Məhkəmə qərarları › İş №2(007)-282/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-282/2024

02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-282/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şavəddin oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şavəddin oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, «Toyota Prius» markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün Cavabdeh Şavəddin oğluna vermişdir. Cavabdeh həmin avtomaşını hər ay arenda pulu ödəmək şərti ilə ondan götürmüşdür. Cavabdeh Şavəddin oğlu təzə avtomaşını bərbad günə salmışdır. Sonra isə telefonunu söndürərək zənglərinə cavab verməmişdir. Bununla bağlı o, Nizami rayonu 25-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir və avtomaşın axtarışa verilmişdir. Həmin avtomaşın Bakı şəhəri Suraxanı Rayonu 33-cü Polis Bölmənin ərazisindən tapılmışdır. Hətta avtomaşınla qəza törətmişdir. X1 idarə etdiyi «Mercedes» markalı ** TP *** dövlət nömrə nişanlı avtomaşınını arxa tərəfdən vurmuşdur. Həmin avtomaşını o, evakuator üstündə servizə aparmışdır. Həmin şəxs qazi olduğu üçün şikayət vermişdir, o da məcbur olaraq ona 500 manat pul ödəmişdir. Avtomaşının təmirinə o, 8000 manat pul xərcləmişdir, lakin qəbzlərin hamısını əldə edə bilmədiyi üçün avtomaşının hissələrinə 2300 manat və maşının təmirinə 2100 manat qəbzlər əldə edə bilmişdir. Hətta Cavabdeh Şavəddin oğlu yol hərəkətləri qaydasını pozduğu üçün onun adına protokol üzrə borcları yani 200 manat ödəməyi də məcbur olmuşdur. Cavabdeh Şavəddin oğlu arenda pulunu da 1500 manatı ödəməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh Şavəddin oğlundan 6600 (altı min altı yüz) manat məbləğində pulun və 67 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq bildirmişdir ki, o, etibaramə ilə cavabdehə maşını gündəlik 30 manata taksi üçün vermişdir. Bundan sonra cavabdehin ona borcu yaranmış və o gündən telefonlarına cavab verməmişdir. Belə olduğu halda o, etibarnaməni ləğv etmiş və 25-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Daha sonra 2 qazi maşında gedərkən onların maşınını vurmuş və onlara da ziyan yetirmişdir. O, onların da xərcini ödəmişdir. Bununla bağlı 33-cü Polis Bölməsində araşdırma aparılmış və maşın tək-tənha bir yerdə tapılmışdır. Cavabdeh bu günə kimi onun zənglərinə cavab vermir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Şavəddin oğluna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏN-\/İ seriyalı, 164786 saylı etibarnamənin surətindən görünür ki, ** UV *** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı minik avtomobili İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək idarə etmək üçün Cavabdeh Şavəddin oğluna verilmişdir; - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə yazmış olduğu ərizənin icrası ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Avtodoktor Texniki Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” minik markalı, ** UV *** qeydiyyat nişanlı avtomobilin təmir işlərinə cəmi 2100 manat sərf edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Toyota Prius” minik markalı, ** UV *** qeydiyyat nişanlı avtomobilin 2300 manat dəyərində ehtiyat hissələri İddiaçı təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, 500 manat məbləğində maddi ziyan İddiaçı ərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Şavəddin oğlu tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh Şavəddin oğlu istifadəsində olan ** UV *** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini hər ay arenda ödəmək şərti ilə ondan götürmüşdür. Lakin, etibarnamə ləğv edilmiş, iddiaçıdan qeyd olunan nəqliyyat vasitəsi alınmışdır. Belə ki, cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilmişdir, ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şavəddin oğlundan 6600 manat məbləğində pul vəsaiti və ödənilmiş 67 manat dövlət rüsumu alınıb, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şavəddin oğlundan 6.600 (altı min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar