məhkəmə icraatı zamanı cavabdeh tərəfindən atalıq Abşeron Rayon Məhkəməsində mübahisələndirilmiş və Məhkəmənin 2(007)-3044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvafiq iddia ərizəsi icraata götürülmüşdür.

17. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-3044/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə hazırki mülki işə baxılması Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-6014/2024 saylı işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

18. Abşeron Rayon Məhkəməsinin 2(012)-694/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilməmiş və Qətnamə xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini almışdır.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Konstitusiyasının:

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. Uşaq Hüquqları haqqında Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

26. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu :

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

29. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

30. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

31. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

32. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh hər ay 235 manat məbləğində sabit pul məbləğində aliment tutulması tələbini irəli sürmüşdür.

33. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında nin də mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

34. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

35. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

36. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

37. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, təyin edilən sabit pul məbləğində alimentin miqdarı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

38. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğu nəzərə alınaraq xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.

39. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir

40. İddiaçı alimentin xx.xx.2023-cü il tarixdən, yəni X1 doğulduğu vaxtdan hesablanmasını xahiş etmişdir.

41. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

42. Belə ki, Ailə Məcəlləsinin 100.3.-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun. Lakin iddiaçı tərəfindən hazırkı mülki iş üzrə qeyd edilən hala dair məhkəməyə sübut təqdim edilməmişdir.

43. İddiaçı Cavabdeh həmçinin uşaq 3 yaşına çatanadək onun üçün 150 manat aliment tutulması tələbini irəli sürmüşdür.

44. Ailə qanunvericiliyinə əsasən nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir (85.1.1m).

45. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olmasına dair məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi hazırki hissədə təmin edilə bilməz.

Nəticə :

46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin qismən edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia qismən tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar